PDF Oxu

Sosial

  • 4

Azərbaycanda rəqəmsal yayıma keçid

Azərbaycanda rəqəmsal yayıma keçid

Dünən "Avropa" otelində İnternational Media Support, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası, İREX və Media Hüququ İnstitutunun təşkilatçılığı ilə "Teleradio yayım standartları" beynəlxalq konfransı işə başladı.

Tədbirdə MTRŞ-nin sədri Nuşirəvan Məhərrəmli "Azərbaycanda rəqəmsal yayıma keçid" mövzusunda çıxış edərək, Azərbaycanda rəqəmsal yayıma keçidlə bağlı inqilabi dəyişiklik gözlənildiyini diqqətə çatdırdı. O, qeyd etdi ki, bu ilin noyabr ayında Azərbaycan 85-90 faiz rəqəmsal yayıma keçidini həyata keçirə biləcəyik. Bunun üçün respublikada yayımçılar da hazırlıq vəziyyətinə gətirilib. Həm texniki, həm də keyfiyyət baxımından ciddi dəyişikliklər əldə olunub. N.Məhərrəmli Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin də artıq bu məsələ ilə məşğul olduğunu diqqətə çatdırdı: "2012-ci ildə analoji yayım tam ləğv olunacaq. Bu zaman Avropa, ABŞ və Yaponiya modelindən istifadə ediləcək. Lisenziya sahəsində Avropa təcrübəsinə istinad edilib və öyrənilib. Qanunvericilikdə isə hansı dəyişikliklərin olacağı hələ dəqiqləşdirilməyib."

Nuşirəvan Məhərrəmli mövcud olan problemin əsas hissəsinin əhali ilə bağlı olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırdı. Belə ki, rəqəmsal keçid üçün əhalinin dekoderlərə ehtiyacı var. Bu dekoderlər "Kür" zavodunda hazırlanır. Lakin 30-40 manata satılan dekoderlərin qiyməti yüksək olaraq qalır. Bu məqsədlə, problemlərin həlli üçün tədbirlər həyata keçiriləcək.

N.Məhərrəmli internet televiziyası ilə bağlı məsələyə də münasibətini bildirdi. O, qeyd etdi ki, müasir dövrümüzdə bu təkcə Azərbaycanda deyil, dünyada belə müzakirə edilən mövzusudur. Avropa Şurasına üzv dövlətlərin nazirləri bu məsələ ilə bağlı bir araya gəlsələr də, yekdil qərar qəbul edə bilməyiblər. İnternet televiziyasının televiziya yayım üsullarından və fəaliyyət növlərindən biri olduğunu diqqətə çəkən N.Məhərrəmli bu fəaliyyət sahəsinin dövlət tərəfindən tənzimlənməli olduğunu vurğulayıb. Azərbaycan Avropa ölkələrinin təcrübəsindən yararlanmaq niyyətindədir: "Əgər Avropa Şurasına üzv ölkələr bununla bağlı hər hansı qərar qəbul edərsə, Azərbaycan da bunu təkrarlayacaq".

N.Məhərrəmli Azərbaycan telekanallarının dili ilə bağlı ciddi dönüşlərin yaranmasını da qeyd etdi. Amma hələ də telekanallarda qarışıq cümlələrdən istifadə hallarına təsadüf olunur. Əgər mütəxəssislər telekanalların dili ilə bağlı ciddi iradlar ortaya qoyarlarsa, onda biz həmin kanallarla bağlı tədbir görməyə hazırıq"- deyən N.Məhərrəmli telekanallarda dil probleminin tamamilə aradan qaldırılmasının vacibliyini söylədi. Onun sözlərinə görə, bu problemi həll etməkdə əsas dəstəyi ziyalılar verməlidirlər, amma çox təəssüf ki, ziyalılar da bu işdə öndə getmirlər. Mütəxəssislər telekanalların dili ilə bağlı ciddi iradlar ortaya qoyarlarsa, onda şura həmin kanallarla bağlı tədbir görməyə hazırdır.

Telekanallarda yayımlanan xarici seriallara gəlincə isə, o, bildirdi ki, Azərbaycan telekanallarında xarici serialların yayımının dayandırılması barədə qərar verilsə, o zaman ciddi problem yaranar. Çünki özümüzün yetərli məhsulumuz yoxdur. Belə ki, keyfiyyətli serialların, verilişlərin çəkilməsi üçün dönüş yaratmaq lazımdır. Kanalların əksəriyyəti tərəfindən serillar çəkilir. Amma seriallar, bədii televiziya filmləri ilə bağlı problemlər var.

Azərbaycan Prezidenti İlham Əliyevin serialların, bədii televiziya filmlərinin çəkilməsi üçün 5 milyon manat ayrılması barədə imzaladığı Sərəncam bu sahədə dönüş yaradacaq.

Konfransda Ələsgər Məmmədli "Teleradio yayım standartları", Gürcüstan təmsilçisi Laşa Tuquşa "Teleradio Yayımının tənzimlənməsi" və başqaları bu səpkidə məruzələrlə çıxış etdilər. Azərbaycan, Rumıniya, Macarıstan və Gürcüstandan olan media ekspertləri, aparıcı media qurumlarının rəhbərləri medianın rəqəmsal yayıma keçidi, yayım standartları barədə təcrübə mübadiləsi apardılar.


ZÜMRÜD

Digər xəbərlər