Oktyabrın 3-də Səbail rayon Məhkəməsində 2 aprel 2011-ci il tarixində Bakı şəhərində "İctimai Palata" tərəfindən keçirilən icazəsiz aksiya iştirakçılarının - Müsavat partiyası icra aparatının rəhbəri Arif Hacıyevin, AXCP (i) sədrinin müavini Fuad Qəhrəmanlının, Müsavat partiyası gənclər təşkilatının sədri Tural Abbaslının və AXCP (i)-nin şöbə müdiri Məhəmməd Məcidlinin cinayət işi əsasında məhkəmə prosesləri davam etmişdir.
Belə ki, sentyabrın 26-da keçirilmiş məhkəmə iclasında dövlət ittihamçısı Ceyhun Kazımov çıxış edərək, təqsirləndirilən şəxslərdən A.Hacıyevin, T.Abbaslının və M.Məcidlinin hər birinin 3 il, F.Qəhrəmanlının isə 2 il 5 ay 28 gün müddətinə azadlığdan məhrum edilməsini istəyib. Onu da qeyd edək ki, 2011-ci il aprelin 4-də Səbail rayon Məhkəməsi F.Qəhrəmanlı istisna olmaqla, digər üç şəxs barəsində həbs qətimkan tədbiri seçmişdi. Belə ki, məhkəmənin qərarı ilə F.Qəhrəmanlıya 315-ci maddə ilə (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) elan olunan ittiham onun üzərindən götürülmüş və məhkəmə onun barəsində başqa yerə getməmək haqqında qərar qəbul etmişdi.
Sentyabrın 30-da keçirilən prosesin ikinci yarısında T.Abbaslı son söz deyib. M.Məcidli səhhətində problemlər olduğunu deyərək son sözə hazırlaşmaq üçün vaxt istəyib. Hakim buna razılıq vermiş və prosesi oktyabrın 3-dək təxirə salmışdı.
Xatırladaq ki, aprelin 2-də "İctimai Palata" Bakının mərkəzində - Fəvvarələr meydanı və onun həndəvərində sanksiyalaşdırılmamış etiraz aksiyası keçirib. Bakı şəhər Prokurorluğu bu işin istintaqını Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə aparıb. Ümumilikdə isə, 14 aksiyaçı cinayət məsuliyyətinə cəlb olunub.
Məhkəmədən öncə maraqlı məqamlar və ya Mustafa Hacıbəyli niyə Arif Hacıyevin vəkili Nemət Kərimlinin başına "Yeni Müsavat" qəzeti ilə vurdu
Məhkəmə iclası başlamamışdan öncə, Səbai rayon Məhkəməsi binasının qarşısına toplaşmış bir qrup müxalifətçi öz aralarında polemikalarla məşğul idilər. Onların hər biri özlərini "ağıllı" göstərmək amacıyla pafoslu söhbətlər edir, sanki kənardakı insanların onlara qulaq asmasını istəyirdilər. Belə ki, ilk öncə gözləmə foyesində aparılan söhbət istər-istəməz diqqətimi çəkdi. İki-üç nəfər "İctimai Palata" nümayəndəsinin cəmləşdiyi bu "məclisdə" müttəhim Arif Hacıyevin vəkillərindən biri-Nemət Kərimli heç bir məntiqə sığmayan söz söhbəti ilə, ümumilikdə, müxalifətin iç üzünü ifşa edirdi. Orada A.Hacıyevin qardaşı, "Demokrat" qəzetinin təsisçisi Mustafa Hacıbəyli də dayanmışdı. A.Hacıyevin vəkili bu dəfə siyasəti bir kənara qoyaraq, dinsizlikdən, mənəviyyatsızlıqdan danışır və özünü də bu kateqoriyadan olan "şəxs" qismində təqdim edirdi. Bütövlükdə isə, avara və içki düşkününə oxşayan bu "vəkil" sonda ateist olduğunu daha sərt şəkildə bildirmək üçün, "ağlına" gələn bütün həqarətləri səsləndirirdi. Hətta vəziyyət o həddə qədər gəlib çatdı ki, M.Hacıbəyli istehzalı şəkildə əlində olan "Yeni Müsavat" qəzeti ilə N.Kərimlinin başına vurub söhbətinə son qoymasını tələb etdi.
