PDF Oxu

Sosial

  • 5

“XXI əsrdə qadının rolu: qadın siyasətçilərin məsuliyyəti”

“XXI əsrdə qadının rolu: qadın siyasətçilərin məsuliyyəti”

Dünən Milli Məclisdə Türk PA-nın təşəbbüsü ilə müstəqilliyinin 20 illiyinə həsr olunmuş " XXI əsrdə qadının rolu: qadın siyasətçilərin məsuliyyəti" mövzusunda beynəlxalq konfrans keçirildi. Türk PA ilə yanaşı, "Lider qadınlar" İctimai Birliyi, Türkiyə Nazirlər Kabineti yanında Əməkdaşlıq və İnkişaf Agentliyi və "Dialoq Avrasiya" Beynəlxalq Təşkilatının Azərbaycan nümayəndəliyinin əməkdaşlığı ilə baş tutan tədbirdə dünyadakı mövcud problemlərdən çıxış yolları və qadınların cəmiyyətdə fəallığının artırılması məsələləri müzakirə edildi.

İclası giriş sözü ilə açan Türk PA-nın baş katibi Ramil Həsənov konfransın əhəmiyyətindən, müstəqillik tarixində qadınlarımızın rolundan danışdı. Qeyd olundu ki, tədbir cəmiyyətində qadınların sülh və sabitlik, idarəetmə, siyasət sferalarında iştirakının artırılması və türkdilli dövlətlərin qadınları arasında əlaqələrin daha da yaxşılaşmasına xidmət məqsədi ilə həyata keçirilir.

Tədbirdə çıxış edən Milli Məclisin Sədr müavini Bahar Muradova bildirdi ki, qadınlar müasir dünyada problemlərin həllində daha fəal iştirak etməli, xüsusən, terrorizmə qarşı mübarizə, dövlətlərin ərazi bütövlüyü, ailə və uşaq hüquqları kimi məsələlərə həssas yanaşmalı, daha qətiyyətli mövqe ortaya qoymalıdırlar, ictimai həyatın bütün sahələrində qadınların artan rolu nəzərə çarpmalıdır. B.Muradova türk birliyinin uğurlarına da diqqət çəkdi: "Zaman artıq türk birliyinin, dilinin, mədəniyyətinin dünyada yeni səviyyəyə qalxmasına şahidlik edir".

Sonra Türkiyənin ailə və sosial məsələlər naziri Fatma Şahin çıxış edərək bildirdi ki, türk dövlət və toplumlarında qadınların ən böyük uğuru onların təhsilə açıq olmasıdır. Qeyd olundu ki, hər bir millətin güclü cəmiyyət istəyi varsa, orada qadınların təhsilinə biganə yanaşmaq olmaz. Xanım nazir qeyd etdi ki, XXI əsrdə hədəflərə çatmaqda qadınlar daha iddialıdır. Xüsusilə də, ağlın gücdən üstün tutulduğu sahələrdə qadın fəallığı getdikcə artır. Sonra xanım nazir Azərbaycan qadınının Qarabağ acısından söz açdı, bu münaqişəni bütün türk dünyasının ortaq problemi kimi dəyərləndirdi.

Konfransda Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov və başqaları çıxış edərək, ölkə həyatının müxtəlif sahələrində qadınların uğurla təmsil olunmasından söz açdılar, gender anlayışının yeni səviyyəyə qaldırılmasının və qadınlar üçün yaradılan imkanların daha da genişləndirilməsinin zəruriliyini vurğuladılar.

Fasilədən sonra konfrans sessiyalar şəklində davam etdirildi. Tədbirin bu hissəsində təməl insan haqları çərçivəsində qadın hüquqları, bu sahədə beynəlxalq hüquq və təcrübə mübadiləsi, yeni dünya düzənində qadın siyasətçilərin rolu, qadınların siyasi təmsilçiliyi davamlı inkişafın və sabitliyin meyarı kimi, beynəlxalq əməkdaşlıqda qadın təşkilatlarının iştirakının zəruriliyi barədə müzakirələr aparıldı. Millət vəkili, "Lider qadınlar" İctimai Birliyinin sədri Məlahət İbrahimqızı, Türkiyə parlamentinin üzvləri Ruhsar Dəmirəl, Ülkər Gözəl, Dilək Akagün Yılmaz, Qazaxıstan parlamentinin deputatları Mayra Aysina, Svetlana Jalmaqambetova, Qırğızıstan parlamentinin deputatı Roza Aknazarova və digərləri çıxış edərək, müzakirə edilən məsələlər barədə fikirlərini bildirdilər, qlobal problemlərin həllində qadınların məsuliyyətindən danışdılar. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın xidmətləri, onun dünyanın nüfuzlu beynəxalq təşkilatlarının mötəbər toplantılarındakı çıxışları nümunə göstərilərək bildirildi ki, bu gün Azərbaycan qadınının səsi ən yüksək tribunalardan gəlir, dünyada elm, təhsil, səhiyyə sahəsində qazanılan uğurlarda türk qadınlarının rolu artır.

Sonra tədbir iştirakçıları adından Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyə Cümhuriyyəti dövlət başçılarına müraciət qəbul olundu. Müraciətdə deyilirdi: "Biz türkdilli dövlətlərin arasında olan münasibətlərin daha da yaxşılaşdırlması, bütün səviyyələrdə əlaqələrin daha da intensivləşdirilməsi üçün müəyyən töhfələr verə biləcəyimizi dərk edərək, bu məqsədlə Sizin həyata keçirdiyiniz iqtisadi, siyasi, mədəni və digər sahələrdəki işlərinizi dəstəklədiyimizi bildiririk. Əminik ki, həm Türk PA, həm də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində gələcəkdə görüləcək bütün işlərə qadınlar da cəlb olunacaqdır. Sizə bu məsuliyyətli və şərəfli işinizdə uğurlar arzulayırıq."

Tədbirdə konfransın ən fəal iştirakçıları təşkilat komitəsi adından təltif edildi.


R.HÜSEYNOVA

Digər xəbərlər