PDF Oxu

Sosial

  • 11

WikiLeaks-in sənədləri ABŞ-ın iç üzünü ortaya qoydu

WikiLeaks-in sənədləri ABŞ-ın iç üzünü ortaya qoydu

WikiLeaks-in Ermənistanla bağlı açıqladığı materiallarda olduqca maraqlı məsələlər əksini tapıb. 2008-ci ildə Ermənistanda keçirilmiş prezident seçkilərində total saxtakarlıq, Türkiyə-Ermənistan sərhədlərinin açılması, Ermənistanın mafioz dairələr tərəfindən idarə edilməsi, Gürcüstanla-Azərbaycan arasında çəkişmələr ABŞ-ın Ermənistandakı səfirləri tərəfindən Dövlət Departamentinə göndərilən məxfi məktublarda tam açıqlığı ilə göstərilib.


Sülh razılaşmasına amerikan əngəli


Məktublardan görünür ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və diplomatik əlaqələrin qurulmasının əsas müəllifi və ilhamvericisi məhz B.Obama administrasiyası olub. Sənədlər təsdiq edir ki, bu məsələ başlamamışdan və Sürix protokolları imzalanmamışdan öncə Ermənistan hakimiyyəti 5 rayonun qaytarılmasına və digər məsələlərlə bağlı danışıqların davam etdirilməsinə razı olub.

Lakin ABŞ-ın ciddi təzyiqlərindən sonra Ankara ilə Yerevan arasında "futbol diplomatiyasına" start verilib və nəticədə Ermənistan əvvəlki mövqeyindən çəkilərək, bütün danışıqlar prosesini pozub.

Faktlar təsdiq edir ki, Türkiyə ilə Ermənistan sərhədlərinin açılmasının Ermənistanın daha da sərtləşəcəyinə və danışıqlar prosesində əldə olunmuş irəliləyişin iflasa uğrayacağına dair həmin vaxt Azərbaycan Prezidentinin dedikləri tam reallığı əks etdirib.

O zaman İlham Əliyev ictimaiyyət qarşısında çıxışında qeyd etmişdi ki, müəyyən məsələlərdə razılığa gəlinib və ilk mərhələdə 5 rayon qaytarılacaq. Ermənistan rəsmiləri və mediası da belə qeyd edirdi.

Lakin münaqişənin həlli, deyəsən, Ağ Evdəki "qarabalalar"a sərf eləmir. Hər dəfə razılaşmaya az qalanda bu "qarabalalar" tullanırlar ortalığa və gündəmi dəyişirlər. Gah futbol oyunu, gah protokol oyunu, nəticədə razılaşma baş tutmur.

Məhz ABŞ administrasiyasının riyakar və pozucu mövqeyi nəticəsində Azərbaycanın milli maraqlarının təmin olunmasını nəzərdə tutan danışıqlar prosesi pozulur.

Ümumiyyətlə, Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın mövqeyi həmişə maraq doğurur. Vaşinqton sözdə Azərbaycanın ərazi bütövlünü dəstəklədiyini bildirir, amma arxa planda başqa oyunlar oynayır. Qafqazda Rusiyanın mövqelərini ələ keçirmək üçün Ermənistanı öz tərəfində çəkməyə çalışan Ağ Ev irəli sürdüyü və guya müdafiə etdiyi bütün dəyərlərin saxta olduğunu ortaya qoyur.


Razılaşmanın baş

tutmasına Ankaranın əli ilə müdaxilə


"Rusiyanın dövlət arxivlərindəki 120 sənəddə erməni məsələsi" kitabının müəllifi, türkiyəli alim Mehmet Perinçek bir qədər öncə APA-nın Moskva müxbirinə verdiyi müsahibəsində maraqlı məqamlara toxunmuşdu.