Pənah Hüseynov hakimin qərarlarının ədalətli olduğunu etiraf etdi
Daha sonra məhkəmə binasının qapısı qarşısında ayaqüstü söhbət edən Pənah Hüseynovla digər müxalifətçilərin söhbətinə şahid oldum. Maraqlı məqam isə bu oldu ki, P.Hüseynov həmin adamların qarşısında hakimin ötən məhkəmələrdə verdiyi bütün qərarları haqlı hesab etdiyini bildirdi. Xatırladaq ki, ötən məhkəmə zamanı zalda əl çalanları, xüsusilə, Müsavat başqanı İsa Qəmbərovu və AXCP (i) sədri Əli Kərimovu zaldan çıxmağa dəvət edən hakim bunu (yəni məhkəmənin gedişi zamanı prosesin gedişinə mane olmağı- R.R.) məhkəməyə hörmətsizlik kimi dəyərləndirmişdi. P.Hüseynov isə bunun düzgün qərar olduğunu ətrafına toplaşanlara izah edirdi. O deyirdi ki, əl çalmağı yığışdırmaq lazımdır.
İsa Qəmbərovun məhkəmə təlxəkliyi və Əli Kərimovun ona "şam tutması"
Prosesin başlamasına bir neçə dəqiqə qalmış zala toplaşanlar öz yerlərini tutdular. Bu zaman zala olan hər iki qapıdan giriş sərbəst idi. Digər qapıdan içəri daxil olan Müsavat başqanı İsa Qəmbərov və AXCP (i) sədri Əli Kərimov qarşı qapıdan daxil olanlara təlxəkcəsinə "o biri qapıdan böyük adamlar gəlir" ifadəsini işlətməklə hansı səviyyəyə mənsub olduqlarını nümayiş etdirdilər. Yəni onlar istəsəydilər, həmin qapıdan da məhkəmə zalına daxil ola bilərdilər. Sadəcə, bütün fürsətlərdən "maksimum" istifadə etməklə özlərini müxalifətçilər qarşısında siyasi kloun qismində "mataha" mindirirdilər. Və əgər belə olmasa idi hər iki müxalifət "lideri" məhkəmə iclasına öz cangüdənləri ilə gəlməzdilər. Görünür, onlar öz elektoratlarından da kifayət qədər çəkindiklərini gizlədə bilmirlər. Hər halda, bu cür ehtimal etmək olar. Əgər belə deyilsə, nəyə görə müxalifətçilərin "liderləri" ola-ola öz müxalifətçilərinin qarşısına cangüdənləri vasitəsi ilə çıxırdılar ?
Məhəmməd Məcidli son sözünü özü də başa düşmədi
Məhkəmə prosesi başlayan kimi hakim Famil Nəsibov son söz demək üçün Məhəmməd Məcidliyə müraciət etdi. Müttəhim M.Məcidli bir saatdan çox danışdı, amma nə danışdığını heç özü də bilmədi. Bircə o məlum oldu ki, AXCP (i) -nin şöbə müdiri aşırı dərəcədə anarxiyanı dəstəkləyir və dağıdıcılığı "siyasətini" aparıcı funksiyası qismində qəbul edir. Çünki M.Məcidli özü də etiraf etdi ki, nəyə görə məhkəmədədir. Əgər nəyə görə məhkəmədə olduğunu dərk edirsə, demək törətdiyi əməllərini də bilavasitə etiraf edir.
Son sözündə İrandan başlayıb Turandan çıxan M.Məcidli hakimin etdiyi xəbərdarlıqlara rəğmən, gah dövlətçiliyi, gah hakimi, gah da bütövlükdə vətəndaşları hədələyirdi. Bu isə onun kim və nəçi olduğunu aşkar şəkildə bəlli edirdi. Belə ki, "lazım olsa qan da tökərik" kimi cümləsini işlətməklə, həqiqətən də, 2 aprel aksiyasında vəhşiliklər törətdiyini qəbul etdi. Həmçinin dövlətə və dövlətçiliyə qarşı yönəldilmiş çıxışı da bu tipli düşüncəyə arqument kimi qoymaq mümkündür. Bu isə növbəti dəfə sübut edir ki, radikal müxalifət və onun təmsilçiləri bütün məqamlarda dağıdıcı, anarxist və xəstə təxəyyülə, təfəkkürə malik olan kəmxəyallardılar. Məhz bu səbəbdən də onlara oxunan hökm ədalətli qərar kimi dəyərləndirilməkdədir.
