PDF Oxu

Sosial

  • 9

“İnsanın sağlamlıq hüququ: səhiyyənin hüquqi və etik məsələləri” mövzusunda beynəlxalq elmi-konfrans

“İnsanın sağlamlıq hüququ: səhiyyənin hüquqi və etik məsələləri” mövzusunda beynəlxalq elmi-konfrans

Azərbaycanın dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş silsilə tədbirlər davam etməkdədir. Dünən Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda "İnsanın sağlamlıq hüququ: səhiyyənin hüquqi və etik məsələləri" mövzusunda beynəlxalq elmi konfrans da məhz dövlət müstəqilliyimizin bərpasının iyirminci ildönümünə həsr edilmişdi.

Konfransı giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə fəlsəfə doktoru Aytən Mustafayeva açaraq müstəqillik dövründə Azərbaycan səhiyyəsində baş verən yeniliklər, aparılan islahatlarla bağlı məlumat verdi. O, qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın diqqət və qayğısının nəticəsi olaraq Azərbaycan səhiyyəsində böyük nailiyyətlər əldə olunmuş, dünyanın aparıcı dövlətləri ilə təcrübə mübadiləsi aparılmaqdadır. Azərbaycanda olan bu yeniliklər dünyanın nüfuzlu səhiyyə müəssisələrinin diqqətini ölkəmizə cəlb etmişdir.

A.Mustafayeva ölkə rəhbərliyi tərəfindən səhiyyə sahəsində aparılan islahatların qarşısına Azərbaycan vətəndaşlarının Konstitusiyada təsbit edilmiş sağlamlıq hüququnun təmin olunması üçün tibbi yardımın və səhiyyə xidmətlərinin keyfiyyətini yüksəltmək vəzifəsinin qoyulduğunu diqqətə çatdırdı.

Konfransda Milli Məclisin deputatı, hüquq üzrə fəlsəfə doktoru Qənirə Paşayeva "Həkim səhlənkarlığının hüquqi və etik aspektləri" mövzusunda çıxış etdi. O bildirdi ki, Milli Məclisdə "Pasiyent hüququ haqqında qanun"un gələcəkdə qəbulu və tətbiqi hüquqi baxımdan yeni sahədir. Qanun qəbul olunduqdan sonra onun işlənmə mexanizmində "Tibbi sığorta haqqında" qanunun tətbiqi vacib amillərdəndir.

Konfransda Ümumdünya Tibbi-Hüquq Assosiasiyasının üzvü, ABŞ-ın Şimali Karolina Universiteti qlobal ictimai səhiyyə fakültəsinin səhiyyə sistemləri və onların idarə olunması kafedrasının professoru Din Xarris çıxış edərək, səhiyyədə müxtəlif professional hüquq pozuntularının ümumi təsnifatını təqdim etdi. Sonra isə bunların yaranma səbəblərinə aydınlıq gətirdi. Müxtəlif ölkələrdə bu məsələlərin nizamlanması yollarından nümunələri diqqətə çəkdi. Problemlərin həllinin tapılmaması və cəzasızlıq şəraiti tibbi yardımın dinamik inkişafı səviyyəsinin və keyfiyyətinin aşağı düşməsinə, əhalinin səhiyyəyə inamının azalmasına, vətəndaşların xarici ölkələrdə müalicəyə üstünlük verməsinə, bəzi ölkələrdə isə insanlara dəyən ziyanın əvəzini ödəmək iqtidarında olmayan hüquq sistemlərinə inamların itirilməsinə səbəb olur. Din Xarris Azərbaycanın mütərəqqi qanunvericiliyini yüksək qiymətləndirərək, müzakirələrin səviyyəsindən razı qaldığını bildirib.

Tədbirin sonnuda AMEA-nın İnsan hüquqları İnstitutunun elmi işlər üzrə direktor müavini, Ümumdünya və Amerika Tibbi-Hüquq Assosiasiyalarının üzvü, tibb elmləri doktoru, professor Vüqar Məmmədov "Azərbaycanda tibbi-hüququn inkişafı müasir çağırışlara cavab kimi" mövzusunda məruzə ilə çıxış edib.

NƏZAKƏT

Digər xəbərlər