Dünən Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatı Xaçmaz Elektrik Stansiyası ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilmişdir. Xatırladaq ki, hazırda təşkilatın uçotunda 83 nəfər Yeni Azərbaycan Partiyasının üzvü var.
Yığıncağı giriş sözüylə YAP Xaçmaz rayon təşkilatı ilk partiya təşkilatının sədri Nurağa Məmmədov açaraq yığıncağın gündəliyini iştirakçıların nəzərinə çatdırmış və hesabat məruzəsi ilə çıxış etmişdir. N.Məmmədov qeyd etmişdir ki, YAP ölkədə, eləcə də, regionda ən güclü partiyadır və bu təşkilatın alternativi yoxdur: "Ölkəmiz inkişaf edir və bu inkişafın təməlini Ulu Öndər Heydər Əliyev qoymuşdur. Bu gün bu mütərəqqi siyasət Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir".
Yığıncaqda Xaçmaz Elektrik Stansiyasının direktoru Şalbuz Zəkiyev, partiya fəalları Xanağa Ağayev, Eynulla Nəsibov və başqaları çıxış edərək partiyanın keçdiyi yoldan, inkişafından və cəmiyyətdəki rolundan danışaraq ölkənin ictimai-siyasi həyatındakı fəaliyyətindən bəhs etmişlər. Çıxış edənlər ilk təşkilatın hesabat dövründəki fəaliyyətini qənaətbəxş hesab edərək, gələcək fəaliyyətinə uğurlar dilədilər.
Yekunda çıxış edən YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev partiyanın dünəni, bu günü və gələcəyi haqqında fikirlərini, düşüncələrini yığıncaq iştirakçılarının nəzərinə çatdırdı.
Nazim Ağayev Dövlət Müstəqilliyinin 20-ci ildönümü ilə əlaqədar, ölkəmizin iqtisadi inkişafından, resublikamızın hər yerində aparılan tikinti-quruculuq işlərindən qürur hissi ilə danışmışdır. Bu gün durduğumuz bu stansiyanın açılışında möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev iştirak etmişdir.
Yığıncağın sonuda YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev 20 oktyabr Energetika Günü münasibəti ilə energetikləri təbrik etmiş və onlara uğurlar arzulamış, ilk təşkilatın bir qrup fəalını fəxri fərman və pul mükafatı ilə təltif etmişdir. Qeyd edək ki, rayon konfransına ilk ərazi təşkilatlarından 4 nəfər nümayəndə seçilmişdir.
RƏFİQƏ KAMALQIZI