Dünən "Trend" xəbərlər şirkətinin Mətbuat Mərkəzində Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu jurnalistlər üçün növbəti ənənəvi mətbuat konfransını keçirib. Mətbuat konfransında bir sıra məsələlərə toxunan politoloq "Wikileaks" saytında gedən son məlumatlar barədə də fikirlərini açıqlayıb: "Son günlərdə baş verən hadisələr ABŞ və Ermənistan münasibətlərini bizə tam əks etdirir. ABŞ Cənubi Qafqaz regionunda ermənisentrist siyasəti aparır. Bu, Serj Sarkisyanın Ermənistanda hakimiyyətə gəlişindən sonra özünü büruzə verməyə başlayıb".
Onun sözlərinə görə, Sarkisyan 2008-ci il prezident seçkilərində kifayət qədər səs toplamayıb. "Ermənistandakı prezident seçkiləri haqqında ABŞ-ın məlumatı ən dəqiq məlumatdır, çünki ABŞ-ın Ermənistanda seçkilərin monitorinqini reallaşdırmağı bacaran güclü şəbəkəsi olub", - deyə politoloq bildirib.
M.Əhmədoğlu onu da qeyd edib ki, ABŞ Ermənistandakı 2008-ci il 1 mart qırğınını ört-basdır etməklə məşğul olub: "ABŞ-ın təzyiqi ilə Avropa Parlamenti 1 mart qırğınlarının təhqiqatını çaşdırmaqla məşğul oldu və indi də AŞPA bu məsələni gündəlikdən çıxarmaq istəyir".
"2009-cu ilin sonlarınadək Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə böyük ümidlər olmuşdu. Rəsmi Bakı indi də 2009-cu ilin sonlarında razılaşdırılmış sənədin imzalanmasını təklif edir. Ermənistan tərəfi bundan imtina edir, müxtəlif imitasiya variantları, ideyalar ortalığa qoymaqla, münaqişəsinin tənzimlənməsinin mahiyyətini dəyişməyə çalışır" deyən M. Əhmədoğlu vurğulayıb ki, Sarkisyan buna müəyyən qədər nail olub.
"Ən azı, bu günədək Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə sənədin imzalanmaması bunu deməyə əsas verir. Bununla da, Praqa prosesi yekun nəticə ortalığa qoymadan başa çatdı. Praqa prosesinə görə, Azərbaycanın 5 rayonu dərhal, Laçın və Kəlbəcər rayonları sonrakı 3-5 ildə geri qaytarılır, 5-7 il ərzində isə Şuşanın azərbaycanlılarla məskunlaşması həll olunurdu, kommunikasiya xətlərinin, iqtisadi münasibətlərin qurulması və Dağlıq Qarabağın statusunun müəyyən olunmasına başlanırdı", - politoloq qeyd edib.
Onun sözlərinə görə, münaqişədə əldə olunmuş razılaşmanın rəsmiləşdirilməməsinin iki mənbəyi var. "Birinci mənbə ABŞ-ın Sarkisyana verdiyi dəstəkdir. ABŞ indi də ümid edir ki, Sarkisyan Birləşmiş Ştatlar tərəfindən onun üzərinə qoyulmuş xüsusi missiyanı - Rusiyanı regiondan sıxışdırıb çıxarmaq missiyasını yerinə yetirəcək", - politoloq qeyd edib.
M.Əhmədoğlu bildirib ki, ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədrləri əksərən fərdi müsahibələrində ermənilərin maraqlarına cavab verən bəyanatlar veriblər. "Misal üçün, ABŞ-dan olan həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prinsipləri və maddələrinin ardıcıllığını rəsmi sənəddə yazıldığı kimi yox, ermənilərin maraqlarına cavab verən ardıcıllıqda sadalayıblar", - deyə politoloq vurğulayıb.
Onun sözlərinə görə, ikinci mənbə Türkiyənin Ermənistanla münasibətləri normallaşdırması ilə bağlı iki protokolun imzalanmasıdır.
"Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında Sarkisyanın məqsədinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinin yubadılması olduğu əvvəlcədən bəlli idi. Təəssüf ki, Türkiyənin bu addımı Ermənistan prezidentinin münaqişənin dinc yolla tənzimlənməsindən yayınmasına imkan verən amillərdən birinə çevrilib", - o deyib.
R.RƏSULOV