Kürdəmir rayonunun 2 min nəfərə yaxın əhalisi olan Dəyirmanlı kəndində içməli su problemi ortadan qaldırılmışdır. Belə ki, Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən kənddə modul tipli sutəmizləyici qurğu qoyulmuş, kəndin 12 məhəlləsinə bulaq çəkilmişdir. Sutəmizləyici qurğunun istifadəyə verilməsi kənd sakinlərinə əsil bayram təntənəsi yaşatmışdır. Bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi, ziyalılar və kənd sakinləri iştirak ediblər.
Açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikov Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə respublikada, o cümlədən, Kürdəmir rayonunda sosial-iqtisadi sahələrdə həyata keçirilən irimiqyaslı layihələrdən, əhalinin sosial problemlərinin həlli, həyat səviyyəsinin yüksəldilməsi məqsədi ilə görülən işlərdən danışmışdır. F.Məlikov bildirmişdir ki, aran iqtisadi rayonuna daxil olan Kürdəmirdə ekoloji cəhətdən təmiz içməli su sovetlər birliyi dövründə belə problemli məsələ olmuşdur: "Müstəqillik illərindən sonra ölkəmizdə əldə olunan iqtisadi yüksəliş bu vacib problemin də həllinə imkan yaratmışdır. Rayonun 13 kəndində son illərdə modul tipli sutəmizləyici qurğu istifadəyə verilməklə, ümumilikdə, 173 məhəlləyə bulaq çəkilmişdir. Rayonda istismara verilmiş sutəmizləyici qurğular Cənubi Koreya və Türkiyə şirkətinin istehsalı olmaqla hər biri sutkada 40-50 ton suyu təmizləyib əhalinin istifadəsinə verir. İstismara verilmiş sutəmizləyici qurğular kənd bələdiyyəsinə təhvil verilmiş, bələdiyyələr tərəfindən hər bir qurğuya xidmət göstərən işçilər müəyyənləşdirilmiş və təhkim edilmiş işçilərə podratçı təşkilatlar tərəfindən əmək haqqı və sutəmizləyici qurğunun istifadə etdiyi enerjinin dəyəri ödənilir".
İcra başçısı, xüsusilə vurğulayıb ki, ölkə Prezidenti İlham Əliyevin "Kürdəmir rayonu əhalisinin içməli su təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında" 26 avqust 2011-ci il tarixli Sərəncamına əsasən rayonun 5 min nəfər əhalisinin yaşadığı Şahbəyli, Sor-Sor, Ərşəli, Muğanlı, Xınıslı yaşayış məntəqələrində modul tipli sutəmizləyici qurğuların quraşdırılması nəzərdə tutulmuşdur.
Daha sonra modul tipli sutəmizləyici qurğunun açılış mərasimində kənd ağsaqqalları, ziyalılar çıxış edərək, ölkə rəhbərinə respublikadakı ictimai-siyasi vəziyyətə, dinamik inkişafa və onların sosial problemlərinin həlli istiqamətində görülmüş işlərə və həyata keçirilmiş tədbirlərə görə minnətdarlıqlarını bildirmişlər. Açılış mərasiminin sonunda təntənəli şəkildə rəmzi qırmızı lent kəsilmiş, sutəmizləyici qurğu işə salınmışdır.
RÖVŞƏN