PDF Oxu

Sosial

  • 10

Ölkəmizin hər yerində xalqımız dövlət müstəqilliyimizin 20 illiyini geniş qeyd edir

Ölkəmizin hər yerində xalqımız dövlət müstəqilliyimizin 20 illiyini geniş qeyd edir

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə dünən YAP Xızı rayon təşkilatının təşəbbüsü ilə talassemiya və hemofiliyalı uşaqlara qan vermə kampaniyası keçirildi.

Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükütla yad etdilər və Onun abidəsi önünə əklil, gül-çiçək dəstələri qoydular. Sonra YAP Xızı rayon təşkilatının inzibati binasında geniş tərkibdə yığıncaq keçirildi. Yığıncağı giriş sözü ilə açan YAP Xızı rayon təşkilatının sədri F.Haqverdiyev çıxış edərək, vurğuladı ki, ölkəmizin hər yerində xalqımız dövlət müstəqilliyimizin 20 illiyini geniş surətdə qeyd edir: "YAP Xızı rayon təşkilatının VII konfransına nümayəndələrin seçilməsi ilə bağlı tədbirlərimizin bu əlamətdar tarixi günlərdə keçirilməsi sevindiricidir. 19 avqust 2011-ci il tarixində möhtərən Prezidentimiz İlham Əliyevin Xızı rayonuna səfəri zamanı rayon təşkilatının yeni inşa olunmuş inzibati binasının açılışında iştirak etməsi rayon təşkilatının üzvlərinə bir töhfə oldu. Bu, partiyaya Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənablarının diqqət və qayğısının təzahürüdür".

F.Haqverdiyev 18 oktyabr 1991-ci il tarixində Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya aktının qəbul olunmasını xatırladaraq, bildirdi ki, SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin Azərbaycan xalqına bəxş etdiyi imkan nəticəsində ölkəmizdə XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağı qaldırıldı: "Həmin illərdə ölkədə özbaşınalıq, hərc-mərclik müstəqilliyimizin yenidən itirilməsi ərəfəsində xalq Ulu Öndər Heydər Əliyevə üz tutdu. Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, dövlətçilik, demokratiya, milli tərəqqi kimi ümumbəşəri dəyərləri təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu. Ümummilli Lider Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi illərlə arzuladığı işləri gerçəkliyə çevirdi. Ümummilli Liderin müəyyən etdiyi siyasi xətti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz sürətlə inkişaf edir,güclənir və qüdrətlənir".

Tədbirdə o da qeyd olundu ki, bu gün Azərbaycan vətandaşlarının rifah halı yaxşılaşır, sosial layihələr həyata keçirilir, paytaxt və bölgələrdə genişmiqyaslı tikinti-abadlıq işləri aparılır.

Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir.

Yığıncaqda çıxış edən rayon mərkəzi xəstəxanasının həkimi, partiyanın üzvü Jalə Həsənova dövlət müstəqilliyinin bərpasının 20 illiyindən, Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından və dövlətçiliyimizin qorunub-saxlanılmasından danışdı və müstəqilliyimizin 20 ili ərzində xalqımızın mədəniyyətində, təhsilində, səhiyyə sahəsində, milli-mənəvi dəyərlərimizin qorunmasında və əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini qeyd etdi.

Xızı rayon icra hakimiyyətinin başçısı, YAP Siyasi Şuranın üzvü V.Abdullayev Azərbaycan dövlət müstəqilliyinin tarixindən danışaraq, tədbir iştirakçılarını bu əziz və tarixi gün münasibətilə təbrik etdi. İcra başçısı XX yüzillikdə ikinci dəfə müstəqilliyin bərpa edilməsindən, müstəqilliyimizin ilk illərində Ümummilli Liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından, Ulu Öndərin siyasətini ölkə Prezidenti İlham Əliyevin uğurla davam etdirilməsindən və Prezidentin Xızı rayonuna səfərindən danışdı.

Tədbirin sonunda partiya sıralarına yeni qəbul olunmuş gənclərə partiyanın üzvlük vəsiqələri təqdim olundu. Daha bir neçə partiya fəalına isə YAP Xızı rayon təşkilatının fəxri fərmanları verildi.

Daha sonra tədbir iştirakçıları mərkəzi rayon xəstəxanasına gedərək, talassemiya və hemofiliyalı uşaqlara qanvermə kampaniyasına qoşuldular.


R.RƏSULOV

Digər xəbərlər