PDF Oxu

Sosial

  • 10

BBS- Beynəlxalq Böhranyaratma Sistemi

BBS- Beynəlxalq Böhranyaratma Sistemi

Qərb imperializminin təbliğat maşınının cəfəngiyyatları nəyə hesablanıb?


Dünyada bir sıra iri media quruluşları var ki, özlərini dünya səviyyəli obyektiv xəbər mərkəzi kimi təqdim edirlər. Belə media sistemlərinin kimlər tərəfindən və nə məqsədlə yaradıldığı çoxlarına yadın olsa da, bu, onlara dünya miqyasında dezinformasiya təbliğatı aparmağa mane olmur. ABŞ və bəzi Avropa ölkələrinin mənafelərini dünyada müdafiə edən bu qurumlar yalançı təbliğat maşınları funksiyasını "vicdanla" yerinə yetirirlər. Bugünkü mövzumuz da onların ən böyüklərindən biri olan BBC haqqındadır.


Saxta canıyananlıq nəğmələri


Bu adda radio və agentliklə tanışlığım sovet hakimiyyətinin son illərindən- Azərbaycanda ermənilərin vəhşiliyinə loyallıq göstərən mərkəzin siyasətinə etiraz dalğasının vüsət aldığı zamanlardan başlayıb. Londondan müxtəlif dillərdə yayımlanan bütün verilişləri böyük maraqla dinləyirdik. O zamanlar bu radio kapitalist dünyasından təcrid olunmuş, bir növ informasiya blokadasında yaşayan sovet vətəndaşları üçün əsas xəbər qaynaqlarından biri idi.

Radionun efirində xaricdə baş verənlərlə yanaşı, SSRİ-də yaşananlar da şişirdilmiş şəkildə yayımlanırdı. Ötən əsrin 80-ci illərinin sonunda dünyanın altıda birini əhatə edən qüdrətli bir dövlətin daxilində mehriban yaşayan xalqların milli hisslərinin qızışdırılması və dövlətə qarşı mücadiləyə təhrik olunmasında bu radionun da önəmli rolu var idi.

Radionun Azərbaycan bölməsinin efirində daim cənublu-şimallı milli problemlərimiz işıqlandırılır, xalq mərkəzi hakimiyyətə qarşı milli mücadiləyə təhrik olunurdu. Yeri gəlmişkən, eyni missiyanı "Azadlıq" və "Amerikanın səsi" radioları da həyata keçirirdi.

O zaman sadəlövh gənclər olaraq bizlər bunu "sivil dünya"nın milətimizin halına yanmağı kimi anlayırdıq. Gerçək amacın millətlərarası münasibətləri qızışdıraraq Sovet İttifaqını içdən parçalamaq kimi müdhiş və qlobal strateji planı həyata keçirmək olduğunu çox sonralar- artıq bu nəhəng superdövlət dağıldıqdan sonra anladıq.


İmperializmin "BiBiSi"


SSRİ-nin dağılması ilə müstəqilliyimizi bərpa edəndən sonra ölkədə mətbuat vasitələrinin sayı çoxaldı və xarici yayımlara tələbat azaldı. Lakin bu qlobal yayım qurumları fəaliyyət istiamətini dəyişsələr də, öz strateji məqsədlərini həyata keçirmək üçün fəaliyyət göstərməyə davam edirdilər.

Hazırda digər adıçəkilən media quruluşları kimi, BBS də anti-Azərbaycan siyasəti yürütməkdə davam edir. Radionun verilişlərini və internet saytında yaydığı məqalələri analiz etdikdə ortaya maraqlı mənzərə çıxır- BBS bütün fəaliyyətini keçmiş SSRİ məkanında və Yaxın Şərqdə, o cümlədən, Azərbaycanda siyasi, dini və sosial gərginliyi artırmağa, cəmiyyətdə qarşıdurmalar yaratmağa istiqamətləndirib.

