Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan davamlı, irimiqyaslı, məqsədyönlü islahatların yüksək peşəkarlıqla həyata keçirilməsi Azərbaycanın maliyyə qüdrətinin daha da artmasına, davamlı inkişafın sürətlənməsinə və xalqın maddi rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olub. Respublika iqtisadiyyatının modernləşdirilməsi, diversifikasiya siyasətinin dərinləşməsi bütün sahələrdə dinamizmin təmin olunmasına və yeni inkişaf proqramlarının reallaşmasına, nəhəng layihələrin həyata keçirilməsinə əlverişli zəmin yaradıb.
Bir sözlə, həyata keçirilən genişmiqyaslı, əhəmiyyətli layihələr ölkəmizin sosial-iqtisadi qüdrətini artırmaqla yanaşı, beynəlxalq aləmdəki mövqeyini, nüfuzunu möhkəmləndirməkdədir. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təmkinli, qətiyyətli və çevik, mükəmməl iqtisadi strategiya nəticəsində islahatların davamlılığı mütərəqqi şəkildə təmin edilib. Belə ki, ötən dövr ərzində həyata keçirilən siyasət Azərbaycanın maliyyə imkanlarının daha da yaxşılaşmasına səbəb olub. Dövlət başçısı respublikamızın maliyyə imkanlarının daha da güclənəcəyinə əminliyini ifadə edərkən vurğulayıb: "Bizim uğurlu neft siyasətimiz nəticəsində bu gün Azərbaycan öz maliyyə imkanlarını genişləndirir. Əldə olunan əlavə maliyyə mənbələri, ilk növbədə, sosial sahələrə, yəni əhalinin maaş və pensiyalarının, təqaüdlərin, ünvanlı yardımların həcminin artırılmasına yönəldilir".
Tahir Süleymanov: "Prezident İlham Əliyevin yürütdüyü mütərəqqi siyasəti nəticəsində hazırda Azərbaycanın valyuta ehtiyatları 40 milyard dolları ötmüşdür"
Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası barədə münasibət bildirən millət vəkili Tahir Süleymanov vurğuladı ki, oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş həmin iclas bir daha təsdiq etdi ki, 2011-ci il də ölkə iqtisadiyyatının inkişafı üçün uğurlu il olmuşdur: "Prezident İlham Əliyev bu barədə vurğulayarkən, qeyd etdi ki, əvvəlki dövrdə görülən işlər və düzgün siyasət nəticəsində ölkə iqtisadiyyatının çoxşaxəli şəkildə inkişafına nail olunub. Ümumi daxili məhsul cəmi 0,5 faiz artsa da, qeyri-neft sektoru 8,2 faiz artmışdır. Bu artım əvvəlki dövrdə görülmüş işlərin nəticəsidir. Artıq iqtisadiyyatımız, iqtisadiyyatımızın strukturu da müsbətə doğru böyük dərəcədə dəyişmişdir. İclasda digər mühüm amilə də toxunularaq vurğulandı ki, əvvəlki dövrdə görülmüş və bundan sonra görüləcək işlər nəticəsində iqtisadiyyatımız tam şəkildə çoxşaxəli iqtisadiyyat kimi özünü göstərəcəkdir. Yəni, əvvəlki dövrdə başlanmış və bu gün icra edilən layihələr, sözün əsil mənasında, Azərbaycan iqtisadiyyatına çox böyük töhfə vermişdir. Bu səbəbdən də ölkə iqtisadiyyatının qeyri-neft sənayesində 9,2 faiz artım əldə edilmişdir. Təbii ki, bu artım iqtisadiyyatın real sektoruna qoyulmuş investisiyalar, sahibkarlığın inkişafı hesabına mümkün olmuşdur".
