PDF Oxu

Sosial

  • 16

BƏƏ-də Azərbaycan diasporu Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd edib

BƏƏ-də Azərbaycan diasporu Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd edib

Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyəti Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünü konfrans keçirməklə qeyd edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən qəzetimizə verilən məlumata görə, tədbirdə BƏƏ-də yaşayan azərbaycanlılarla yanaşı türklər, İraq türkmənləri, ictimaiyyət nümayəndələri, yerli hökumət təmsilçiləri, o cümlədən, Dubay Hökuməti Aparatının ictimai və mədəni məsələlər üzrə müşaviri Səid Əl-Nəccar iştirak ediblər. Tədbirdə çıxış edən "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsi barədə məlumat verib. Müstəqilliyinin ilk illərində siyasi və iqtisadi böhran, Ermənistanın təcavüzü ucbatından torpaqlarının 20%-ni itirmiş gənc respublikanın çətin və mürəkkəb günlər yaşadığını qeyd edən Samir İmanov 1993-cü ildə xalqın tələbi ilə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkənin tarixində yeni mərhələnin başlandığını vurğulayıb. Ulu Öndər Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasət sayəsində hazırda Azərbaycanın dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrildiyini söyləyən Samir İmanov, qısa müddət ərzində, respublikanın həyatın müxtəlif sahələrində əldə etdiyi nailiyyətlərindən bəhs edib. Daha sonra konfrans iştirakçılarına Diasporla İş üzrə Dövlət Komitəsinin təqdim etdiyi Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətləri əyani surətdə əks etdirən müxtəlif dillərdə dərc olunmuş broşür və bülletenlər, Azərbaycanın qədim və zəngin mədəniyyətinə, musiqisinə, incəsənətinə, o cümlədən, xalçaçılıq sənətinə dair müxtəlif kitablar verilib. Hədiyyə olaraq tədbir iştirakçılarına Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev haqqında ingilis, ərəb və rus dillərində kitablar, Ermənistanın Azərbaycana təcavüzündən bəhs edən "Erməni terroru", Heydər Əliyev Fondunun hazırladığı "Qarabağ həqiqətləri" kitabları da təqdim olunub. Konfransda iştirak edən Dubay Hökuməti Aparatının ictimai və mədəni məsələlər üzrə müşaviri Səid Əl-Nəccara Samir İmanov tərəfindən əlavə olaraq "Azərbaycan tolerantlıq məkanıdır" kitabı da hədiyyə edilib.Konfrans Diasporla İş üzrə Dövlət Komitəsinin təqdim etdiyi Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətlərdən bəhs edən "Azərbaycan deyəndə" və "İlham Əliyev: yeni mərhələ" filmlərinin nümayişi ilə davam etmişdir. Dubay hökumətinin rəsmi nəşri olan "Al-Bayan" qəzetinin əməkdaşı Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş konfransda iştirak etmiş və məqalə hazırlamışdır. Qəzetin 6 oktyabr 2011-ci il tarixli sayında dərc olunmuş məqalədə müasir Azərbaycan Respublikasının 1918-ci ilin 28 mayından 1920-ci ilin 28 aprelinə kimi 23 ay ərzində mövcud olmuş Azərbaycan Demokratik Respublikasının hüquqi varisi olduğu qeyd olunub. Həmin respublikanın qısa müddət ərzində mövcud olmasına baxmayaraq, tarixdə iz buraxmağa nail olduğunu qeyd edən müəllif daha sonra "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanovun "tarixdə buraxdığı bu iz sayəsində 70 ildən sonra 1991-ci ilin 18 oktyabr tarixində müstəqil Azərbaycan respublikasının bərpasına çağırışlar başlanmışdır" fikrini önə çəkmişdir. Müəllif "Azərbaycan" Cəmiyyətinin sədrinin konfransdakı çıxışına istinad edərək, qeyd etmişdir ki, "90-cı illərin əvvəllərində çox az adam inanırdı ki, Azərbaycan suveren dövlət kimi yaşamağa və inkişaf etməyə qadir ola bilər. Çünki ölkədə erməni təcavüzü, siyasi və iqtisadi qeyri-sabitlik hökm sürürdü. Lakin Azərbaycan bütün bu çətinlikləri aradan qaldıraraq tarixə öz uğurlu hekayəsini yazdı və şəkk-şübhə edənlərə nəyə qadir olduğunu əyani olaraq nümayiş etdirdi".


ZÜMRÜD

Digər xəbərlər