Misal üçün, baxın, imperializmin təbliğat maşınları olan bu media sistemləri bu ölkələrə qarşı necə dezinformasiya siyasəti yeridir. Məsələn, məscid adlandırılan qanunsuz bir tikilinin sökülməsini necə şişirdir, radikal dindarların icazəsiz aksiyalarını necə dəstəkləyir, dövlət və cəmiyyətlə dindarlar arasında münasibətləri gərginləşdirmək üçün hansı texnologiyalardan istifadə edir? Hicabın hətta orta məktəblərdə təhsil alan azyaşlı uşaqlara belə geyindirilməsinə şərait yaradılmasını necə təbliğ edir? Hansısa rüşvət halını necə şişirdib, necə ölkə miqyasında total korrupsiyanın varlığı kimi təqdim edir?

Hansısa sosial problemləri qabardaraq insanlarda öz dövlətlərinə qarşı inamsızlıq yaratmaq, hakimiyyət-cəmiyyət münasibətlərini gərginləşdirmək üçün hansı oyunlardan çıxır? Özü də bütün bunlar demokratiya, insan haqları kimi adlar altında necə cəmiyyətə sırınır. Bu siyasətin nəticələrini SSRİ, Yuqoslaviya, İraq, Əfqanıstan, Liviya və digər ölkələrdə gördük. Bu ölkələrə imperialist dövlətlərin açıq təcavüzünün gərəkliliyi haqda beynəlxalq ictimai rəyin formalaşdırılması vəzifəsinin öhdəsindən, anqlo-sakson imperialist ittifaqının BBS başda olmaqla, bütün media quruluşları layiqincə gəldilər.


BBS sarı mətbuat rolunda


Maraqlıdır, BBS demokratiya beşiyi kimi təqdim etdiyi ABŞ-da və bir çox Avropa ölkələrində ölüm hökmünün ləğv edilmədiyini, xarici yerüstü yayımların ölkə ərazisinə soxulmasına imkan verilmədiyini, zəncilərin hələ də aşağılandığını, Amerika əsgərlərinin İraqda, Vyetnamda, Koreyada, Əfqanıstanda, Liviyada və s ölkələrdə dinc sakinlərə necə divan tutduğunu... görmürmü?

Bir şey maraqlıdır- həmişə islamafobiyadan danışan, dinin güclənməsini istəməyən kimi görünən ABŞ və imperialist siyasət yeridən bəzi Avropa dövlətləri (daha dəqiq desək, NATO-nun aparıcı dövlətləri) əcəba, nədən başqa ölkələrdə hətta təhlükəli hesab etdiyi terrorçuluqda ittiham etdiyi radikal dini qruplaşmalara yardım edir, onları müdafiə edir? Nədən bu dövlətlərin media qurumları başqa ölkələrdə heç bir ictimai dayağı olmayan siyasi, dini qüvvələri dəstəkləyir, nədən sosial problemləri qərəzli şəkildə təqdim edir?

Səbəb sadəcə insan haqları və demokratik yanaşmadırmı? Təəssüf ki, xeyir! Gerçək səbəb budur- ABŞ hər hansı bir ölkəni tam nəzarət altına almaq, orada vətəndaş müharibəsi yaratmaq, hakimiyyəti özünün təsiri altına keçirmək üçün bu texnologiyalardan həmişə istifadə edir.

Örnək olaraq, İranda islam inqilabından öncə radikal dindarlara verilən dəstəyi, Türkiyədə dini təriqətlərə və camaata göstərilən yardımları, Əfqanıstanda, Pakistanda, Liviyada, Suriyada və digər müsəlman ölkələrində təriqətlərə yardımlar edərək vətəndaş müharibəsi yaratmaq kimi əməlləri göstərmək olar.

Halbuki bu dəstək verilənlər yox, qarşı tərəfdəkilər Qərb dəyərlərini, demokratiyasını üstün tutur, Qərbə inteqrasiyanı vacib hesab edirdilər. Təəccüblüdür, deyilmi? Əslində, təəccüblü deyil. Bu, bir siyasətdir- strateji planları həyata keçirmək üçün paradoksal siyasət. Bu siyasət isə əks-effektlər doğrumaqdadır.


BBS-nin "xalasına" danışdığı yalanlar


Bu yaxınlarda BBS-nin Azərbaycan rəsmilərinin guya boks çempionatında yer almaq üçün külli miqdarda rüşvət alması haqda dezinformasiyasına hamımız şahid olduq. Belə ucuz ara qeybətləri iləmi dünyaya obyektivlik nümunəsi göstərdiyini iddia edir BBS?

