Müstəqilliyimizin 20 ili ərzində Azərbaycanın sosial müdafiə sisteminin inkişaf dinamikası, bu yöndə həyata keçirilən dövlət siyasətinin uğurları ilə bağlı məsələlərə aydınlıq gətirən Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri, millət vəkili Hadi Rəcəbli "Səs" qəzetinə verdiyi açıqlamasında sosial müdafiə sistemində təkmilləşmə, yeniləşmələr olduğunu bildirdi: "Əlbəttə, 20 il böyük tarix üçün çox qısa bir müddətdir. Azərbaycanın bu 20 il ərzində sosial müdafiə sisteminin təkmilləşməsindən danışırıqsa, bu, bir ardıcıl və sistemli prosesdir."
H.Rəcəbli onu di bildirdi ki, ölkəmizdə birinci pensiya islahatlar uğurla aparılıb: "Pensiya islahatlarında həmrəylik prinsipindən fərdi uçot prinsipinə keçdik. Həmrəylik belə idi ki, adamlar pul verirdilər, axırda son iki il ərzində kim nə qədər əmək haqq alıb, o əmək haqqına görə orta pensiya məbləği hesablanırdı. Bu, ədalətsizlik idi. Bu sistem təkmilləşdi, özü də zaman-zaman təkmilləşdi, hələ bu gün də təkmilləşir. Fərdi uçot sistemində artıq ödəmələri poçtalyonlardan keçdik kartlarla paylanma sisteminə. Təsəvvür edin ki, poçt-rabitə şöbələrində pensiyaların paylanmasından faydalanan yüzlərlə adamlar var idi ki, onlar bunun əleyhinəydilər. Amma keçdik kart sisteminə, bankomat sisteminə. Biz qanunvericiliyi də təkmilləşdirdik. Sığorta fonduna keçirilən vəsaitlərin məcburiliyini və ilkinliyini təmin etdik. Belə ki, əvvəllər bütün pullar bölünürdü, Sosial Sığorta Fonduna köçürməyə pul qalmırdı. İndi biz birinci qoymuşuq əmək haqqı, sonra sığorta haqqı. Təkcə bu addım sığorta sistemini xeyli gücləndirdi. Bu gün bizdə pensiyaların ödənilməsində, demək olar ki, problem yoxdur. Hər ayın sonunda pensiyalar hesablanır, ödənilir. Bu, böyük islahatlardır. Növbəti islahatlar gənclər-ailə-uşaq siyasəti ilə bağlı olan islahatlar idi. Təsəvvür edin ki, Azərbaycanda idarəetmənin strukturu təkmilləşlərək İdman-Gənclər Nazirliyi və Ailə, Qadın və Uşaq Problemlərinin həlli üzrə Dövlət Komitəsi yarandı, konsepsiyaları dəyişdi, istiqamətləri təkmilləşdi, gənclər siyasəti və uşaq problemləri ilə bağlı onlarla qanun qəbul edildi, beynəlxalq əməkdaşlıq gücləndi. Eyni zamanda, qanunlar qəbul olunmaqla yanaşı çox ciddi islahatlar da aparıldı".
Səhiyyə ilə bağlı Azərbaycanda çox böyük işlərin görüldüyünü vurğulayan H.Rəcəbli səhiyyə sistemində dövlət müəssisələrində pullu xidmət deyilən məfhumun ləğv olunduğunu, sağlamlığın qorunması haqqında qanunun qəbul olunduğunu dedi. Millət vəkilinin sözlərinə görə, tibbi sığorta haqqında qanun qəbul olunsa da, bu sahə fəaliyyət göstərmir: "Artıq üç ildir büdcədən bu məqsədlər üçün pul ayrılıb, ancaq hansısa məmurun və yaxud da kiminsə səhlənkarlığından tibbi sığorta sistemi işləmir. Tibbi sığorta sistemi işləsə, görün səhiyyənin maliyyələşməsində və səhiyyədə olan bəzi neqativ halların aradan götürülməsində nə qədər böyük rol oynayar. Azərbaycanda 20 il ərzində sosial müdafiə sistemi kökündən təzələnib, müasirləşib, təkmilləşib. Azərbaycan xalqının real gəlirləri artıb, güzəranı daha da yaxşılaşdırılıbdır. Bu gün respublikamızın bütün şəhər və rayonlarında böyük abadılıq-quruculuq işləri aparılır. Müasir tələblərə uyğun xəstəxanalar, məktəblər tikilir, yol infrastrukturu və digər əhəmiyyətli sosial strukturlar yenilənir. Bəs bunlar sosial müdafiə deyilmi? Beləliklə, Azərbaycanda sosial müdafiə sistemi günü-gündən təkmilləşdi və özünü də bu 20 il ərzində hiss olunan dərəcədə göstərdi ..."
RƏFİQƏ KAMALQIZI