PDF Oxu

Sosial

  • 9

Şəffaf jurnalistika ilə “reket jurnalistikası”nın fərqi

Şəffaf jurnalistika ilə “reket jurnalistikası”nın fərqi

Son zamanlar dönəmində adları reketçilikdə hallanan o qədər qəribə qəzet adları eşidilir ki, bəzən bütün bunların jurnalistikaya nə dəxli var deyə suallar yaranır. Əgər həmin qəzetlər satılmırsa, ictimai rəyə heç bir təsir imkanları yoxdursa, onun yazdıqlarından da narahat olmağa dəyməz. Lakin elə hallar da baş verir ki, həmin anda belə qəzetlərin, həqiqətən də, cəzalandırılması sosial sifariş kimi gündəmə gəlir. Belə qəzetlərdən biri də, təbii ki, bu ərəfələrdə Mətbuat Şurasının müvafiq komissiyası tərəfindən cəzalandırılaraq, qara siyahıya düşmüş "Xural" qəzetidir. Bu qəzet əməkdaşının Lənkəranda törətdiyi əməlləri isə təkrarlamağa ehtiyac yoxdur. Lakin nədənsə bu vasitə reket qəzetin baş redaktoru Əvəz Zeynallının xoşuna getmir. Çünki bundan sonra onun "leviy" qazancının qarşısı şiddətlə alınıb. Ona görə də bu "jurnalist" mətbuatın bir çox məsələlərində önəmli rol oynayan Mətbuat Şurasını "bəyənməyərək" bir vaxtlar fəaliyyət göstərən "redaktorlar birliyi"nin bərpasından dəm vurur. Onu da xatırlatmaq yerinə düşərdi ki, sözügedən "redaktorlar birliyi"ndə vaxtilə ölkənin reket qəzetlərinin baş yazarları toplaşaraq, cəmiyyətin "qanını sovurmaqla" məşğul olublar. Digər tərəfdən öz işində, əməlində şəffaf olan şəxs nədən narahat olmalıdır?

Mətbuatda reket məsələsi jurnalistikanın deyil, cəmiyyətin və ictimai əxlaqın problemidir. Yəni bəzi insanlar mətbuatı bir dolanışıq vasitəsi kimi görürlər. Gerçəkdən bu yalnız medianın problemi deyil, həmçinin, cəmiyyəti düşündürməli olan məsələdir. Reket jurnalistikasından təkcə imkanlı şəxslər, şantaja məruz qalan insanlar deyil, həmçinin, azdan -çoxdan müstəqilliyini qoruyan, bütün təbəqələrlə normal münasibətdə olan, ən əsası obyektiv informasiya çatdıran mətbuat zərər çəkdi. Belə fəaliyyətlə məşğul olan şəxslərin mətbuata dəxli olmasa da, jurnalistikada mənfi imic formalaşdırdılar.

Zaman keçdikcə, bu problem kökündən çözüləcək, ancaq əsas məsələ ondadır ki, jurnalistikaya dəyən zərbənin təsiri hələ uzun zaman hiss olunacaq. Təbii ki, "Xural"ın təmsilçiliyi başda olmaqla, belə xoşagəlməz qəzetçilik ənənələri, ümumilikdə, jurnalistikanın dəyərsizləşməsinə təsir göstərir. Başqa tərəfdən, media ilə cəmiyyətin bir çox təbəqələri arasında psixoloji baryer yarandı. Bu xoşagəlməzliklər, həmçinin, müxtəlif mənbələrdən informasiya almaq istəyən jurnalistlərin işini çətinə saldı. İnformasiyanı verməyə borclu olan bəzi şəxslər düşünür ki, hər məlumat almaq istəyən media təmsilçisinin umacağı var. Bu mənfi tendensiya, təəssüf ki, dərinləşib.

Vaxtında münbit şəraitdən, "KİV haqqında" qanunun liberallığından pis mənada faydalanan bəzi şəxslər öz qəzetlərini qeydiyyatdan keçirərək, belə "jurnalistikanı" şaxələndirməyə nail oldular. Hüquqda isə bir xəta anlayışı bir də cinayət anlayışı mövcuddur. Qanuna görə, xətada müəyyən məbləğdə cərimələrin ödənilməsi nəzərdə tutulur. Cinayətdə isə hadisənin törədilməsindən, dəymiş zərərin dərəcəsindən asılı olaraq məsələ mürəkkəbləşir, məsuliyyət artır.

"Reket qəzetlər"in fəaliyyətinə, coğrafiyasına nəzər saldıqda, aydın görünür ki, bütün bunlar cinayətə daha çox oxşayır. Əgər cinayət faktı mövcuddursa, onda qanun çərçivəsində cəza mütləq tətbiq olunmalıdır. Deməli, qanunsuz fəaliyyətlə məşğul olan belə şəxslərin məsələsi qanun çərçivəsində hüquq-mühafizə orqanları tərəfindən həll olunmalıdır.

Reketçiliyin qarşısının alınması istiqamətində isə ictimai qınaq ən yaxşı təcrübədir. Ancaq bu faktor da şaxələnmiş hüquq pozuntularının aradan qaldırılmasında o qədər də effektli vasitə sayıla bilməz. Deməli, jurnalistikada "reketçiliyi" ictimai qınaqla və yaxud maarifləndirmə işi aparmaqla azaltmaq mümkün deyil. Bu məsələdə kompleks yanaşma tələb olunur. Çünki media cəmiyyətin tərkib hissəsidir . Yəqin ki, "Xural" qəzeti də boş yerə "mübarizə" aparmaq yerinə, öz gələcək taleyi haqqında daha ətraflı düşünməyə başlayacaq.


RÖVŞƏN

Digər xəbərlər