Oktyabrın 21-də AMEA Geologiya İnstitutunda Dövlət Müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə "Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyi və Geologiya İnstitutu" mövzusunda məruzə ilə çıxış etdi. Azərbaycanın müstəqilliyinin 20 ili ərzində keçdiyi böyük inkişaf yolundan söz açan A.Əlizadə bütövlükdə elmimizin, o cümlədən, geologiya elminin əldə etdiyi nailiyyətlər haqda məlumat verdi. O, Azərbaycanda geologiya elminin tərəqqisinin XX əsrin ikinci yarısına təsadüf etdiyini, alimlərin gərgin fəaliyyəti nəticəsində, regionun geoloji quruluşunun əsas xüsusiyyətləri və təkamülünün hərtərəfli şərh edildiyini, bu fundamental nailiyyətlər əsasında Azərbaycan geoloqları tərəfindən respublika iqtisadiyyatının uzun illər dayanıqlı inkişafının təmin olunduğunu, neft və qaz, polimetal və filiz, qeyri-filiz faydalı qazıntı yataqlarının, mütəmadi olaraq, kəşf edildiyini bildirdi. "Müstəqillik illərində institutun dünya geoloji elminə inteqrasiya prosesi intensivləşdirildi. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması dünyanın nəhəng neft şirkətləri ilə müştərək işlərin aparılmasına geniş imkan yaratdı".
A.Əlizadə institutda 1998-ci ildən başlayaraq yüksək texnologiyalar sahəsində dünyada lider olan Massaçusets Texnoloji İnstitutu ilə birgə kosmik geodeziya vasitələri ilə Qafqaz, Yaxın və Orta Şərqi, Orta Asiyanı özündə ehtiva edən nəhəng regionun iri bloklarının hərəkət surətləri və istiqamətlərinin öyrənildiyini nəzərə çatdırdı.
20 il ərzində Geologiya İnstitutunun əldə edilmiş qrantların sayına görə Azərbaycanda elmi müəssisələr sırasında mütləq liderliyə malik olduğunu söyləyən akademik rəhbərlik etdiyi müəssisənin "Soros", "İNTAS", "NATO", "CRDF", "KOPERNİCUS", Ukrayna Elmi Fondu, Amerikanın Milli Elmi Fondu və bu kimi başqa tanınmış fondlarla aktiv qarşılıqlı fəaliyyətdə olduğunu, bu gün də bir çox beynəlxalq fondlarla sıx əlaqədə çalışdığını bildirdi. O, institutun simasını - dünyanın palçıq vulkanizminin paylanma qanunauyğunluqlarının analizi və uzunmüddətli vizual, aero-kosmik, geofiziki sahələrin instrumental və telemetrik monitorinqinə və palçıq vulkanlarının fəaliyyət məhsullarının dərin öyrənilməsinə söykənən işləri əks etdirdiyini bildirdi. "Məhz bu istiqamətdə aparılan işlərimizə görə, 2010-cu ilin may ayında AMEA Geologiya İnstitutunun bir qrup alimi, palçıq vulkanizminin və Cənubi-Xəzər hövzəsinin neft-qazlılığının tədqiqatları sahəsində silsilə işlərinə görə, elm üzrə müstəqil Azərbaycan Respublikasının birinci Dövlət Mükafatı Laureatı adına layiq görülmüşdür".
Sonra məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı.
ZÜMRÜD