PDF Oxu

Sosial

  • 7

YAP alternativsiz qüvvədir

YAP alternativsiz qüvvədir

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının "Azərbaycan Dəmir Yolları" QSC ərazi ilk partiya təşkilatının hesabat-seçki konfransı keçirilib. Konfransda ilk təşkilatın sədri Xeyrulla Hümbətov məruzəsinə konfrans iştitakçılarını dövlət müstəqilliyimizin bərpa olunmasının 20 illiyi münasibətilə etdiyi təbriklə başlayıb.

O, qeyd edib ki, Azərbaycanın ikinci dəfə öz müstəqilliyini qoruyub saxlaması məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır: " Hazırda cənab Prezident İlham Əliyev tərəfindən Heydər Əliyev siyasəti uğurla davam etdirilir. Müstəqil dövlətimizin daha da güclənməsi istiqamətində bu gün düşünülmüş, uzaqgörən siyasət həyata keçirilməkdədir. Bu istiqamətdə qarşımızda mühüm vəzifələr dayanır. Yeni Azərbaycan Partiyası da bu vəzifələri özünün siyasi strategiyasının əsas istiqamətləri hesab edir".

X.Hümbətov onu da bildirib ki, dəmiryolçular da müstəqil dövlətimizin inkişafı naminə üzərlərinə düşən vəzifələri var qüvvələrilə yerinə yetirməyə çalışırlar. Onun vurğuladığına görə, Yeni Azərbaycan Partiyasının üzvləri olan dəmiryolçular bu estafeti daim uca tutur və onu vaxtında öz gənc həmkarlarına ötürürlər: "1996-cı ildə yaratdığımız bu təşkilat hazırda "Azərbaycan Dəmir Yolları" QSC aparatında və 31 ilk partiya təşkilatında 1800 nəfərdən çox üzvü birləşdirir. Departamentlər, şöbələr, müəssisə və təşkilatlardakı partiya özəklərimiz partiya üzvləri və əmək adamları arasında geniş təbliğat və ideoloji iş aparır. Təşkilatımızın üzvləri keçirilən bütün tədbirlərdə və ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. Eləcə də, ilk təşkilatımız əlamətdar günlərlə bağlı öz tədbirlərini keçirib". X.Hümbətovun sözlərinə görə, təşkilatın sıralarında gənclər təmsil olunur. Bu da gənclərlə aparılan işin, onlara göstərilən diqqətin nümunəsidir.

Yığıncaqda daha sonra "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Qurban Nəzirov çıxış edərək dəmiryolçuların Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətə sadiq olduqlarını və bu gün Prezident İlham Əliyevin ətrafında sıx birləşdiklərini vurğulayıb: "Dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində müstəqil dövlətimiz dinamik inkişaf edir, Azərbaycanın uğurları daha da artır və respublikamız beynəlxalq müstəvidə də öz mövqeyini gücləndirir".

Q.Nəzirovun sözlərinə görə, bu inkişaf dəmir yolu sahəsində də özünü göstərir. O, bu sahədə dövlət proqramlarının qəbul olunduğunu xatırladaraq,onların icra mexanizmlərinin mütəmadi olaraq, təkmilləşdirildiyini diqqətə çatdırıb: " Dəmiryolçular bundan sonra da dövlətmizin inkişafı üçün səylə fəaliyyət göstərəcəklər".

Hesabat-seçki konfransında YAP fəalları Fuad Rəsulov və Jalə Əfəndiyeva çıxış edərək, bu vaxt ərzində ilk təşkilatın səmərəli fəaliyyət göstərdiyini qeyd ediblər.

Sonra YAP Mərkəzi Aparatının məsul işçisi, partiyanın Siyasi Şurasının üzvü Misirxan Vəliyev çıxış edərək, Yeni Azərbaycan Partiyasının yaranma tarixi, keçdiyi inkişaf yolu haqqında fikirlərini bildirib. O, qeyd edib ki, bu gün Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyev siyasəti nəticəsində sürətlə inkişaf edir və hər bir vətəndaş müstəqil dövlətimizlə qürur duyur.

YAP Nəsimi rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı isə öz çıxışında öncə müstəqilliyimizin bərpa olunmasının 20 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edib. M.İbrahimqızı bildirib ki, bu bayram ölkəmizlə yanaşı, dünyanın bir çox ölkələrində də qeyd edilməkdədir. M.İbrahimqızı vurğulayıb ki, YAP müstəqillik tariximizlə eyni sırada addımlayır və müstəqilliyimizin qorunmasında və inkişafında partiyamızın rolu olduqca böyükdür: " YAP ölkəmizdə alternativsiz siyasi qüvvədir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdı. Həmin vaxtdan etibarən partiyamızın üzvləri müstəqil dövlətimizin inkişafı üçün fədakarlıq nümayiş etdirmişlər. Bu gün çox sevinirik ki, müstəqil dövlətimiz etibarlı əllərdədir. Ümummilli Liderimiz Heydər Əliyev bütün ömrü böyu Azərbaycan xalqına misilsiz xidmətlər göstərib. Hazırda bu yolu Prezident İlham Əliyev uğurla davam etdirir. Bu gün Azərbaycan müstəqil siyasət həyata keçirir, bunun nəticəsində də böyük uğurlar qazanır. Bilirsiniz ki, indi dünyada qlobal proseslər gedir, böyük dövlətlər öz maraqlarını realaşdırmağa çalışırlar. Ancaq bütün təzyiqlərə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyev qətiyyət nümayiş etdirərək, milli maraqlarımıza xidmət edən siyasət həyata keçirir. Ona görə də, biz öz dövlətimizlə, öz Prezidentimizlə qürur duymalıyıq".

Hesabat-seçki konfransında daha sonra qərar layihəsi qəbul olunub və ilk təşkilatın fəaliyyəti qənaətbəxş qiymətləndirilib. Edilən çıxışlarla yanaşı, təşkilati məsələlərə də baxılıb və Xeyrulla Hümbətov yekdilliklə yenidən "Azərbaycan Dəmir Yolları" QSC ərazi ilk partiya təşkilatının sədri seçilib.O cümlədən, ilk təşkilatın sədrinin müavinləri, qadınlar şurasının və gənclər birliyinin sədrləri də seçilib. Bundan əlavə, ilk təşkilatın 9 nəfərlik idarə heyəti və YAP Nəsimi rayon təşkilatının 8-ci konfransına 46 nümayəndənin seçilməsi haqqında qərar qəbul olunub.

Tədbirin sonunda hesabat-seçki konfransı iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər