Radikal müxalifət partiyaları fəaliyyət göstərdikləri 20 il ərzində nəyəsə nail ola bilməyiblər. Bu isə onların cəmiyyət tərəfindən qəbul olunmadıqlarının göstəricisi sayılır. Radikal müxalifət yalnız xarici maraqlı qüvvələrə arxalanır ki, bu da onlara yalnız aşağılıq gətirir. Ölkədə bir sıra müxalif partiyalar var ki, xaricdən maliyyələşir. Son vaxtlar baş verən müxalifətdaxili proseslər partiyaların tamamilə məhv olmaq ərəfəsində olduğunu deməyə əsas verir. Məhz bu amilə görə də, radikal müxalifətin yaratdığı qondarma qurum olan "İctimai Palata" üzvləri bundan sonra mitinqlər keçirməyəcəklərini bəyan ediblər. Təbii ki, bunun səbəbi onların özlərinə olan inamsızlıqlarından və sosial bazalarının olmadığını dərk etmələrindən irəli gəlir. "Yurddaş" Partiyasının sədri Mais Səfərli bizimlə söhbətində bildirdi ki, partiyalara verilən qiymət onların fəaliyyəti və görülən işlərlə bağlıdır:
- Bildiyiniz kimi, radikal müxalifət partiyaları uzun illərdir ki, müxalifət düşərgəsində heç nəyə nail ola bilməyiblər. Müxalifətdə olan partiyaların ən böyük missiyası ölkədə keçirilən seçkilərdə iştirak etmələridir. Əgər sözügedən partiyalar bu seçkilərdə uğur qazana bilmirsə, onda bu partiyalar səhvləri özlərində axtarıb tapmalıdır. Yəni belə bir suala cavab tapmalıdırlar ki, nəyə görə bu partiya ictimaiyyət tərəfindən dəstəklənmir? Bir sözlə, onları bu sualın cavabı məşğul etməlidir. Düşünürəm ki, ölkədə fəaliyyət göstərən partiyalar ictimaiyyətin səsini qazanmaq üçün bir çox addımlar atmalıdır. Yəni bu və ya digər partiya ortaya normal ideyalar qoymalı, ictimaiyyəti həmin ideyanın düzgün olmasına inandırmalıdır. Eyni zamanda, həmin ideyalar ölkəmizi daha inamlı gələcəyə aparmalıdır. Amma təəssüflər olsun ki, radikal müxalifət düşərgəsində olan qüvvələr hələ indiyə qədər ortaya normal ideyalar qoya bilməyiblər. Digər bir tərəfdən, radikal müxalifət qüvvələrinin xalq tərəfindən dəstəklənməməsinin əsas səbəbi odur ki, onlar 1992-1993-cü illərdə hakimiyyətdə olduqları zaman xalq və dövlət üçün ciddi problemlər yaradıblar. Təbii ki, 1992-ci ildə baş verən hadisələr xalqın gözünü qorxudub. Demək olar ki, radikal müxalifət düşərgəsində olan qüvvələr hələ də öz iş fəaliyyətlərində çox ciddi səhvlərə yol verirlər. Bu səhvlər də onları uğursuzluğa aparıb çıxarır.
Düzdür, "İctimai Palata" ölkədə bir neçə dəfə icazəsiz aksiyalar keçirməyə cəhd edib. İcazəsiz aksiyalar heç vaxt iğtişaşlar törətmək istəyən partiyalara heç nə verməyib. Bildiyiniz kimi, ölkədə icazəsiz aksiyaların keçirilməsi ictimai rəydə çox pis qarşılanır. Sözsüz ki, belə aksiyaların keçirilməsi ölkədə vətəndaşlarının rahatlığını pozur. Təbii ki, hər bir vətəndaş onların bu cür hərəkətlərindən narahatdır. Ona görə də, icazəsiz aksiyalar heç vaxt insanlar tərəfindən dəstəklənməyərək, onların nifrətinə səbəb olur. Radikal müxalifət qüvvələri hesab edirlər ki, ölkədə icazəsiz aksiyalar keçirməklə ictimai dəstək qazana biləcəklər. Əksinə, onlar burada çox böyük səhvə yol verirlər.
Azərbaycan Konstitusiyası və qanunlarına görə, siyasi təşkilatların xarici ölkələr tərəfindən maliyyələşdirilməsi qəti qadağandır. Bu gün ölkədə fəaliyyət göstərən partiyaların özləri açıq surətdə xaricdən maliyyələşdirilməsələr də, hər birimiz cəmiyyətin bir üzvü olaraq yaxşı bilirik ki, bu partiyalar QHT-lər vasitəsilə dolayısı ilə xaricdən maliyyələşir. Düşünürəm ki, radikal müxalifət partiyalarının xaricdən maliyyə yardımı alması yolverilməzdir.
GÜLYANƏ