Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyi ilə bağlı, bütün rayonlarda olduğu kimi, Nəsimi rayonunda da silsilə tədbirlərin keçirilməsi davam edir. Dünən Bakı Slavyan Universitetinin akt zalında Nəsimi rayon icra hakimiyyətinin təşkilatçılığı ilə dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbiri keçirilib. Tədbirdə millət vəkilləri, YAP fəalları, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışıb: "Ümummilli Liderimiz Heydər Əliyev hər zaman xalqımızın çətin anlarında xilaskarlıq missiyasını yerinə yetirirərək, Azərbaycanı təhlükələrdən qurtarıb. Məhz ölkə Prezidenti İlham Əliyev Ulu Öndərimizin müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirir və bu proses ölkəmizin hərtərəfli inkişafı ilə müşayiət olunur".
Rayon rəhbərinin sözlərinə görə, dövlət başçısının Sərəncamı ilə Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafını nəzərdə tutan dövlət proqramı uğurla icra edilir. Bunun nəticəsində Nəsimi rayonunda da böyük abadlıq və quruculuq işləri həyata keçirilir.
Tədbirdə Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullayev çıxışında bildirib ki, Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevə sonsuz məhəbbət və ehtiramı var. Ümummilli Liderimiz öz fəaliyyəti ilə xalqın məhəbbətini qazanıb. Ona görə də, respublikanın bütün bölgələrində Ulu Öndər Heydər Əliyevin əzəmətli abidələri ucaldılır. Ümummilli Liderimiz Heydər Əliyevin müstəqil Azərbaycanın banisi olduğunu deyən K.Abdullayev qeyd edib ki, gənc nəsil Ulu Öndərimizin fəaliyyətini dərindən öyrənməlidir. Çünki bu, güclü tərbiyəvi əhəmiyyətə malikdir. Heydər Əliyev Azərbaycanı çox çətinliklərdən xilas edib və nəticədə belə bir müstəqil, hüquqi dövlət qurub.
YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı bu gün ölkəmizin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdiyini və dövlət müstəqilliyimizin daha da möhkəmlənməsində hər bir vətəndaşın öz töhfəsini verməsini vurğulayıb.
Millət vəkili Asim Mollazadə çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyaraq, onu bütün təhlükələrdən xilas etmişdir. Onun sözlərinə görə, bu gün Azərbaycanın Cənubi Qafqazda lider dövlət olması Heydər Əliyev siyasətinin təntənəsidir.
Tədbirdə Nəsimi rayon prokuroru Aqişin Ziyadov, "Sənayeavtomatika" İstehsalat Birliyinin baş direktoru Natiq Cavadov, 46 saylı tam orta məktəbin direktoru Sevinc Budaqova, 4 saylı şəhər kliniki xəstəxanasının baş həkimi Fikrət Zeynalov və başqaları çıxış edərək Azərbaycanın müstəqilliyinin, əbədi, dönməz amilə çevrilməsi birbaşa Ulu Öndər Heydər Əliyevin xidmətləri ilə bağlı olduğunu söyləyiblər. Bildirdilər ki, bu gün qüdrəti artan müasir Azərbaycanın bünövrəsi Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Xalqımız Ulu Öndərin misilsiz xidmətlərini unutmur.
RƏFİQƏ HÜSEYNOVA