Bu, bir faktdır ki, Ermənistan əhalisinin yaşayışı xarici ianələr və erməni lobbisinin maddi dəstəyilə həyata keçirilir. Məhz erməni lobbisinin Fransa hakimiyyətinə təsir etməsi ilə rəsmi Parisin Yerevanda yeni "Metsamor" AES-in tikintisini həyata keçirməyə hazırlaşdığı bildirilir. Söhbət etdiyimiz millət vəkili və politoloq Ermənistan AES-in tikintisinin həyata keçirilməsinin regiona bəlalar gətirəcəyini bildiriblər.
Musa Qasımlı, millət vəkili:
- "Metsamor" AES-s tamamilə köhnəlmiş vəziyyətdədir və yeni texnologiyalara qətiyyən cavab vermir. Ermənistan seysmik zonada yerləşdiyindən, demək olar ki, belə bir köhnə AES-in fəaliyyətini davam etdirmək təkcə işğalçı ölkə üçün deyil, bütün bölgə üçün təhlükəlidir. Fransanın Ermənistana belə bir təklif etməsi, bilavasitə, bu ölkənin maraqları ilə bağlıdır. Fikrimcə, Ermənistanın bu təklifi qəbul etməsi Fransa-Rusiya münasibətlərində müzakirələrə səbəb olacaq. Heç şübhəsiz ki, Fransanın bu regionda maraqları var. Əgər Fransa regionda nüfuzunu gücləndirmək və öz maraqlarını təmin etmək istəyirsə, o zaman Azərbaycanla əməkdaşlıqda daha çox maraqlı olmalıdır. Azərbaycan dövləti ilə əməkdaşlıq etməyin yolu isə, erməni təcavüzünə münasibətdə birmənalı obyektiv mövqe tutmaqdan gedir. Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe tutmalıdır. Ədalətli mövqe də ondan ibarətdir ki, Ermənistan işğalçı dövlət olduğu üçün Fransa bu ölkəni öz adı ilə çağırmalıdır. Fransa qəti şəkildə Ermənistana "Metsamor" AES-in tikilməsinə razılıq verməməlidir. Hesab edirəm ki, belə bir yanaşma təkcə Azərbaycanın deyil, bir çox dövlətlərin etirazı ilə müşahidə olunacaq. Fransanın bu siyasəti Azərbaycanla münasibətdə yaxşı heç nə vəd etmir. Fransa hökumətinin Ermənistanla bağlı qəbul etdiyi qərarlarda erməni lobbisinin və diasporasının təsirlərini danmaq mümkün deyil. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri dəfələrlə bu məsələni beynəlxalq qurumda müzakirə ediblər. Bu gün AES məsələsi kifayət qədər aktuallaşıb. Dəfələrlə bildirilib, xəbərdarlıq edilib ki, AES-in tikilməsi çox təhlükəlidir.
Elman Nəsirov, politoloq:
- Əslində, Ermənistandakı AES bir çox ölkələr üçün böyük bir təhlükə mənbəyidir. Eyni zamanda, qardaş dövlət olan Türkiyə üçün də təhlükəlidir. "Metsamor" AES-in yerləşdiyi ərazidə yeraltı çatların olduğu faktı da hər kəsə bəllidir. Bu baxımdan "Metsamor" AES-in tikintisinin dayandırılması çox vacibdir. Avropa Birliyi bunun dayandırılması ilə bağlı hətta kifayət qədər maliyyə vəsaiti də ayırıb. Və təkidlə tikintinin dayandırılmasını tələb edir. Belə olan vəziyyətdə, Avropa Birliyinin əsas lokomotivlərdən biri olan Fransa nəyə görə Ermənistanda AES-in tikilməsində bu dərəcədə maraqlı görünür. Fransa bir nüvə dövlətidir və Ermənistandakı vəziyyətin nə qədər təhlükəli olduğunu çox gözəl anlayır. Ən azı, Avropa Birliyinin ümumi mövqeyinin formalaşmasında Fransanın da müəyyən rolu olub. Amma çox təəssüf ki, Fransanın indiki prezidenti N.Sarkozi bunun mümkün fəsadarını görmür və yaxud da görmək istəmir. Doğrudur, son zamanlar işğalçı ölkədə "Metsamor" AES-in yenisinin tikilməsi ilə bağlı söhbətlər gəzməkdədir. Hesab edirəm ki, bu məsələdə Ermənistana dəstək vermək kimi bir yanaşma tərzi heç də düzgün hal deyil. Əslində, "Metsamor" bağlanmalıdır. Ümumiyyətlə, seysmik zonada yerləşən AES-in tikintisi olduqca təhlükəlidir. "Metsamor" dağlıq əraziyə yaxın olmasından əlavə, hansısa bir dəhşətli fəlakət olarsa, orada baş verəcək yanğını söndürmək üçün heç su mənbələri belə yoxdur. Məncə, bu nüansı Fransa prezidenti çox ciddi şəkildə düşünməlidir. Bunun təhlükəli olduğunu bilə-bilə belə bir işə Fransa tərəfinin imza atması onu deməyə əsas verir ki, bu ölkə regiondakı təhlükəsizliyi deyil, sırf Ermənistanın maraqlarını düşünür. Əslində isə, hər şeydən əvvəl təhlükəsizlik məsələləri ön planda durur. Bütün region çox böyük təhlükə altına düşə bilər. Ona görə də, Avropa Birliyinin ərazi təmsilçisi kimi Fransanın bu addımı heç vaxt müsbət qarşılanmayacaq və dəstəklənməyəcək. AES-in törədə biləcək qlobal fəsadlarından heç bir ölkə sığortalanmayıb. Hər kəsə bəllidir ki, Fransa-Azərbaycan əlaqələrini müqayisə etsək, təbii ki, Fransa Ermənistanı hər zaman müdafiə edən bir dövlət kimi yadda qalıb. Məhz elə Fransa rəsmi Ankaranın Avropa Birliyinə qəbulunu əngəlləyən dövlətlərdən biridir. Belə olan vəziyyətdə, heç şübhəsiz ki, belə bir addım Azərbaycan-Fransa münasibətlərinin inkişafı mənafeyinə xidmət göstərmir. Azərbaycan hər zaman Fransa ilə münasibətlərinin yaxşı olmasında maraqlı tərəf olub. Ulu öndər Heydər Əliyev hakimiyyətə 2-ci dəfə qayıdışından sonra ilk rəsmi səfəri Fransa dövlətinə olub. Ulu Öndər Heydər Əliyevin siyasətinin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev də hakimiyyətə gəldikdən sonra məhz ilk səfərini Fransaya edib. Məqsəd o idi ki, Fransa ilə daha yaxından əlaqələrimizi inkişaf etdirək. Fransanın Ermənistanla yaxın olduğunu bilib Fransa ilə uzaqlaşmaq siyasəti düzgün olmazdı. Əksinə, bilirdik ki, dünyanı maraqlar idarə edir. Və belə olan vəziyyətdə Fransanın heç olmazsa, neytrallığına nail ola bilərik. Fransanın şirkətləri də Azərbaycan nefti istismarında çox fəal iştirakçılardan biridir. Biz Azərbaycan tərəfi olaraq, münasibətlərimizin inkişafında maraqlıyıq. Amma Fransanın Ermənistandakı "Metsamor" AES ilə bağlı tutduğu mövqe və onlara maliyyə dəstəyi verməsi, şübhəsiz ki, Azərbaycan tərəfini razı salan məqamlar deyil.
AYLANA RZAYEVA