Yeri gəlmişkən, dünən BBS Türkiyə ordusunun 1400-dən artıq PKK terrorçusunu məhv etdiyini iddia edib, buna əsaslanan bəzi Avropa qəzetləri bunu insan haqlarına zidd bir əməl kimi təqdim edib. Təəccüblüdür, adama deyərlər sən ayının dostusan, yoxsa bizim? Axı uzun illərdir terrorçu axtarışındayam deyib neçə-neçə ölkəni xaraba qoymuş, milyonlarla günahsız insanın ölümünə səbəb olmusunuz, indi həmin terrorçuların dinc insanlara divan tutmasına qarşı həyata keçirilən prosesi nədən tənqid edirsiniz?!

Qeyd edək ki, BBS-nin xəbərinə görə Türkiyə ordusu tərəfindən Şimali İraqda PKK düşərgələrinə qarşı əməliyyatda 1400 terrorçunun öldürüldüyü bildirilib. Türkiyə baş naziri isə mediaya açıqlamasında bu xəbərin yalan olduğunu deyib. Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının yığıncağından sonra media mənsublarının suallarını cavablandıran baş nazir Rəcəb Tayyib Ərdoğan "‘BBC"-nin açıqlamış olduğu rəqəmlər ciddi rəqəmlər deyil. Bunlar qeyri-ciddidir. Heç bir əsası yoxdur. Yəni haradan tapmışlar, necə belə bir şeyi çıxarmışlar, müəyyən deyil"-deyə bildirib.

Bu deyilənləri nəzərə aldıqda, qəti şəkildə və inkaredilməz formada bunları söyləyə bilərik- ABŞ, Fransa və Böyük Britaniya mediası demokratik və obyektiv deyillər, onların yeritdiyi siyasət, üstün tutduğu dəyərlər, prinsiplər demokratiyaya, insan haqlarına ziddir. Belə olmasaydı, Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı qınayar, Yerevandan işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmasını tələb edər, olmayan bir "erməni soyqırımı"nı Türkiyənin gözünə soxmazdı.


İngilis barmağının qarışdırdığı yerdə xeyir tapılmaz


Yaxın Şərqi terror yuvasına döndərən təşkilatlara maliyyə dəstəyini kim verir? Cavab hamıya və çoxdan aydındır. Türkiyə kəşfiyyatı bu haqda müvafiq sənədləri ABŞ və Avropanın qarşısına qoyub, lakin bu dəstək nəinki dayandırılmır, əksinə, daha da gücləndirilir.

Əfqanıstanda NATO əsgərlərinin 9 azyaşlı uşağı oynadıqları yerdə güllələməsi barədə Qərb mediasında bir cümlə də verilmədi. Deməli, imperialist dövlətlərin çirkin siyasət yürüdən mediasının obyektivlikdən danışmağa haqqı yoxdur.

Son vaxtlar Yaxın Şərq ölkələrində törədilən vətəndaş müharibələri və hərbi təcavüzlər həmin ölkələrdə fəlakətli nəticələrə gətirib çıxarıb. Bir neçə aydır ki, bu ölkələrdə qan su yerinə axır. Şəhərlər xaraba qoyulub, günahsız insanlar öldürülür. Amma ABŞ və Böyük Britaniya kimi imperialist dövlətləri bunlar yox, hakimiyyətin dəyişməsi maraqlandırır. BBS və onun kimi media qurumları da bölgədən yalan xəbərlər yaymaqla məşğuldurlar.

Bir sözlə, Qərb dövlətlərinin dünyada və bizim bölgədə pis nəticələr doğuracaq siyasəti güclü informasiya təbliğatı aparılmaqla, ictimai zəmin yaradılmaqla həyata keçirilir. Bu prosesi həyata keçirən media quruluşlarından biri- BBS də heç günahsız öldürülən, şikəst edilən, dilənçi kökünə salınan milyonların səsini eşitmir-eşitdirmir, amma ingilis casusları ifşa edilərək həbs olunanda, şivən qoparır.


Elçin Bayramlı

Digər xəbərlər