PDF Oxu

Sosial

  • 9

Yalan və sifariş üzərində yayımlanan BBC telekampaniyası

Yalan və sifariş üzərində yayımlanan BBC telekampaniyası

Son zamanlar bir sıra xarici mətbuat səhifələrində, eləcə də, elektron və yayım KİV-lərində Azərbaycan haqqında böhtan və yalan xarakterli məlumatlar yayılmaqdadır. Ölkə ictimaiyyətinin ciddi qınağı ilə qarşılanan bu tipli informasiyalarda, ilkin olaraq, qərəzçiliyin və qeyri-obyektivliyin yer alması bir daha ondan xəbər verir ki, Azərbaycanın yüksək sürətlə və davamlı xarakter aldığı inkişaf, tərəqqi tendensiyası bu cür mətbuatların həzm edə bilmədiyi amilləri sərgiləyir. Bu cür qərəzli KİV-lərdən biri də BBC televiziyasıdır.

Belə ki, son illər BBC televiziya kanalının Azərbaycan haqqında yaydığı məlumatlarda da qərəz və qeyri-obyektivlik davamlı xarakteri almışdır. Kanalın bilavasitə fəaliyyəti sanki Azərbaycan haqqında mənfi rəy formalaşdırmaq üzərində qurulmuşdur. Televiziya kanalının istər Qarabağ, istərsə də digər mövzular üzərində hazırladığı verlişlərin hər birindəki kəskin yalanlar, bilərəkdən yayılan dezinformasiyalar bütövlükdə bu kanalın əvvəllər toplaya bildiyi müəyyən nüfuzu heçə endirmişdir. Daha dəqiq desək, hətta Azərbaycandan başqa digər xarici dövlətlərdə də BBC-nin reytinqi sıfır həddinə enmişdir. Lakin ortada başqa maraqdoğurucu nüanslar mövcuddur...

Məsələ ondadır ki, adıçəkilən televiziya kanalının yayımladığı "Newsnight" proqramında Azərbaycanın 2012-ci ildə Londonda keçiriləcək olimpiya oyunlarında boks üzrə iki qızıl medal təmin etmək üçün beynəlxalq boks təşkilatı "World Series Boxing"a (WSB) rüşvət verməsi barədə heç bir həqiqətə sığmayan məlumatı yayılmışdır. Təbii ki, sözegedən kanalın bu tipli qərəzi və heç bir dəlil və fakta əsaslanmayan qarayaxması ölkəmizin beynəlxalq imicinə xələl gətirmək məqsədindən başqa heç bir mənanı daşımır. Əgər nəzərə alsaq ki, Azərbaycanda idmanın sürətli inkişafı uzun illərdir ki, vüsət almışdır və xatırlasaq ki, ölkə idmançılarımız bütün medallarını, titullarını öz alın tərləri ilə qazanmışlar. O cümlədən, xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan idmanının dünya miqyasında səs salmasında, ölkə himnimizin səslənməsində, müqəddəs bayrağımızın yüksəlməsində ölkə rəhbərliyinin idmana olan diqqət və qayğısının sırf nəticəsidir.

Yeri gəlmişkən, bu kanal yalnız bir mövzu üzərində ölkəmizə qara yaxmağa cəhd göstərmir. Çünki BBC ölkəmizdə seçkilər və ya digər kütləvi tədbirlər zamanı baş verən hadisələri də olduqca qərəzli şəkildə, birtərəfli, müəyyən anti-Azərbaycan qüvvələrin maraqlarına uyğun şərh edir. Məlum olur ki, BBC, həqiqətən də, müəyyən sifariş əsasında çalışan qeyri-müstəqil yayımlanan mətbuatdır. Təsadüfi deyil ki, BBC-nin efirində, internet saytında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın mövqeyini əks etdirən qərəzli materiallar geniş yer almış və buna dair çoxsaylı faktlar və dəlillər mövcuddur.

Aparılan qarayaxma kampaniyasının

səbəbi nədir?

Yuxarıda qeyd olunanları bir daha nəzərdən keçirsək, BBC-nin Azərbaycana qarşı qərəzli mövqeyində müəyyən səbəblərin mövcud olduğunun şahidinə çevrilərik. Belə ki, bu media şirkəti Azərbaycan qanunvericiliyinə uyğun olaraq, BBC radiosunun Azərbaycan redaksiyasının fəaliyyətini dayandırmasını nədənsə həzm edə bilmir. BBC media şirkətinin ölkəmizin müvafiq strukturlarına etdiyi çoxsaylı müraciətlərinə baxmayaraq, Televiziya və Radio Şurası "Televiziya və radio yayımı haqqında" Qanuna müvafiq olaraq şirkətin yayımını bərpa etmir və buna qarşı ciddi əsaslar da var. Məhz bu müraciətdən sonra BBC- 2 kanalında Azərbaycanla bağlı qərəzli, eləcə də, işğalçı Ermənistanın mövqeyini birtərəfli qaydada əks etdirən sənədli film nümayiş etdirildi. Bununla da BBC televiziyası Azərbaycana qarşı qəsdən davamlı qarayaxma kampaniyasına start verdi.

Həmçinin, BBC-nin heç də iddia edildiyi kimi müstəqil olmadığı, kimlərəsə, haralarasa işləməsi nəzərə alındıqda, bu çirkin mövqenin Azərbaycana qarşı olan müəyyən dairələrin sifarişi əsasında formalaşdığı və nəticə etibarilə yalan və qeyri-obyektiv məlumatların dövriyyəyə buraxıldığı da istisna edilə bilməz.

