Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatı rayon gənclər və idman idarəsi ilə birgə dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş kross yarışı keçirmişdir. İdman yarışında rayonun gəncləri fəal iştirak edərək öz məharətlərini sərgiləyiblər. Kross idman yarışı yekunlaşdıqdan sonra, qaliblər müəyyənləşmişdir. YAP Xaçmaz rayon təşkilatı yarışın qalibləri olan Süleymanov İmrana, Nadurmetova Elmiraya, Şükürov Ravidə, Süleymanova Nəcabətə, Qurbanova Şeydaya, Nurullayeva Eltaca və yarışın ən kiçik iştirakçıları- 8 yaşlı Əzizov Elmara və 11 yaşlı Şeydayeva İndiraya qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim ediblər.
Yarış qaliblərinə fəxri fərmanların və hədiyyələrin təqdim edilməsi mərasimində YAP Xaçmaz rayon təşkilatının sədr müavini Rəqibə Bağıyeva və rayon gənclər və idman idarəsinin rəisi Qalib Səfərəliyev çıxış edərək, bütün yarış iştirakçılarını Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi münasibəti ilə təbrik etmiş, onlara gələcək həyatlarında uğurlar arzulamışlar.
Xatırladırıq ki, bu cür mədəni-kütləvi tədbirlərlə yanaşı, oktyabr ayının 10-dan ehtibarən, YAP Xaçmaz rayon təşkilatı ilk partiya təşkilatlarında da hesabat-seçki yığıncaqlarına start verilib. Belə ki, YAP Xaçmaz rayon təşkilatında 7500 partiya üzvünü birləşdirən 124 ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncaqlarının keçirilməsinə hazırlıq işləri başa çatdırılmış, ilk təşkilat sədrləri üçün seminarlar keçirilmişdir.
RÖVŞƏN RƏSULOV