PDF Oxu

Sosial

  • 12

“Wikileaks” saytının İsa Qəmbərov məcmuəsi

“Wikileaks” saytının İsa Qəmbərov məcmuəsi

"Wikileaks" saytı Azərbaycanın radikal müxalifət partiyaları barədə, xüsusilə, AXCP (i) və Müsavat cütlüyünün rəhbərləri Əli Kərimov və İsa Qəmbərov haqqında flaş-faktlar üzə çıxarıb. Xatırladaq ki, həmin faktlar kifayət qədər əsaslı və həqiqətəuyğunluğu ilə seçilir, eləcə də, bütün sübut dayaqlarına malikdir. Lakin ortada başqa maraqdoğurucu məqamlar da mövcuddur ki, həmin məqamlardan biri ölkənin dağıdıcı müxalifəti ilə iş birliyi quran ABŞ səfirliyi ilə bağlıdır.
Daha dəqiq desək, Azərbaycanda rəsmi Vaşinqtonun siyasətini yürüdən Amerika səfirliyi iki dövlət arasında dayanan vacib əhəmiyyətli işləri bir kənara qoyaraq, ölkənin radikal müxalifəti ilə gizli iş birliyində bulunub. Bu faktlar isə dolayısı yolla radikalizmə, dağıdıcılığa, anarxiyaya yönəlik addımları dəstəkləmək kimi dəyərləndirilməkdədir. Məsələnin diqqət çəkən məqamını nəzərə alsaq ki, vaxtilə ölkəmizdə ABŞ səfiri vəzifəsini icra edən Rino Harniş bilavasitə deyilənlərin iştirakçısı olub, bu zaman yuxarıda qeyd olunanlar yetərincə öz təsdiqini tapmış olur.

Vida zənginin ifşaedici məqamları və ya Rino Harniş-ABŞ-ın Müsavatdakı "səfiri"
"Wikileaks" saytının üzə çıxardığı məlumatlara görə, ABŞ səfiri ölkəmizdəki missiyasını başa çatdırdığı ərəfələrdə nədənsə onun yadına Müsavat partiyasının başqanı İsa Qəmbərov düşüb və "böyük elçi" ona vida zəngi edib (?!) Həmin telefon danışıqlarının pərdəarxası məqamları isə ABŞ siyasətini ifşa etməkdədir. Maraqlıdır ki, ölkəmizə səfir təyin olduğu zaman mister Harniş kimin qarşısında və hansı mövqedə öz ölkəsinin etimadnaməsini təqdim edib? Və yaxud mister Harniş Azərbaycana gələrkən səfir etimadnaməsini Müsavat qərargahına təqdim edib?! Bax burada, uzun zaman qaranlıq qalan məqamlara aydınlıq gəlir. Bəlli olur ki, ABŞ heç vaxt ölkəmizə qarşı səmimi, dost münasibətində olmayıb. Rəsmi Vaşinqton bütün zamanlarda öz ölkəsinin mənafesini güdüb və bu gün də təəssüflə bildirməliyik ki, həmin "siyasət" davam etməkdədir. Ölkəmizin kifayət qədər tanınmış ictimai-siyasi, nüfuzlu dövlət xadimləri qala-qala, bu adam durub Müsavat qərargahına zəng edərək, İ.Qəmbərovla vidalaşıb. Buna isə siyasi səmimiyyət, diplomatik etika deyil, sadəcə, riyakarcasına geyinilmiş siyasət donu desək, qətiyyən yanılmarıq.
Saytın məlumatından daha bir maraqlı nüans aşkarlanıb ki, bu da həmin dövrə təsadüf edən təkrar parlament seçkiləri ilə bağlıdır. ABŞ səfiri Müsavat başqanının hay-küyçü bəyanatlarından "riqqətə" gələrək, öz ölkəsinin müvafiq orqanlarına "donos" yazıb ki, bəs Müsavat partiyasının rəhbəri İ.Qəmbərov seçkilərin ümumi atmosferinin "mürəkkəb" qalmasından "yaman bərk narahatdır". Görəsən, R.Harniş həmin seçkilər zamanı nəyə görə təmsil olunduğu ölkəsinin də əməkdaşlıq etdiyi nüfuzlu beynəlxalq təşkilatların, qərb müşahidəçilərinin demokratik seçkilər barədə dediklərini bir kənara qoyub, hansısa partiya sədrinin qondarma "bəyanatını" əsas götürüb? Onun və ölkəsinin marağı nədə olub? Əlbəttə ki, öz ölkəsinin maraqlarını təmin etməkdən ötrü radikal müxalifətlə iş birliyinə gedib, demokratik Azərbaycanın maraqlarına kölgə salmaq. Qeyd olunanlardan belə bir nəticəyə gəlmək mümkündür ki, vaxtilə Azərbaycanda ABŞ səfiri vəzifəsini icra edən R.Harniş, əslində, dolayı yollarla ABŞ-ın Müsavatdakı səfiri vəzifəsini icra edirmiş...
Bu barədə yazılanları bir daha təsdiq etməkdən ötrü, "Wikileaks" saytının məlumatına nəzər yetirək: "R.Harniş İ.Qəmbərovu inandırmağa çalışmışdır ki, ABŞ yaranmış bütün mürəkkəb vəziyyətlərdən çıxış yolunu tapacaq". Yəni keçmiş səfir burada Müsavat başqanına açıq-aşkar hesabat verir.

