PDF Oxu

Sosial

  • 10

Ermənistana sanksiya tətbiq olunmalıdır

Ermənistana sanksiya tətbiq olunmalıdır

BMT və digər beynəlxalq qurumlar öz sənədlərində bir çox ölkələrlə bağlı qərarlar, qətnamələr qəbul edib. Bunlardan biri də erməni separatçılarının zəbt etdikləri Azərbaycan ərazilərini boşaltmalarına dair BMT-nin qəbul etdiyi 4 qətnamədir.

Amma söhbət Azərbaycandan gedəndə hələ də beynəlxalq qurumlar, xüsusilə də, BMT həmin qətnamələrin icrayə yönəldilməsinə nədənsə, çətinlik çəkir. Bu isə, onu deməyə əsas verir ki, dünyanı hüquq, qanun deyil, supergüc dövlətlərin şəxsi maraqları idarə edir. ABŞ, Rusiya və bəzi hallarda da Fransanın marağına xidmət edən beynəlxalq qurumlar çıxaracağı bütün qərarlarını həmin dövlətlərin arzu və istəyi əsasında tətbiq edir. Liviya, Əfqanıstan, İraq dövlətlərinə beynəlxalq qurumların qəbul etdiyi qətnamələrin 2-3 saat ərzində dərhal icrasına başlanıldı. Ancaq 20 ildir, ermənilərə qarşı BMT-nin qəbul etdiyi qərarların icraya yönəldilməsində ciddi problemlər yaranır. Azərbaycan isə, nüfuzlu qurumların belə bir haqsız, ədalətsiz mövqe sərgiləməsindən əziyyət çəkir:"Artıq bir neçə gündür ki, nəzərlərimiz BMT Baş Məclisinin Nyu-Yorkda keçirilən 66-cı sessiyasına yönəlib. Burada hər bir dövlətin öz marağı və müxtəlif problemləri var. Təbii ki, Azərbaycan da BMT-yə üzv olan hər bir ölkə kimi müzakirələrdə, onu narahat edən məsələ ilə bağlı münasibət və ədalətli mövqe gözləyirdi". Məlahət İbrahimqızının sözlərinə görə, BMT son illər o qədər nüfuzdan və hörmətdən düşüb ki, adıçəkilən quruma formal bir təşkilat kimi baxılır. Çünki BMT bəzən məsələlərə ədalətli deyil, ədalətsiz mövqe nümayiş etdirir. İşğalçı ilə işğala məruz qalan ölkəni eyni səviyyədə tutur. Çox təəssüf ki, BMT-nin qəbul etdiyi yüzlərlə sənəd var ki, onların icrasına əməl olunmur.

Təkcə Fələstinlə və Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi ilə bağlı BMT-nin qəbul etdiyi sənədlərin sayının kifayət qədər çox olduğunu bildirən millət vəkili bu günə qədər həmin qətnamələrin yalnız kağız üzərində BMT-nin arxivində qaldığını qeyd edib: "Bu gün İsrail-Fələstin münasibətləri hələ də normal deyil, hələ də İsrail Fələstin torpaqlarını işğal etməkdə davam edir. Və nəinki işğal etməkdə davam edir, hətta qanunsuz olaraq, orada öz vətəndaşlarını da yerləşdirməklə məşğuldur. Bütün bunlara BMT göz yumur. Sanki elə belə də olmalıdır".

Millət vəkilinin sözlərinə görə, BMT-yə üzv olan dünyanın supergüc ölkələrinin marağında olan məsələlər 2-3 saat içərisində həll olunub. Buna misal kimi, Suriya və Liviya dövlətini göstərmək olar. Çox təəssüf ki, BMT bir qrup güclərin marağına uyğun olmayan məsələlər olanda bu təşkilat ikili standartlı qərarlar qəbul edir. Daha çox ABŞ-ın maraqlarına xidmət edən bugünkü nüfuzlu təşkilat adlandırdığımız BMT-nin Təhlükəsizlik Şurası qəbul etdiyi qərarların icrasını yerinə yetirmir. Bununla bağlı BMT-nin məsul şəxslərinə sual verəndə, "icra mexanizmini tapa bilmirik" deyə cavablandırırlar.

Millət vəkili qeyd edib ki, Dağlıq Qarabağın erməni separatçıları tərəfindən azad olunmasına dair BMT Təhlükəsizlik Şurası 4 məlum qətnamə qəbul edib. 20 ildir həmin qətnamələrin icrası tətbiq olunmayıb. Axı nəyə görə öz maraqlarına uyğun məsələlərdə işlək mexanizm tapırlar, maraqları xaricində olan məsələlərdə isə yox.

Millət vəkili təəssüflə Dağlıq Qarabağa yanaşmada ikili standartların mövcudluğunu vurğulayıb: "Təbii ki, bunlar da BMT-nin nüfuzuna çox ciddi xələl gətirir. Bir daha aydın şəkildə nəzərə çarpdırılır ki, BMT-nin qəbul etdiyi sənədlərdə quruma üzv olan dövlətlərin hüququnun deyil, gücünün üstünlüyü öz əksini tapır. Kim güclüdürsə, onun marağında olan məsələlər həllini tapır".

Türkiyənin baş naziri R. T. Ərdoğanın BMT-dəki çıxışına toxunan millət vəkili cənab baş nazirin fikirlərini çox təqdirəlayiq hal hesab etdi: "Ərdoğan, həmişə olduğu kimi, bu dəfə də BMT-də çıxışı zamanı dünyada olan ikili standartları, haqsızlığı, ədalətsizliyi qəti şəkildə pislədi. Dünyada bu gün də haqsızlığın, ədalətsizliyin olduğunu vurğuladı. BMT-nin də buna çox soyuq, laqeyd yanaşdığına görə, hörmətli baş nazir çox sərt şəkildə BMT-ni suçladı və eləcə də, beynəlxalq ictimaiyyəti bu məsələlərə diqqət çəkməyə səslədi".

M. İbrahimqızı əlavə edib ki, əslində, qanun, hüquq hər şeydən üstün və alidir. Dünyada şəxsi maraqlar rol oynamamalıdır. İşğalçı cəzalandırılmalı, işğala məruz qalanın isə, haqlı mövqeyi müdafiə olunmalıdır. Beynəlxalq təşkilatların bir sıra məsələlərdə qulağı kar, gözləri kor olur, sanki beyinləri heç nə dərk etmir.

Millət vəkili bildirib ki, hər zaman hücum mövqeyində olmalıyıq. Ermənistan adına layiq formada ifşa olunmalıdır.


AYLANA

Digər xəbərlər