Millət vəkili bir neçə il bundan əvvəl qarşıya qoyulan vəzifə, yəni, ölkədə güclü sənaye potensialının yaradılması üçün tədbirlərin görülməsi vəzifəsi barədə də danışarkən bildirdi ki, hazırda Azərbaycanda böyük müəssisələr yaradılır, böyük texnoparklar fəaliyyətə başlayır. Eyni zamanda, orta və kiçik həcmli müəssisələr də fəaliyyətini gücləndirir, onların sayı artır: " Bu artımın səbəblərindən biri də ondan ibarətdir ki, dövlət şirkətlərini beynəlxalq şirkətlərə çevirmək üçün konkret tədbirlər görülür. İndi dövlət şirkətlərimiz həm peşəkarlıq, həm maddi-texniki bazanın gücləndirilməsi, həm də texnika təchizatı baxımından güclü şirkətlərə çevrilmişdir".
Tahir Süleymanov xüsusilə qeyd etdi ki, məhz Prezident İlham Əliyevin yürütdüyü mütərəqqi siyasət nəticəsində hazırda Azərbaycanın valyuta ehtiyatları 40 milyard dolları ötmüşdür: "Bu amil dövlət başçımızın vurğuladığı kimi, həqiqətən də, çox böyük bir göstəricidir. İnkişaf etmiş ölkələrin göstəricilərinə nəzər salsaq görərik ki, Azərbaycan bu sahə üzrə heç kimdən geri qalmır, əksinə, bir çox nüfuzlu ölkələri qabaqlayır. Əldə olunan bütün gəlirlər şəffaf, etibarlı şəkildə qorunur, saxlanılır, idarə olunur və indiki mərhələdə ölkəmizin inkişafı ilə bağlı olan layihələrə yönəldilir. İnanıram ki, Prezident İlham Əliyevin yorulmaz, peşəkar siyasəti nəticəsində gələcək mərhələdə, Azərbaycanın maliyyə resurslarını şaxələndirmək üçün bu vəsaitdən müxtəlif ölkələrdə müxtəlif layihələrə investisiya şəklində də istifadə ediləcək".
İsa Həbibbəyli: "Xüsusilə, bu gün əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən layihələrin gerçəkləşməsi, sosial təminatların təmin edilməsi, əmək haqlarının artırılması, ölkənin infrastrukturunun inkişafı, bütün bunlar ölkə Prezidenti İlham Əliyevin uğurlu siyasətinin bariz nümunəsidir"
Millət vəkili İsa Həbibbəyli isə öz çıxışında vurğuladı ki, ilin 9 ayında görülmüş işlərlə bağlı oktyabrın 24-də keçirilən müzakirələr bir daha göstərir ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf etmişdir: "Ölkədə bütün proseslər müsbət istiqamətdə inkişaf edir və bu, bir daha onu göstərir ki, həm bizim seçdiyimiz yol düzgün yoldur, həm də apardığımız siyasət uğurlu inkişafı təmin edir. Ölkə Prezidentinin həm uğurlu xarici siyasəti, həm də mükəmməl daxili siyasəti respublikamızın hər an, hər il böyük nailiyyətlərə gətirib çıxarır. Belə ki, dövlət başçısının keçirdiyi müşavirələr, həmin müşavirələrdə səsləndirilən müddəalar Azərbaycanın bütün istiqamətlərdə olan sürətli inkişafını ümumi şəkildə canlandırmağa imkan verir. Aydın şəkildə görünür ki, dövlət başçısının uğurlu siyasətinin nəticəsidir ki, Azərbaycan Respublikası müstəqilliyinin 20 ili ərzində inkişaf etmiş dövlətlər cərgəsindədir".
Millət vəkili onu da bildirdi ki, ölkəmizdə siyasi inkişaf tempi təmin edilmişdir. Eyni zamanda, iqtisadi islahatların uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan bütün istiqamətdə böyük nailiyyətlərə nail olub.
