PDF Oxu

Sosial

  • 9

“Müstəqilliyimiz əbədidir, dönməzdir”

“Müstəqilliyimiz əbədidir, dönməzdir”

Dünən Səbail rayonu Badamdar qəsəbəsindəki Mədəniyyət evində dövlət müstəqilliyimizin 20 illiyi ilə bağlı "Müstəqilliyimiz əbədidir, dönməzdir" mövzusunda növbəti dəyirmi masa keçirilib. Dəyirmi masada Səbail rayon mədəniyyət işçiləri, rayon veteran təşkilatları şurasının, Qızıl Aypara Cəmiyyəti Səbail rayon bölməsinin, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, qəsəbədəki orta məktəblərin və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən Badamdar qəsəbə Mədəniyyət evinin direktoru Fəridə Babayeva müstəqilliyimizin 20 illiyi ilə bağlı ölkə başçısı İlham Əliyevin Sərəncamına əsasən respublikamızın hər yerində geniş şəkildə qeyd olunan yubileyin tarixi əhəmiyyətidən danışıb: "1991-ci ildə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan ilk illərdə kompleks problemlərlə üzləşmiş, parçalanmaq, dağılmaq, işğal təhlükəsi yaranmışdı. Bu mürəkkəb vaxtda Azərbaycana ölkəni dərin böhrandan çıxaracaq, dağıdıcı qüvvələri və meyilləri neytrallaşdıracaq, xaos və anarxiyaya son qoyacaq və müstəqilliyimizi əbədi edəcək lider tələb olunurdu. Bu missiyanın öhdəsindən isə Ümummilli Liderimiz Heydər Əliyev öz zəngin dövlətçilik təcrübəsi ilə gələ bildi. Xalqın istək və tələbi ilə 1993-cü ilin iyununda Heydər Əliyev Bakıya gəldi və həyata keçirdiyi təxirəsalınmaz tədbirlərlə qısa zaman kəsiyində vətəndaş müharibəsi təhlükəsinin, hakimiyyət böhranı və boşluğunun, anarxiyanın qarşısını aldı. Bu gün Azərbaycanın regionda aparıcı dövlətə çevrilməsi, onun inkişafı Prezidentimiz İlham Əliyevin düzgün siyasətinin nəticəsidir".

Dəyirmi masada Səbail rayon veteran təşkilatları şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev müsətəqillik illəri ərzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin səyləri və böyük əməyi nəticəsində iqtisadi sahədə əldə olunan uğurlardan, Ulu Öndərin rəhbərliyi ilə "Əsrin müqaviləsi"nin hazırlanması və imzalanması nəticəsində ölkədə iqtisadi inkişafa böyük təkan verilməsindən, bu gün bu ideyaların layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söz açıb, Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrindən danışıb.

Tədbirdə çıxış edən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Zəhra Allahverdiyeva, Laçın rayon 11 saylı məktəbin müəllimi Murad Əliyev, Qızıl Aypara Cəmiyyəti Səbail rayon bölməsinin sədri Adilə Yaqubova, Səbail rayon icra hakimiyyətinin məsul işçisi Rasim İbrahimov və başqaları müstəqillik illərində xalq təsərrüfatının müxtəlif sahələrində qazanılan uğurlardan, bu gün ölkədə aparılan geniş abadlıq-quruculuq işlərindən, elm, təhsil və mədəniyyət sahəsindəki uğurlardan, dövlətimizin möhkəmlənməsi və inkişafından danışıblar.

Sonda qonaqlar mədəniyət evində dövlət müstəqilliyinin 20 illiyinə həsr olunan sərgi ilə tanış olublar.


R.Kamalqızı

Digər xəbərlər