İsrailin şimal paytaxtı Xayfada Azərbaycan Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə möhtəşəm tədbir keçirilib. Tədbir Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası tərəfindən təşkil olunub.
Əslən Azərbaycandan olan və hazırda İsraildə yaşayan 600-dək insanın iştirak etdiyi tədbirin keçirildiyi "Auditorium" Konqresinin foyesində Frida Yusupova tərəfindən azərbaycanlıların və dağ yəhudilərinin məişəti və xalq sənətinə həsr olunmuş geniş etnoqrafik sərgi təşkil olunub. Yerə sərilmiş xalçalar, unikal ənənəvi geyim, ayaqqabı, qab-qacaq nümunələri tamaşaçılarda Azərbaycan torpağı haqqında xatirələrin canlanmasına səbəb olub. Azərbaycan mənşəli rəssamların divarlardan asılmış Abşeron, Quba, Qusar və respublikanın digər rayonlarından mənzərə rəsmləri qonaqların keçirdikləri nostalji hisslərini bir qədər də artırıb.
Tədbirdə çıxış edən Knessetin deputatı, İsrail-Azərbaycan Parlamentlərarası qrupun sədri Robert İlatov bütün Azərbaycan xalqını müstəqillik bayramı münasibətilə təbrik edib:"Azərbaycan xalqı müstəqillik illərinə qazandığı nailiyyətləri ilə fəxr edə bilər. Bu gün Azərbaycan Cənubi Qafqazın geosiyasi və geoiqtisadi lideridir." İsrailli deputat, mütəmadi olaraq, Azərbaycanda olduğundan müasir dövrümüzdə mövcud olan əsil milli və dini tolerantlıqla qürur duyduğunu bəyan edib. O bildirib ki, Azərbaycan və İsrail - bir-birini anlayan və qiymətini bilən strateji tərəfdaşlardır, iki ölkə arasındakı ticarət dövriyyəsi isə bizim tərəfdaşlığımız və əməkdaşlığımızın güzgüsüdür.
"Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının İdarə Heyətini üzvü, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman Azərbaycan Respublikasının müstəqilliyinin əldə olunmasının tarixi barədə məlumat verib. O, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində diasporun xüsusi rol oynadığını qeyd edib: "Azİz"in fəaliyyət göstərdiyi 4 il ərzində biz Azərbaycanın İsrail dövlətində təbliğ olunmasında mühüm rol oynamışıq. Bu işdə Knessetin 17-ci çağırışının deputatı, bir qədər əvvəl İsrailin Belarusdakı səfiri vəzifəsinə təyin olunmuş İosif Şaqalın xüsusi xidmətləri olmuşdur". Onun sözlərinə görə, 20 illik müddətin tarixi nöqteyi-nəzərdən elə də böyük dövr olmasa da bu qısa müddət ərzində Azərbaycan mühüm nailiyyətlər əldə etmiş və sürətlə inkişaf edən ölkəyə çevrilərək Cənubi Qafqazın əsil lideri olmuşdur.
Tədbirdə iştirak etmək üçün İsrailə gəlmiş Rusiya Azərbaycanlı Gənclər Təşkilatının nümayəndəsi Əşrəf Hüseynovun qısa, amma mənalı nitqi tədbir iştirakçılarının yaddaşlarında xüsusi iz buraxıb.
Tədbirdə "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının Baş direktoru Lev Spivak İdarə Heyətinin üzvləri Yuri Boçarova, Rauf Ağalarova, Heydər Əliyev Fonduna, Rusiya Azərbaycanlı Gənclər Təşkilatına, "Baku" jurnalına tədbir iştirakçılarına tematik materiallar təqdim etdiklərinə görə təşəkkürünü bildirib. L.Spivak, həmçinin, Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş İsrail estrada ifaçılarının Azərbaycan dilində ifa etdikləri mahnılardan ibarət hədiyyə-diskinin hazırlanmasında göstərdikləri köməyə görə "Şelomi" Mədəniyyət Mərkəzinə və "Mirvori" Nəşriyyat Evinə də təşəkkürünü bildirib.
Azərbaycan Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbirdə İsrailin Azərbaycan mənşəli incəsənət xadimləri Tomer Əliyev, Liora Safonova, Tami Davidova, Manuel İsakov, Beni Avşalumov, İfraim Yuxayev çıxış ediblər.
N.ƏLƏDDİNQIZI