PDF Oxu

Sosial

  • 9

İslam Əməkdaşlıq Təşkilatı Səhiyyə Nazirlərinin 3-cü sessiyası keçirilib

İslam Əməkdaşlıq Təşkilatı Səhiyyə Nazirlərinin 3-cü sessiyası keçirilib

Qazaxıstan Respublikasının Astana şəhərində İslam Əməkdaşlıq Təşkilatı Səhiyyə Nazirlərinin 3-cü sessiyası keçirilib. Tədbirdə İslam Əməkdaşlıq Təşkilatının 57 üzv ölkələrinin səhiyyə rəhbərlərinin və bir sıra nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata görə, Azərbaycan Səhiyyə Naziri Oqtay Şirəliyev də sessiyada Azərbaycanı təmsil edib.

"Sağlamlıq, Rifah və Bərabərlik" devizi altında keçən sessiyanın gündəliyində İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı, Minilliyin İnkişaf Məqsədlərində səhiyyə məsələləri, səhiyyənin maliyyələşməsi, 2012-2022-ci illər üzrə İslam Əməkdaşlıq Təşkilatı ölkələri səhiyyə strateji proqramı və digər məsələlər müzakirə edilib.

Sessiyaya fəxri qonaq kimi dəvət edilən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa Regional Bürosunun Direktoru dr. Jujanna Yakab tədbirdə çıxışı zamanı gündəlikdə müzakirə edilən məsələlərin, habelə qəbul ediləcək qərarların ÜST Avropa Regional Komitəsinin Bakıda keçirilmiş 61-ci sessiyasının qərar və qətnamələri ilə səsləşdiyini vurğulayıb. Azərbaycanda olan təəssüratları iştirakçılarla bölüşüb. Regional direktor öz nitqində orada olan fürsətdən istifadə edərək, 61-ci sessiyanın ən yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinin rəhbərliyinə bir daha öz təşəkkürünü bildirib.

Sessiyanın formatına uyğun olaraq gündəlikdə olan məsələlərə dair panel iclaslarda Azərbaycan Respublikasının səhiyyə naziri çıxış edərək Azərbaycanda səhiyyə və sosial sferada aparılan islahatlardan, səhiyyə təhsilinin təkmilləşdirilməsi, səhiyyənin maliyyələşdirilməsi, İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq əlaqələri və müştərək layihələrin həyata keçirilməsinin müstəsna əhəmiyyəti haqqında məlumat verib.

O.Şirəliyev sessiya çərçivəsində Qazaxıstanın səhiyyə naziri, Türkiyənin səhiyyə nazirinin müstəşarı, ÜST Avropa Regional Komitəsinin regional direktoru və digər rəsmilərlə işçi görüşlər keçirib. Tədbir ərəfəsində Astananın Ana və Uşaq Sağlamlığı Mərkəzində, Respublika Neyrocərrahiyyə Mərkəzində, Hematologiya Mərkəzində görüşlər olub.

NƏZAKƏT ƏLƏDDİNQIZI

Digər xəbərlər