PDF Oxu

Sosial

  • 10

“Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz”

“Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz”

YAP Naftalan şəhər təşkilatının dövlət müstəqilliyimizin 20 illiyi ilə bağlı "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" mövzusunda elmi-praktiki konfransı keçirilib. Konfrans iştirakçıları ilk öncə şəhərin mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə təzə tər gül-çiçək dəstələri qoyub. Konfransın rəsmi hissəsi Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən foto-stendlərin ziyarət edilməsi ilə başlayıb.

Konfransı Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov açaraq giriş nitqi söyləyib: "Müasir dövrdə hər bir xalqın mənəvi-əxlaqi dəyərlərini qoruyaraq gələcək nəsillərə ötürmək fenomen şəxsiyyətlərin üzərinə düşür. Yalnız böyük şəxsiyyətlər yetişdirən xalqlar minilliklər boyunca möhkəm mənəvi təməl üzərində inamla irəliləyirlər. Azərbaycanda bu ağır və taleyüklü missiyanı Ulu Öndərimiz Heydər Əliyev öz üzərinə götürmüşdür. Ulu Öndərimiz Heydər Əliyev, xalqın saf inanclarını, sağlam dəyərlərini bütün siyasi proseslərin fövqündə saxlayaraq qorumağı bacarmış lider kimi əbədiyaşarlıq zirvəsinə ucalmışdır. Bu gün Azərbaycan dini dözümlülük və tolerantlıq baxımından bütün dünyaya nümunə göstərilir. Bunun təməlinin 70-ci illərdə qoyulduğunu söyləyənlər tamamilə haqlıdırlar. Çünki 70-ci illərdə - dinsiz və Allahsız sovet cəmiyyətində Heydər Əliyev islam dininə aid ibadətgahların bərpasına nail olmuşdu. Onun ən böyük uzaqgörənliklərindən biri də 70-ci illərdə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin fəaliyyətinin güclənməsinə göstərdiyi yardım sayıla bilər. Ümummilli Liderimiz Heydər Əliyev ikinci dəfə siyasi ali hakimiyyətə qayıdışından sonra qısa müddətdə məscidlər təmir və bərpa olundu. Bibiheybət məscidi yenidən ucaldıldı".

Konfransda "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" mövzusunda məruzə ilə Heydər Əliyev Mərkəzinin direktoru Elman Alıyev çıxış edib. E.Alıyev bütün ömrünü vətəninə və xalqına həsr etmiş Ümummilli Liderimiz Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasında, mədəniyyətimizin inkişafında müstəsna xidmətlər göstərdiyini söyləyib: "Ulu Öndərin azərbaycançılıq fəlsəfəsinin, humanitar siyasətinin konseptual əsaslarını əks etdirən zəngin mədəniyyətşünaslıq irsinin və maarifçilik fəaliyyətinin tədqiqi və mənimsənilməsi müasir qloballaşma dövründə xüsusilə əhəmiyyətlidir. Bu dövrdə məhz çoxəsrlik mədəniyyətimiz və mənəvi dəyərlərimiz Ümummilli Liderimiz Heydər Əliyevin qürur duyduğu azərbaycanlılığımızı, milli kimliyimizi qoruyub yaşatmağa imkan verəcək zəmindir. Mədəniyyətimizin bütün dövrlərini və sahələrini əhatə edən Ulu Öndərimiz Heydər Əliyev irsi, onun yaratdığı azərbaycançılıq ideologiyası məhz bu amala xidmət edən müstəsna dəyərdir".

Tədbirdə Naftalan şəhər 1 və 2 saylı orta məktəblərinin şagirdləri Azərbaycanın dövlət müstəqilliyinə həsr olunmuş kompozisiya ilə çıxış ediblər. Tədbirdə YAP sıralarına yeni qəbul olunmuş üzvlərə təntənəli surətdə partiyanın vəsiqələri təqdim edilibdir. Həmçinin, "Müstəqilliyimiz qürur mənbəyimizdir" mövzusunda keçirilən inşa yazı müsabiqəsində Naftalan şəhər 1 və 2 saylı və Qaşaltı, Qaraqoyunlu kənd orta məktəblərində I, II, III yerləri tutan şagirdlərə Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatı adından diplomlar və qiymətli hədiyyələr verilib. Tədbirin bədii hissəsi Naftalan şəhər mədəniyyət və turizm şöbəsinin hazırladığı konsert proqramı ilə davam etdirilibdir.


Möhübbət Bədəlov, YAP Naftalan şəhər təşkilatının sədri

Digər xəbərlər