PDF Oxu

Sosial

  • 11

Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisidir

Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisidir

Dünən AMEA-nın Rəyasət Heyətində AR Təhsil Nazirliyi və AMEA A.Bakıxanov adına Tarix İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş "Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisidir" mövzusunda beynəlxalq elmi konfrans öz işinə başladı.

Konfransı giriş sözü ilə açan AMEA prezidenti, akademik Mahmud Kərimov ölkə Prezidenti İlham Əliyevin 21 yanvar 2011-ci il tarixli Sərəncamına əsasən, ölkəmizdə və ondan kənarda milli dövlətçiliyimizin bərpasının 20 illik yubileyi münasibətilə müxtəlif səpgili tədbirlərin həyata keçirildiyini, bu baxımdan təşkil olunmuş konfransın böyük elmi və siyasi əhəmiyyət kəsb etdiyini bildirdi. Xalqımızın XX yüzilliyin əvvəllərində özünün qədim dövlətçilik ənənələrini yenidən dirçəltdiyini söyləyən akademik 1918-ci il mayın 28-də Şərqin müsəlman və türk dünyasında ilk dəfə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın tarixinə birinci respublika kimi daxil olduğunu, lakin çox keçmədən ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğradığını bildirdi. "Sovet imperiyasının dağılması ərəfəsində iri dövlətlər tərəfindən dəstəklənən Ermənistanın Azərbaycana olan ərazi iddiaları, azərbaycanlılara qarşı törədilən deportasiyalar, "20 Yanvar" qırğını, "Xocalı soyqırımı", Ermənistan Respublikası tərəfindən torpaqlarımızın işğal edilməsi və digər hadisələrin xalqımızı müstəqillik yolundan döndərə bilmədi. Xalqımızın tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il oktyabrın 18-də keçirilmiş sessiyası "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nı qəbul etdi".

Tədbirdə çıxış edən AR təhsil nazirinin müavini, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov müstəqillik illərində Azərbaycan Respublikasının keçdiyi zəngin inkişaf yolunda təhsil sahəsində əldə edilmiş nailiyyətlər, müstəqillik əldə olunduqdan sonra dünyanın bir çox ölkələri ilə təhsil sahəsində yaradılmış əməkdaşlıq əlaqələrindən söhbət açdı.

Konfransda görkəmli tarixçilər - Gürcüstanın Suxumi Dövlət Universitetinin professoru Quram Marxuliya Gürcüstan-Azərbaycan elmi əlaqələrinin inkişafında böyük xidmətlərinə və Türkiyə Cümhuriyyət İstanbul Avropa Universitetinin professoru Mehmet Saray ümumtürk tarixinin inkişafında böyük xidmətlərinə, Azərbaycan tarixşünaslığına mühüm töhfələr verdiyinə görə AMEA Tarix İnstitutunun Fəxri Doktoru diplomu ilə təltif olundular.

Sonra prof. M.Sarayın "Quzey və Güney Azərbaycan türklərinin tarixi" və prof. Q.Marxuliyanın "Ermənilər Ermənistan axtarışında" kitablarının təqdimatı keçirildi.

Tədbirdə AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov "Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisidir: 20 ilin böyük uğurları", professor Quram Marxuliya "Azərbaycan və Gürcüstan - müstəqilliyə aparan birgə yol: iki xalq bir taleh", professor Mehmet Saray "Azərbaycan istiqlalının 20-ci ilində türk dünyasının demokratikləşmə problemləri", professor Şohistaxon Uljayeva (Özbəkistan) "Müstəqillik illərində Azərbaycan və Özbəkistan əlaqələrinin inkişafı və möhkəmləndirilməsi", t.e.d. Daniyal Kibirniyazov (Dağıstan) "Səfəvilər dövlətinin süqutu dövründə Dağıstan Rusiya və Türkiyənin Qafqaz siyasətində", Mustafa Budaq (Türkiyə) "Azərbaycan tarixinin yenidən yazılmasında Osmanlı arxivlərinin əhəmiyyəti", İrina Naçxebiya (Gürcüstan) "Qacar iqamətgahları Napoleon səfirlərinin gözü ilə" mövzusunda məruzələrlə çıxış ediblər.

Qeyd edək ki, konfrans sentyabrın 30-nadək davam edəcək.

ZÜMRÜD

Digər xəbərlər