Tarixçi alim problemin həlli məsələsinə də münasibət bildirib və deyib ki, münaqişənin sülh yoluyla həlli çox çətindir: "Çünki burada çox müxtəlif faktor var. Bunlar Rusiya və Qərb, Azərbaycan və Ermənistan faktorlarıdır. Ona görə də, problemin yaxın zamanlarda sülh yolu həll edilməsi mümkün olmayacaq".

Onun sözlərinə görə, Moskva hazırda Azərbaycan tərəfə yönəlib: "Çünki Ermənistan və ABŞ arasında danışıqlar olub. Həmin danışıqlarda Ermənistan öz ərazisində yerləşən Rusiya hərbi bazalarını ölkədən çıxaracağı təqdirdə, ABŞ-ın Qarabağın müstəqilliyini tanıya biləcəyi əksini tapıb. Rusiya bu danışıqlardan xəbərdar olub, ona görə də mövqeyini Azərbaycan tərəfə yönəldib".

Alim Ermənistanla Türkiyə arasında protokolların imzalanmasının yüz faiz yanlış addım adlandırıb. Qeyd etmək lazımdır ki, məhz bu protokol oyunu razılaşmanın əldə olunmasına az qalmış ortaya atıldı və proses başqa məcrəya yönəldildi...

Azərbaycan xalqı ABŞ-ın Qarabağ problemindəki mövqeyini yaxşı bilir və bu dövlətin ikiüzlülüyünü dəfələrlə görüb. Hələ 90-cı illərdə Amerika ermənilərin işğal etdiyi Azərbaycan ərazilərində möhkəmlənmələrinə çalışırdı. Ağ Evin müxtəlif humanitar proqramlar adı ilə separatçılara yardımlar etdiyi haqda kifayət qədər çoxlu rəsmi faktlar var.

ABŞ-ın ölkəmizdəki səfirləri Dağlıq Qarabağda ABŞ şirkətlərinin işləməsini "demokratiyaya yardım" adlandırır. Bunlara rəğmən ABŞ Konqresi Dağlıq Qarabağdakı separatçı rejimə milyonlarla dollar yardım ayırmaqda davam edir. Bu, ABŞ-ın erməni işğalına haqq qazandırması və onun nəticələrini Azərbaycana qəbul etdirməsi anlamına gəlir.

Məsələyə ABŞ-Azərbaycan münasibətləri prizmasından baxanda ciddi qüsurlar gözə dəyir. Amerika öz strateji tərəfdaşının ayağının altını qazır. Son vaxtlar Vaşinqtondan verilən tapşırıqla ölkədə dini və siyasi qarşıdurmalar yaradılması üçün göstərilən cəhdlər isə Ağ Evin gerçək simasını ortaya qoyur. Bunları nəzərə alaraq Bakı Vaşinqtonla münasibələrinə yenidən baxmalıdır.


Neytrallığını qoruya

bilməyən vasitəçi


ABŞ Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi prosesində vasitəçi qismində çıxış edən ATƏT-in Minsk Qurupunun üzvü kimi neytrallığını daha saxlamır. Vaşinqtonun məsələlərə ikili standartlardan yanaşmasını dəfələrlə sezmişik. Amma Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların həlledici dönəmə girdiyi vaxtda Vaşinqtonun supergücə layiq olmayan hərəkətlər etməsi Azərbaycan ictimaiyyətində ABŞ-ın neytrallığı və obyektivliyilə bağlı şübhələr yaradır.

Azərbaycanın istərsə regional layihələrin reallaşmasındakı rolu, istərsə də bölgədəki geosiyasi əhəmiyyətini qeyd edən Vaşinqton, bununla belə, heç zaman Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində birmənalı şəkildə Azərbaycanın mövqeyindən çıxış etməyib. Təkcə məşhur "907-ci düzəliş"i xatırlamaq kifayətdir. Azərbaycana qarşı olan "907-ci düzəliş"i hələ də ləğv etməməyi neytrallıq adlandırmaq çətindir.