BBC-nin müstəqil

media qurumu

olmaması daha öncələr də sübut edilmişdi

Xatırlatmaq yerinə düşərdi ki, hələ 2010-cu ilin yaz aylarında, daha dəqiq desək, mart ayında Böyük Britaniyanın xarici işlər naziri D.Milbrənd İraq müharibəsi istiqamətində araşdırma aparan ekspert qrupuna izahat verərkən, BBC kanalının müstəqilliyi böyük sual altında qalmışdı. D.Milbrənd izahatının bir hissəsində özü də bilmədən, avtomatik olaraq, İngiltərənin müxtəlif vaxtlarda potensial gücündən söhbət açarkən, bilavasitə, BBC-ni bu ölkənin təhlükəsizlik orqanları ilə sıx əlaqədə olmasından danışmışdır. O, həm də bu kanalın İngiltərənin apardığı "yumşaq müharibə" siyasətində xüsusi çəkiyə malik olmasını vurğulamışdı. Məhz D. Milibrəndin bu məlum etirafı BBC-nin qeyri-obyektiv kanal olması barədə şübhələri bir qədər də artırdı. Məlum oldu ki, adıçəkilən media qurumu, əslində, sifarişlər əsasında işləyən "rupordur".


Məhz bu nöqteyi

nəzərdən...

BBC televiziya kanalının efirə çıxardığı və "Newsnight" proqramında yayımladığı rüşvətlə bağlı qərəzli məlumatın əsas məqsədi Azərbaycanda kişilər arasında boks üzrə dünya çempionatı ərəfəsində ölkəmizin nüfuzunu ləkələmək olması müəyyən olmuşdur.

Qeyd edək ki, ölkəmizdə düzənlənən bu möhtəşəm yarışmaya 700-dən artıq idmançının qatılması boks tarixində görünməmiş nadir hadisələrdəndir. Bu minvalla, görünür, son illər Azərbaycanın potensial imkanlarının və nüfuzunun artması ilə əlaqədar dünya səviyyəsində tədbirlərin, turnirlərin mərkəzinə çevrilməsi xaricdəki müəyyən anti-Azərbaycan qüvvələri və onlara təlimat verən bəzi siyasi dairələri bərk narahat edir.

Yayılan belə dezinformasiyanın digər səbəbi isə müxtəlif beynəlxalq boks təşkilatları arasında və bu təşkilatların daxilində baş verən çəkişmələrdir. Təbii ki, bu turnir başqa bir ölkədə keçirilsəydi, o zaman, güman ki, rüşvət qalmaqalında məhz həmin dövlətin adı hallanacaqdı.

O da məlumdur ki, son illər Beynəlxalq Həvəskar Boks Federasiyası ilə peşəkar boks təşkilatı arasında ciddi qarşıdurma mövcuddur. Çin Ku Vu AİBA prezidenti vəzifəsinə təyin olunduqdan sonra həvəskar boksçuların reytinqi yüksəlməyə başlayıb və bu idman növündən peşəkar boksa axın qəfildən dayanıb. Həvəskar boksçular hazırda AİBA prezidentinin yaratdığı alternativ liqada iştirak edirlər. Faktiki olaraq, bu tendensiya, peşəkar liqanı əsaslı gəlir mənbəyindən məhrum edib. Artıq peşəkar boksda külli miqdarda pul gəliri əldə edən şəxslərin Çin Ku Vuya qarşı hərtərəfli hücumu heç kimə sirr deyil.

Və əsaslı arqumentlər, dəlillər...

Onu da vurğulayaq ki, Azərbaycanla bağlı yayılan qərəzli, heç bir məntiqə sığmayan məlumatların yalan olduğunu təsdiq edən bir sıra arqumentlər, dəlillər mövcuddur. Onlar aşağıdakılardır:

- Rüşvət kimi verilən pulun məbləği barədə ziddiyyətli açıqlamalar;

- Azərbaycan boksçularının olimpiadaya vəsiqə qazanıb-qazanmayacağının hələ məlum olmaması;

- Olimpiadada rəqiblərin seçiminin xüsusi təşkil olunmasının qarşısını almaq üçün spesifik metodikanın tətbiq edilməsi;

- Boksda qızıl medal almaq üçün çoxsaylı pillələrin mövcudluğu və idnmançının çoxsaylı rəqiblərini xüsusi təşkil etməyinin mümkünsüzlüyü.

Yuxarıda göstərilən bu və bu kimi digər səbəblər, arqumentlər, həmçinin, indiyə kimi rüşvət faktını təsdiq edən hər hansı bir dəlilin ortaya çıxarılmaması bir daha sübut edir ki, qərəzli şəkildə dezinformasiyanı yayanlar Azərbaycanı ləkələyərək, əzmkar idmançılarımızı qarşıdan gələn Londan Olimpiadasında boks üzrə ciddi nailiyyətdən məhrum etmək məqsədi daşıyır. Digər tərəfdən isə beynəlxalq ictimaiyyətin qarşısında AİBA-nın diskreditasiyasına nail olmaq məqsədi BBC-nin aldığı əsas sifarişlərdən biridir. Və ən əsası, kanalın ümdə məqsədi bilavasitə beynəlxalq aləmdə Azərbaycanın nüfuzuna bacardıqca daha çox zərər vurmaqdır ki, həmin media qurumunun bu cəhdi də artıq uğursuzluğa düçar olmuşdur.


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər