Artıq heç kimə sirr deyil ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra QHT-lər cəmiyyətdə ictimaiyyətçilikdən daha çox siyasiləşmiş təşkilat təsiri bağışlayırlar. Belə ki, siyasiləşmiş QHT-lər təşkilatlarına müvafiq işlər görmək yerinə, bilavasitə, müxalifət düşərgəsində fəaliyyət göstərən partiyalarla iş birliyinə gedib, tamamilə fərqli mövqe nümayiş etdirirlər. Bu mənfi amil isə, ilk növbədə, Konstitusiyada təsbit olunmuş qanunların pozulması analamını daşıyır. Eyni zamanda, vurğulamaq yerinə düşərdi ki, bu tipli təşkilatlar, ictimai birliklər şəxsi mənfəətlərini güdməklə xaricdən idarə edilərək təlimatlandırılırlar.
Daha dəqiq desək, anti-Azərbaycan meyilli beynəlxalq təşkilatlarla iş birliyinə gedib, xəyanətkar olduqlarını təsdiqləyirlər. Leyla Yunusovanın "Sülh və Demokratiya İnstitutu"nu, Arzu Abdullayevanın "Helsinki Vətəndaş Assambleyası"nı və digər bu kimi xəyanətkar qurumlar barədə mətbuatda kifayət qədər məlumatlar mövcuddur. Lakin daha bir məsələ də mövcuddur ki, bu da xarici qüvvələr tərəfindən idarə olunan siyasiləşmiş QHT-lərin ölkə iqtisadiyyatının inkişafına kölgə salmaq cəhdləridir. Onu da xatırlatmaq istərdik ki, həmin təşkilatlara radikal müxalifət partiyaları və onların mətbuat orqanları da dəstək verirlər. Çünki onların da burada şəxsi mənfəət güdmə əməlləri var.
Belə ki, son vaxtlar müxtəlif məqsədlərə xidmət edən sözügedən qeyri-hökumət təşkilatları və onların ruporuna çevrilən radikal müxalifət qəzetləri və saytları ölkəmizin iqtisadi həyatında möhkəm, əhəmiyyətli rol oynayan neft-qaz sektorunda müşahidə olunan müsbət tendensiyaları gücdən salmaq, davamlı nailiyyətlərə qara yaxmaq yolunu tutaraq qərəzli, həqiqətə uyğun olmayan informasiyalar yaymaqla ictimaiyyəti çaşdırmağa yönəlmiş cəhdlər göstərirlər.
Neftçiləri "müdafiə" edənlərin bəyanatları nəyə hesablanıb?
Bu təşkilatlardan biri də Neftçilərin Hüquqlarının Müdafiə Komitəsi adlanan qeyri-hökumət təşkilatıdır. Bu təşkilatın 2011-ci il oktyabr ayının əvvəllərində qəbul olunmuş və "Yeni Müsavat" qəzetinin 7 oktyabr sayında dərc edilmiş bəyanatında "Bahar Energy Operating Company Limited" şirkəti haqqında məsuliyyətsiz və həmin şirkətin işgüzar, yüksək nüfuzuna xələl gətirən məlumatlar yer almışdır. Belə ki, sözügedən qondarma və əsassız bəyanatda "Bahar Energy Operating Company Limited" şirkətinin Azərbaycan nümayəndəliyi tərəfindən guya 500 nəfər neftçinin işdən azad olunduğu bildirilir. Təbii ki, bu cür böhtanlar yuxarıda qeyd etdiyimiz kimi, yalnız hansısa xarici qüvvələr tərəfindən yönəldilmiş süni oyun, siyasi sifarişdir. "Bahar Energy Operating Company Limited" şirkətinin inzibati məsələlər üzrə vitse-prezidenti Elşad Həsənov bununla bağlı mətbuata verdiyi açıqlamasında demişdir ki, 2011-ci il oktyabr ayının 3-ə qədər şirkətin 184 nəfər işçisi ilə bağlanmış əmək müqaviləsinin müddəti bitmişdir. Həmin işçilərin bir qismi əmək müqavilənin yeni müddətə bağlanması xahişi ilə nümayəndəlik rəhbərliyinə müraciət etmişdir. Və bu günə qədər onlardan 61 nəfərin ərizəsi təmin edilmiş, 55 nəfərin müraciəti nəzərə alınmamışdır. Qalan müraciətlər isə baxılma mərhələsindədir. Maraqlıdır ki, əgər şirkət bu qədər humanist davranış göstərib işçilərin əksəriyyətini yenidən işə qəbul edirsə, Neftçilərin Hüquqlarının Müdafiə Komitəsi deyilən qondarma QHT daha hansı qanun pozuntusundan dəm vurur? Bir də ki, bu "komitə" nəyə görə açqlamır ki, boş yerə hay-küy salmaqdan ötrü onlara xaricdən nə qədər pul-para ötürüblər? Və həmin QHT radikal müxalifətə mənsub qəzetlərə nə qədər "görüb-baxım" edəcək?
Şirkətdəki idarəçilik funksiyası qanuni səciyyə daşıyır, siyasiləşmiş QHT isə qanunazidd "siyasət" yürüdür
E. Həsənov onu da bildirmişdir ki, "Bahar Energy Operating Company Limited" şirkətində işçilərlə əmək möqaviləsi konkret müddətə imzalanır və həmin müddət başa çatdıqda müqaviləyə xitam verilməsi tamamilə qanuni səciyyə daşıyır. Yəni bir qayda olaraq, əmək müqaviləsinə xitam verilərkən işçilərin məşğul olduqları layihələrin başa çatması, onların təqaüdə çıxması, əmək qabiliyyətini itirməsi və s. məsələlər əsas götürülür. O, cari ilin oktyabrında əmək müqaviləsinə xitam verilmiş 55 nəfər işçinin də təqaüdçü olduğunu söyləmişdir. E. Həsənovun sözlərinə görə, Neftçilərin Hüquqlarının Müdafiə Komitəsi adı altında fəaliyyət göstərən qeyri hökumət təşkilatının "Bahar Energy Operating Company Limited" şirkətindən 500 nəfərin işdən çıxarılması haqqında məlumatı isə tamamilə yanlan və böhtanlar üzərində qurulmuş xarici sifarişdir. E. Həsənov xüsusilə bildirmişdir ki, "Bahar Energy Operating Company Limited" şirkətində çalışan Azərbaycan vətəndaşlarının işə götürülmə və əmək müqaviləsinə xitam verilmə məsələləri dövlət orqanlarının, o cümlədən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ciddi nəzarətindədir.
Bu hadisə Leyla Yunusovanın "qaraqışqırığından" heç də fərqlənmir
Məsələyə nəzər saldığımız zaman hələ bir müddət bundan öncə Leyla Yunusovanın "ofis" üstündə saldığı "qaraqışqırığını" da bu hadisəyə bənzətmək mümkündür. Xatırladaq ki, şəhərdə aparılan abadlıq-quruculuq işləri ilə bağlı keçmiş Basin küçəsində yerləşən köhnə tikililər söküldü. Lakin orada yaşayan sakinlərə ya şəhərin mərkəzi ərazilərində yeni mənzillər verildi, ya da mənzil yerinə müvafiq ödənişlər reallaşdırıldı. Maraqlısı isə odur ki, həmin sakinlərdən heç biri bundan narazı qalmamışdılar. Amma L.Yunusova nədənsə bundan "narazı" qaldı və məlum olay süni olaraq şişirdildi. Hətta bir neçə qondarma xarici təşkilatlar da öz "münasibətlərini" bildirməyə macal tapdılar. Amma sonda nə oldu? Nəyə görə L.Yunusova daha bu barədə dinib-danışmır? Cavab gün kimi aydındır: Bu satqın "xanıma" həmin "qaraqışqırığa" görə kifayət qədər qarantlar verildi... Bu gün neftçiləri "müdafiə" edən bu QHT də bir müddət sonra susacaq. Çünki öz xəyanətkar missiyasını yerinə yetirdikdən sonra onun da ağzına bir miqdar xarici valyutalar atılacaq. Maraqlıdır ki, görəsən, bundan sonra həmin siyasiləşmiş Neftçilərin Hüquqlarının Müdafiə Komitəsi neftiləri "müdafiə" etməyə qalxacaqmı?
RÖVŞƏN NURƏDDİNOĞLU