Mister Harniş Qəmbərova hansı vədləri verib?
Məlum vida zəngində Müsavat partiyasının başqanınan bir sıra vədlər də verilmişdir. Belə ki, həmin vədlərdən biri Qəmbərovun keçiriləcək seçkilərdə "qələbə" qazanması ilə əlaqəlidir. Məsələnin əsil mahiyyəti isə onu təşkil edir ki, Harniş İ.Qəmbərova onun Azərbaycana səfir təyin olunmasında Azərbaycan hökumətinin xüsusi xidmətinin olduğunu bildirirb. O, bununla Müsavat başqanına çatdırmağa cəhd edib ki, ona istənilən yardımı edəcək, lakin bu yardımlardan hökumətin heç bir xəbəri olmamalıdır. Maraqlıdır, ABŞ səfiri, əslində, hansı funksiyanı yerinə yetirməyə çalışıb? O burada səfir olub, yoxsa səfirlik xəfiyyəsi? Çünki diqqət yetirsək, görərik ki, səfir Harniş İ.Qəmbərovu ABŞ hökumətinin bütün seçkiöncəsi proseslərdə fəal iştirak edəcəyinə əmin edib. Yəni bununla eyham vurmağa çalışıb ki, seçkiöncəsi mitinq və aksiyalarda radikal müxalifəti dəstəkləyəcək, eləcə də maddi yardımlar edəcək. Lkin bu addımlarını gizli saxlamaqdan ötrü onu insan hüquqları və icmaların inkişafı kimi təqdim edəcək.
Məhz bu səbəbdən də, xüsusilə vurğulamaq yerinə düşərdi ki, İ.Qəmbərovun ABŞ hakimiyyətinin yerli təşkilatlarda "demokratikləşmə" prosesinin inkişaf etdirilməsinə "müsbət qiymət" verməsi həmin ölkədən maddi yardımlar, qrantlar almasını isbat edir. Belə ki, Müsavat partiyası ABŞ səfirliyinin irəli sürdüyü tələbləri vəd kimi boynuna götürərək, onları icra edib, bu gün də etməkdədir. Həmin ərəfələrdə ölkəsinə göndərdiyi "donosda" R.Harniş yazır: " İ.Qəmbərov noyabrda keçirilən parlament seçkilərindən narazı qaldığını bildirmiş və onun təmsilçisi olduğu partiyanın mayın 13-də keçiriləcək təkrar seçkilərdə iştirak edəcəyini bildirmişdir. O, əmin olduğunu bildirmişdir ki, aprelin 17-sində Müsavat partiyasının namizədlərinin kampaniyası başlayan zaman ABŞ hökuməti və digər Qərb ölkələri fəal iştirak edəcəkdir". Buyurun, hər şey göz qarşısındadır, cənablar!