Musa Qasımlı: "Artıq yeni ilin büdcəsi ilə bağlı məlumatlar Milli Məclisə daxil edilmişdir və bu büdcəsinin araşdırılması bir daha onu göstərir ki, Azərbaycan növbəti ildə də böyük nailiyyətlər əldə etməklə, bu büdcə də sosialyönümlü büdcə olacaqdır"
Millət vəkili Musa Quliyev isə vurğuladı ki, artıq belə iclaslar ənənəvi xarakter alır və ölkə Prezidenti hər rübün, hər yarım ilin və ilin yekunları ilə bağlı belə müşavirələr keçirir, görülən işləri qiymətləndirir və gələcək işlərin layihələrini verir. Eyni zamanda, dövlət başçısı tapşırıqlarını veriməklə yanaşı ölkənin sosial-iqtisadi inkişafının gələcək istiqamətlərini müəyyənləşdirir: "Oktyabrın 24-də keçirilən müşavirə də məhz bu xarakterdə idi. Ölkə Prezidentinin qeyd etdiyi kimi, yaşadığımız cari ilin ötən 9 ayının yekunları onu bir daha göstərir ki, Azərbaycan sosial-iqtisadi inkişaf layihələrinin həyata keçirilməsinə sadiqdir".
M.Quliyevin sözlərinə əlavə olaraq bildirdi ki, ölkədə stabil iqtisadi inkişaf, stabil sosial müdafiə var və regionların iqtisadi inkişaf proqramları davam edir: "Ümumiyyətlə, cənab Prezidentin qeyd etdiyi kimi, ölkədə 50-yə yaxın çox mühüm əhəmiyyətli proqramlar uğurla icra olunur. Əsas məsələ isə ondan ibarətdir ki, gələn ilə böyük ümidlərimiz var. Artıq yeni ilin büdcəsi ilə bağlı məlumatlar Milli Məclisə daxil edilmişdir və bu büdcəsinin araşdırılması bir daha onu göstərir ki, Azərbaycan növbəti ildə də böyük nailiyyətlər əldə etməklə, bu büdcə də sosialyönümlü büdcə olacaqdır".
Tahir Rzayev: "Əvvəlki müşavirələrdə olduğu kimi, bu müşavirədə də dövlət başçısı ərazi bütövlüyünün saxlanılması və bu problemin sülh yolu ilə həyata keçirilməsi üçün bundan sonra da ciddi tədbirlər görüləcəyini vurğuladı"
"Keçirilən müşavilərin çox böyük əhəmiyyəti var, çünki ölkədə baş verən iqtisadi uğurlar, sosial problemlər və əldə olunan nailiyyətlər burada geniş təhlil edilir". Bu barədə vurğulayan millət vəkili Tahir Rzayev qeyd etdi ki, müşavirələrin keçirilməsi beynəlxalq aləmdə də müqayisəli şəkildə rəqəmlərlə öz əksini tapır və qeyd olunan uğurlu işlər bir daha onu göstərir ki, Azərbaycan ilbəil yüksək inkişaf tempi ilə irəliyə doğru gedir: "Xüsusilə də, bu inkişafın nəticəsidir ki, hər il əvvəlki illərlə müqayisədə ümumdaxili məhsul böyük artımla özünü göstərir, sosial sahədə həyata keçirilən irimiqyaslı layihələr, əhalinin pensiya və əmək haqlarının artması, yaşayış tərzlərinin yaxşılaşması keçirilən müşavirələrdə bütün ictimaiyyətin diqqətinə çatdırılır. Digər yaralı yerimiz isə Qarabağ problemidir. Əvvəlki müşavirələrdə olduğu kimi, bu müşavirədə də dövlət başçısı ərazi bütövlüyünün saxlanılması və bu problemin sülh yolu ilə həyata keçirilməsi üçün bundan sonra da ciddi tədbirlər görüləcəyini vurğuladı. Ölkə Prezidentimizin mövqeyi bu problemin həllində çox qəti və konkretdir. Müşavirədə digər bir məsələ regionların inkişafı ilə bağlı fikirlər və rəqəmlər səsləndirildi. Sözsüz ki, bu məsələ daim inkişaf etdirilən bir məsələdir".
R.HÜSEYNOVA