Dünən Milli Məclisdə keçirilən iclas xalqımız tərəfindən xüsusi coşğu ilə qeyd edilən Dövlət Müstəqilliyinin 20 illiyinə həsr olunub. Çıxış edən millət vəkilləri, xüsusilə, vurğulayıblar ki, həmin dövrdə ölkə daxilində ictimai-siyasi vəziyyət çox gərgin idi. Ölkədə özbaşınalıq baş alıb gedirdi.
Hakimiyyətdə olan insanların səriştəsizliyi ölkəni, müstəqilliyi təhlükə qarşısında qoymuşdu. Məhz belə bir dövrdə Ulu Öndər Heydər Əliyevin xalqın təkidi və tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə vəziyyət qismən stabilləşməyə başladı. Dövlət Müstəqilliyinin 20 illiyi ilə bağlı "Səs" qəzetinə açıqlama verən millət vəkili Malik Həsənov vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə Azərbaycan xalqı müstəqilliyinin bərpasını gücləndirdi və itirilənləri geri qaytardı: "Bu çətin anlarda Azərbaycan Yeni Konstitusiyasının qəbuluna nail oldu. Bütün bunların hamısı Ulu Öndərin işgüzarlığı, zəhməti sayəsində baş verdi. Sözsüz ki, iqtisadiyyatı olmayan dövləti, xalqı heç kəs qəbul etmir. Yeni neft kontraktlarını imzalamaqla Ümummilli Lider Avropaya, eləcə də, dünyaya Azərbaycanın gücünü dərk etdirdi. Müstəqil Azərbaycan dövlətinə rəhbərlik edən bir Şəxsiyyət, Dahi Öndər Heydər Əliyev elə həmin dövrlərdə öz partiyasını - Yeni Azərbaycan Partiyasını yaratdı. Partiya çətin zamanda, təzyiqlər altında fəaliyyət göstərirdi. Qısa bir müddət ərzində öz sıralarını genişləndirdi. Xalqı öz ideyası ətrafında birləşdirdi və onun arxasınca getməyə üstünlük verdi. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir".
Millət vəkili Tahir Rzayev də öz çıxışında qeyd edib ki, Ulu Öndərin ölməz ideyaları əsasında Azərbaycan bu gün özünün daxili və xarici siyasətini müəyyənləşdirir: "Əminəm ki, nə qədər ki, müstəqil Azərbaycan var, ölkəmiz Ulu Öndər Heydər Əliyevin ideyaları, proqramları ilə inkişaf edəcək. Biz o dövrdə özümüzə dost ölkələr tapmasaydıq, iqtisadi cəhətdən özümüzü təsdiq edə bilməsəydik, bu gün müstəqil dövlətin mövcudluğu şübhə altında ola bilərdi. Bu gün mən də sizin kimi bu bayramı böyük sevinclə qeyd edirəm. Həm də ona görə, sevinirəm ki, müstəqilliyin ilk dövrlərindəki çətinliklərə sinə gərib xoşbəxt günlərə çatmışıq. Nəzərə alsaq ki, ötən 20 il ərzində biz bu cür inkişafa nail olmuşuq, sözsüz ki, qarşıdakı illərdə bizi daha böyük uğurlar gözləyir. Xaricdə təhsil alan gənclərin sayı artır, diasporumuzun dünyada fəaliyyəti genişlənir. Gələcək illərdə Azərbaycan dünyanın ən inkişaf etmiş on ölkəsi içərisində olacaq".
R.KAMALQIZI