Dünən Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi. İclasda əvvəlcə MSK-nın 14 oktyabr 2011-ci il tarixli protokolu təsdiqləndi. Daha sonra seçki bülletenlərinin Azərbaycan Respublikasında bələdiyyələrə əlavə və yeni seçkilərdə tətbiqinə və 2011-ci il noyabrın 30-da keçiriləcək seçkilərdə seçki bülletenlərinin mətninin, formasının və sayının hazırlanmasına dair tələblər təsdiqləndi.
MSK, həmçinin, qərara aldı ki, 2011-ci il oktyabrın 25-nə olan məlumata görə, seçkilər keçiriləcək bələdiyyələr üzrə qeydə alınmış seçicilərin ümumi sayından 3 faiz artıq olmamaqla, cəmi 1191541 ədəd seçki bülleteni Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təmsilçiliyə uyğun 3 üzvünün müşahidəsi altında mətbəə üsulu ilə hazırlansın.
İclasda, həmçinin, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirdi ki, noyabrın 30-da keçiriləcək bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə iştirak etmək üçün 81 seçki dairəsi və 3000 bələdiyyə üzrə 1251 nəfərin namizədliyi qeydə alınıb. Ümumilikdə, 1566 nəfər imza vərəqi götürüb. Onlardan 1299 nəfəri imza vərəqələrini qaytarıb. Ümumi müraciət edənlərin sayı isə 1604 nəfərdir
Sonda bəzi seçki komissiyalarının tərkibinə dəyişiklik edildi.
R.Hüseynova