Əli Kərimov və İsa Qəmbərov elan olunan hökmlə olmayan nüfuzlarından da aşağı
səviyyəyə düşdülər
Beləliklə, məlum cinayət işi üzrə məhkəmə iclası Səbail rayon Məhkəməsinin hakimi Famil Nəsibovun sədrliyi, dövlət ittihamçısı Ceyhun Kazımov, müdafiəçilər, təqsirləndirilən şəxslər, beynəlxalq və qeyri-hökumət təşkilatları, müstəqil hüquq müdafiəçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə təqsirləndirilən şəxs M.Məcidlinin son sözü və hökmün elanı ilə yekunlaşdı.
M.Məcidli barəsində bəraət hökmü çıxarılmasını istədikdən sonra son söz hüququndan sui-istifadə edib siyasi çıxış etmək istəsə də hakim tərəfindən dəfələrlə xəbərdar olundu. Hətta bu zaman onun sözlərindən ermənilərə qibtə etdiyi də müəyyən olundu. Sonra məhkəmə müşavirəyə getdi.
Hökmlə müəyyən oldu ki, şahid qismində dindirilmiş AXCP (i) və Müsavat partiyalarının rəhbərləri Əli Kərimov və İsa Qəmbərov ifadələrində 02.04.2011-ci il tarixdə ictimai qaydanın və digər şəxslərin hüquqlarının pozulmasına səbəb olan qanunsuz aksiyanın "Fəvvarələr" meydanında keçirilməsi barədə müvafiq icra hakimiyyəti orqanına rəsmi yazılı xəbərdarlıq göndərilmədiyini etiraf ediblər. Onlar Bakı şəhər İcra Hakimiyyətinin cavabından inzibati qaydada və ya məhkəməyə şikayət verməmiş, müraciətə düzgün baxılmayacağı gümanı ilə qanunsuz yolu seçiblər.
Məhkəmədə tədqiq olunan sübutlarla həmin şəxslərin hərəkətlərinin dinc toplantı olması təkzib olundu, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına xəsarət yetirilməsi, nəqliyyatın normal fəaliyyətləri pozulması, vətəndaşların istirahət hüquqlarının, ticarət və iaşə obyektlərinin iş fəaliyyəti pozulması və onlara külli miqdar zərər vurulması yetərincə sübuta yetirildi. Eləcə də, Əli Kərimov və İsa Qəmbərov təqsirli şəxsləri məsuliyyətdən uzaqlaşdırmaq üçün təşkilatçı olduqlarının bildirmiş, lakin faktiki olaraq həmin aksiyada iştirakdan yayındıqları bir daha müəyyən olundu.
Qeyd etmək yerinə düşər ki, məhkəmə prosesi boyu prokuror Ceyhun Kazımov tərəfindən ittihamla bağlı suallara müdafiə tərəfi etiraz edərək, cavabın partiya rəhbərlərinin ictimai və siyasi nüfuzdan salınmasına yönəldiyini bildiriblər. Sonda isə hökm oxundu. Hökmə əsasən, A.Hacıyev, T.Abbaslı və M.Məcidli CM-in 233-cü maddəsi ilə təqsirli bilinib, cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, F.Qəhrəmanlı isə CM-in 233-cü maddəsi ilə təqsirli bilinib, CM-in 69.3 və 70.1-ci maddələrinə əsasən 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrumetmə cəzasına 1 (bir) il sınaq müddəti ilə şərti məhkum edildi. Məhkəmə prosesi sona çatdıqdan sonra, radikal müxalifət təmsilçiləri növbəti dəfə icazəsiz aksiyalarını keçirməyə cəhd göstərsələr də, hüquq-mühafizə orqanlarının əməkdaşları bu qanunsuzluğun da qarşısını layiqincə almağa müvəffəq oldular.
RÖVŞƏN RƏSULOV