Ümumiyyətlə, bu məsələyə neytral yanaşmanın özünü də ədalətli saymaq olmaz- torpaqlarının 20 faizinin işğal olunduğu Azərbaycanla bu torpaqları işğal etmiş Ermənistana bərabər yanaşmaq nə hüquqi, nə də mənəvi baxımdan yolveriləndir...

Nəinki bərabər yanaşmamaq, ABŞ qondarma "erməni lobbisi" adı ilə Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış erməni terrorçu rejiminə maddi və mənəvi yardımlarla daha çox məşğul olub. Əgər bu ölkə insan hüquqlarına hörmət edirsə, hüququ kobud pozulan milyondan artıq azərbaycanlını niyə müdafiə etmir?

Özünü dünyada demokratik dəyərlərin jandarmı kimi təqdim edən ABŞ son vaxtlar açıq-aşkar şəkildə qərəzli və qeyri-obyektiv siyasət yeridir. İndiyədək, bu yanaşmada, heç olmasa, formal neytrallıq və bitərəflik nümayiş etdirilirdi. Lakin ABŞ bu neytrallığı özünün ATƏT-in Minsk Qurupunun həmsədri olması ilə, vasitəçilik edən tərəfin istənilən halda, bitərəf mövqedə dayanmasının zəruriliyi ilə izah edirdi. Bu gün isə bu neytrallıq və bitərəflik, birmənalı olaraq, ermənilərin lehinə pozulur.


ABŞ-dan ədalət

gözləmək mümkün

və lazım deyil


Baş verənlər ABŞ-da hakimiyyətdə olan demokrat administrasiyasının Ermənistanın regiondakı maraqlarının müdafiəçisi qismində çıxış etdiyini, prinsipial məsələlərdə, hətta Amerikanın milli maraqlarını belə deyil, erməni lobbisinin və rəsmi Yerevanın maraqlarını əsas tutduğunu söyləməyə əsas verir.

Çünki bu gün B.Obama administrasiyası erməni lobbisi qarşısında öhdəliklərini yerinə yetirmək naminə, strateji tərəfdaş adlandırdığı Azərbaycanla münasibətləri korlamağa belə razıdır. Belə bir durumda Azərbaycanın ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində neytral və obyektiv vasitəçi olduğuna şübhə ilə yanaşmağa tam haqqı çatır.

Əgər ABŞ İraqda, Əfqanistanda, Bosniyada, Serbiyada və digər ərazilərdə terrora qarşı əməliyyatlar keçirirsə, niyə imkan vermir ki, Azərbaycan da öz ərazilərini terrorçulardan təmizləsin? Nə üçün özü yerli aborigenləri məhv edərək, onların ABŞ-da yaşamaq hüququnu əlindən alan Vaşinqton başqa ölkələrdə azsaylı etniklərin müstəqil dövlət yaratmasına çalışır? Özü də o etniklərin ki, onların hazırda müstəqil dövləti var və öz müqəddəratını təyin etmək hüququndan Azərbaycan torpaqları hesabına yararlanıblar.

Konkret olaraq, ABŞ-a bu münaqişənin həlli sərf eləmir. Vaşinqton münaqişənin həllinə mane olmaqla iki ölkəyə təzyiq imkanlarını saxlamağa çalışır. Ermənistanı Rusiyanın nüfuz dairəsindən aralamağa, Azərbaycana isə müxtəlif məsələlərdə (məs. İran problemi) təzyiq rıçaqlarını saxlamağa çalışır.

Belə siyasətlə ABŞ dünyada sülhün təminatçısı adına iddia edə bilməz. O zaman hansı haqla özünün daha demokratik dövlət olduğunu və dünyada sülhün təmin edilməsində əsas rolu oynadığına inandırmaq istəyir? Buna inanmaq üçün isə ortaya real nümunə qoyulmalıdır. Təəssüf ki, belə nümunə hələ ki və ya hələ də yoxdur.


Elçin Bayramlı

Digər xəbərlər