Diasporla İş üzrə Dövlət Komitəsindən qəzetimizə verilən məlumata görə, Belçikanın Ham şəhərində növbəti şəhər bayramı keçirilib. Bayramda ölkəmizi Belçikada fəaliyyət göstərən Azərbaycan-Belçika Dostluq Cəmiyyəti təmsil edib. Cəmiyyətin sədri Ayhan Dəmirçi və qurumun əməkdaşları tərəfindən bayramın keçirildiyi meydanda Azərbaycanla bağlı iki çadır qurulub. Üzərində Azərbaycan bayrağının dalğalandığı çadırların birində ölkəmizin sosial-iqtisadi inkişafına və mədəniyyətinə, tarixinə, turizm potensialına aid təbliğat materialları sərgilənmiş, film nümayiş etdirilmişdir. Cəmiyyət tərəfindən flamand dilində hazırlanmış və Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20 illiyinə həsr edilmiş "Azərbaycan" adlı broşür bayramın iştirakçılarına paylanılıb. Digər çadırda isə dərnəyin fəalları tərəfindən hazırlanmış Azərbaycan milli mətbəxinin nümunələri nümayiş etdirilmiş və ziyarətçilərə müxtəlif növ dadlı yeməklər təqdim olunub. Sərgi iştirakçıları Azərbaycan çadırına xüsusi diqqət göstərmiş, şəhər bələdiyyə idarəsinin rəhbərliyi və regional deputatlar uğurlu fəaliyyətlərinə görə cəmiyyət üzvlərini təbrik ediblər. Cəmiyyətin sədri A.Dəmirçi isə, öz növbəsində, Azərbaycanın Belçikadakı səfirliyinə sərginin təşkilinə verdiyi dəstəyə görə təşəkkür edib.
ZÜMRÜD