ABŞ səfiri nəyə görə İ.Qəmbərovu "əmin etmişdir"?
"Wikileaks" saytının üzə çıxardığı faktlardan biri də R.Harnişin Müsavat başqanını "əmin" etməsindən ibarətdir. Məsələ ondadır ki, ABŞ səfiri İ.Qəmbərovu əmin etmişdir ki, ABŞ hökuməti bu proseslərdə (yəni seçkilər öncəsi-R.R.) yaxından iştirak edəcək və müstəqil rəy sorğularını (exit-polları-R.R.), namizədlərin treninqlərini dəstəkləyəcək, seçicilərin barmaqlarına xüsusi rənglərin sürtülməsində və müşahidəçilərin iştirakında yardım göstərəcək. Buradan bir daha məlum olur ki, əgər radikal müxalifət hər hansı "xoşuna gəlmədiyi" hallarla rastlaşsa, səs-küy qaldıracaq və ABŞ səfirliyi bu səs-küyün daha bərk çıxması istiqamətində əl altından Müsavat partiyasına dəstək göstərəcək. Nəzərə alsaq ki, həmin seçkilər ərəfəsində radikal müxalifətin mitinqlərində ABŞ-a doğru yönəlmiş ümidli dolu fikirlər səsləndirilirdisə, qeyd olunanların nə qədər gerçək olmasını görərik.
Eyni zamanda, bu faktlar partiyanın əsas funksionerlərindən biri olan Arif Hacıyev tərəfindən də öz təsdiqini tapmışdır. Çünki həmin zamanlar Azərbaycanın şimal rayonundan təkrar seçkilərdə namizədliyini irəli sürən A. Hacıyev ABŞ hökumətinin seçkiləri "dəstəklədiyini" yüksək qiymətləndirmişdir. Bu səbəbdən də Ağ Evə ünvanladığı təcili teleqramların birində R.Harniş öz şeflərinə bu sözləri çatdırmışdır.

İsa Qəmbərov- ABŞ səfirliyinin "balası"
Digər tərəfdən, "Wikileaks" saytından məlum olur ki, İ.Qəmbərov bir şey olan kimi, həmin andaca üzünü Amerika səfirliyinə tutaraq ağlamsınırmış. Yaxud bütün addımlarını səfirliyin məsləhətləri ilə atırmış. Məsələn, Müsavat başqanı ABŞ səfirinə belə bir məlumat, yəni donos çatdırmışdır ki, Müsavat partiyası guya regionda "mütəmadi forumlar" keçirmək üçün ərazidə "İctimai inkişaf" adlı "layihəni" geçəkləşdirməyə başlayıb. O, təmsilçisi olduğu partiyanın guya "regionda yenidənqurma işləri" aparacağını və "yerli təşkilat strukturlarını bu məsələyə cəlb edəcəyini" bildirib.
Saytın açıqladığı məlumatlardan bəlli olur ki, ABŞ səfirliyi diplomatik davranışlardan tamamilə kənar olaraq, Azərbaycanın daxili işlərinə müdaxilələr edir, həmçinin, müdaxilələrdə ölkənin radikal müxalifət partiyalarından öz məqsədləri üçün istifadə edir. Eyni zamanda, ölkə maraqlarını, ölkə mövqeyini heçə sayan Müsavat partiyası bütün məqamlarda əlinə düşən "girəvələrdən" istifadə edib, öz xəyanətkar xislətini ortaya qoyub. Təbii ki, Müsavat başqanı İsa Qəmbərovun və onun əlaltılarının timsalında.
RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər