PDF Oxu

Sosial

  • 9

Türkiyə-Azərbaycan Dərnəyi fəaliyyətə başlayıb

Türkiyə-Azərbaycan Dərnəyi fəaliyyətə başlayıb

Türkiyənin İstanbul şəhərinin Kadıköy Xalq Təhsil Mərkəzində İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin açılış mərasimi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə, açılış mərasimində Azərbaycandan və Türkiyənin müxtəlif guşələrindən 500-dək şəxs iştirak edib.

Mərasimi giriş sözü ilə açan İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin rəhbəri Səftər Qaraqoyunlu dünyanın müxtəlif ölkələrində yaşayan eyni millətin övladlarını bir arada toplaşmasından qürur duyduğunu bildirib:"Bu dərnəyin yaradılmasında məqsəd Türkiyə və Azərbaycan Türkləri arasında mövcud olan dostluq, qardaşlıq və həmrəylik əlaqələrinin inkişaf etdirilməsidir. Bu fəaliyyətimizlə gələcəyimizə töhfə verə bilsək şad olarıq. Bu mənada, Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin memarı, dünya şöhrətli siyasətçi Heydər Əliyevin "Biz bir millət-iki dövlətik" söylədiyi kimi biz əzəldən bəri iki qardaş millətik və qardaşlığımızın, dostluğumuzun daha da güclənməsi üçün daha çox çalışmalıyıq. O cümlədən, Türkiyə Cümhuriyyətinin qurucusu, Ulu Öndər Qazi Mustafa Kamal Atatürk də "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" demişdir. Azərbaycan və Türkiyənin dostluq və həmrəyliyi davam etməlidir. Biz Azərbaycanın haqlı mübarizəsini dünya ictimaiyyətinə var gücümüzlə anlatmalıyıq. Biz İstanbul, Türkiyə Azərbaycan Dərnəyi olaraq, Azərbaycan və Türkiyənin dünyada səsi olacağıq. Azərbaycan türkləri və Türkiyə türkləri arasında möhkəm körpü funksiyasının yerinə yetirəcəyik. Birliyimiz, diriliyimiz və həmrəyliyimiz üçün əlimizdən gələni əsirgəməyəcəyik. Sizlərin dəstəyi gücümüzə güc qatacaqdır". O, nitqini "Yaşasın Türkiyə-Azərbaycan dostluğu!", "Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı" şüarları ilə başa vurduqdan sonra İstanbul, Türkiyə-Azərbaycan Dərnəyinin açılış rəmzi olan lent kəsilib.

Açılış mərasimində iştirak etmək üçün Ankaradan gəlmiş İsa Yaşar Tezel və Ənvər Türkoğlu yeni yaradılmış dərnəyə uğurlar arzulayaraq Qərb ölkələrinin "Qarabağ məsələsinə" ikili standartlarla yanaşdıqlarını qeyd ediblər. Cəfəri türklərinin dini lideri Səlahəddin Özgündüz öz çıxışında Azərbaycan üçün ölməya hazır olduğunu qeyd edərək, iki məsələdə Azərbaycanı sonsuz dəstəklədiklərini bildirib: "Qarabağın alınması üçün hər cür dəstək verəcəyik. İkinci diləyimiz Azərbaycanda, hazırda olduğu kimi, gələcəkdə də dini azadlığın davam etməsidir".

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Tahir Hacıyev çıxış edərək, Azərbaycanla Türkiyə arasında mövcud olan qardaşlıq əlaqələrinin getdikcə inkişaf etdiyini qeyd edib. O, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin hər zaman fəaliyyət göstərən dərnəklərin yanında olduğunu və bundan sonra da davam edəcəyini bildirib: "Dostluğumuzun və qardaşlığımızın möhkəmlənməsinə xidmət edən bu cür dərnəklərin fəaliyyət göstərməsinə hər zaman ehtiyac var. Çünki bu dərnəklərin vasitəsi ilə Azərbaycanın Qarabağ uğrunda haqlı mübarizəsini, işğalçı Ermənistanın iç üzünü dünyaya göstərə bilərik".

İqdırdan millət vəkili seçilmiş MHP nümayəndəsi Sinan Oğan Türkiyənin mürəkkəb bir dövr yaşadığını qeyd edərək ortaya iradə qoyulmalı olduğunu söyləyib: "Xocalıda törədilmiş soyqırımı kimsə görmək istəmir. İşğal olunan Azərbaycan torpaqları barədə heç kəs danışmır. Ağrı dağını istəyən erməni ilə hansı qardaşlıqdan söhbət gedə bilər?".

Rəsmi hissə başa çatdıqdan sonra tədbir şeir, musiqi və xalq oyunlarından ibarət bədii hissə ilə davam edib.


NƏZAKƏT ƏLƏDDİNQIZI

Digər xəbərlər