Respublikamızın hər yerində tarixi bayrama - dövlət müstəqilliyimizin 20-ci ildönümü ilə bağlı geniş tədbirlər keçirilir. Bu tarixi hadisə ilə əlaqədar tədbirlər planına uyğun olaraq Tərtər rayonunda da müxtəlif mövzularda yığıncaqlar keçirilir, elmi-praktik konfranslar təşkil olunur, dəyirmi masalar, idman yarışları, inşa yazı müsabiqələri, gənc istedadların rəsm və əl işlərindən ibarət sərgilər, asfalt üzərində rəsm əsərlərinin müsabiqələri keçirilir.
Dünən "Müasir Azərbaycan: 20 il inkişaf yollarında" mövzusunda YAP Tərtər rayon təşkilatı və Tərtər rayon icra hakimiyyətinin təşkilatçılığı ilə dövlət müstəqilliyimizin 20-ci ildönümünə həsr olunan tədbir keçirilib. Tədbir iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılan Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər. Sonra tədbir rayon mədəniyyət evində davam etdirilib. Tədbirə YAP Tərtər rayon təşkilatının şura üzvləri, ərazi ilk partiya təşkilatının nümayəndələri, müəssisə və idarə rəhbərləri, rayon ictimaiyyəti iştirak edib. Keçirilən tədbirdə çıxış edən Tərtər rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolun, əslində, 1969-cu ildən - məhz Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana ilk dəfə hakimiyyətə gəlməsi ilə başlandığını söyləyib: "Elə həmin tarixi ildən Azərbaycanın ən parlaq səhifələri yazıldı. Azərbaycan həmin ilə qədər bütün sahələrdə geridə qalmış respublikalar cərgəsində idi. Lakin 1969-cu ildən sonra Azərbaycan lider respublikalar cərgəsinə qoşularaq, birincilər sırasına çıxdı".
C.Cəfərov Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsinini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlərin təşkil etdiyini vurğulayıb: "Dahi şəxsiyyətin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaq idi. Uzaqgörən Lider Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdur".
Tədbirdə YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov bütün mənalı həyatını öz xalqına bəxş etmiş Ulu Öndərin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsil dövlət idarəçiliyi və əsil siyasi-fəlsəfi məktəbə çevrildiyini bildirdi: "Azərbaycan xalqının hələ neçə-neçə gələcək nəsli bu böyük, nəhəng məktəbdən, Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır".
R.Şabanov onu da vurğulayıb ki, 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə qayıdışı Azərbaycanda yeni tarixi mərhələnin - dövlət müstəqilliyinin möhkəmləndirilməsi dövrünün başlanğıcı oldu: "Ulu Öndər Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi, məharətli siyasətçi kimi illərlə arzuladığı işləri gerçəkliyə çevirdi. O ərəfələrdə Ümummilli Liderimiz bəyan etmişdir: "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir". Ulu Öndərin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı, Onu bütün dünya azərbaycanlılarının Lideri etdi. Artıq bu gün Azərbaycan demokratiya prinsipləri, demokratik iqtisadiyyat sahəsində başqa dövlətlər üçün nümunədir. Müstəqil Azərbaycan dövləti hal-hazırda aparıcı ölkələrin strateji tərəfdaşı kimi regionda cərəyan edən önəmli proseslərin mərkəzidə dayanır".
R.RƏSULOV