Zəngilanın işğalından 18 il ötür. 1993-cü il oktyabrın 29-da ermənilər tərəfindən işğal olunan Zəngilan Azərbaycanın sonuncu işğal edilən rayonudur. Qeyd edək ki, işğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 15 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi.
Əlverişli coğrafi mövqeyə malik Zəngilan Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşir və mühüm strateji əhəmiyyətə malikdir. Ərazisi 700 kv km-dən, əhalisi isə 35 mindən çox olub. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı - üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib. İşğaldan sonra Bakı-Mincivan-Qafan dəmiryolu xəttinin keçdiyi Mincivan stansiyası tamamilə dağılıb.
Zəngilan birinci Qarabağ müharibəsində 188 şəhid verib və bu günədək rayonun 44 sakini itkin düşüb. Zəngilan işğal olunanda erməni tankları 4 tərəfdən rayona hücuma keçərək, 2-ci Xocalı faciəsini törətmək istəsə də, bu, baş tutmayıb. Əhali cəld tərpənərək, özünü Araz çayına atıb və İran ərazisinə keçib. Bununla da, zəngilanlılar gözlənilən soyqırımdan yaxa qurtara biliblər.
Ərazisi işğal altında qalan, əhalisi respublikamızın 43 rayonunda məskunlaşan zəngilanlı məcburi köçkünlərin mövcud problemlərinin həll edilməsinə daim qayğı göstərilir. Lakin ata-baba yerlərinə həsrət hələ də qalmaqdadır.
YAP Zəngilan rayon təşkilatının sədri Əsəd Hüseynov hadisələrin şahidi kimi qəzetimizə açıqlama verərək bildirdi ki, qaçqın və məcburi köçkünlərə qayğı göstərilməsi, onların problemlərinin həlli Ümummilli Liderimiz Heydər Əliyevin daim diqqət mərkəzində olub. Bu gün Ulu Öndərin bu siyasi kursunu Prezident İlham Əliyev uğurla davam etdirir.
"Zəngilansızlığa dözmək çox ağırdır" - deyən Ə.Hüseynov doğma yurd yerindən məcburiyyət qarşısında baş götürüb gedəndə, dözülməz müsibətli anlar yaşadıqlarını söylədi: "Məşəqqətli vaxtda əgər xalqımızın Ümummilli Lideri Heydər Əliyev İran İslam Respublikasının rəhbərləri ilə danışıqlar aparıb, Araz çayının suyunun azaldılmasına nail olmasaydı, zəngilanlıların böyük əksəriyyəti bu gün yaşamazdı. Xocalı soyqırımından da böyük faciə baş verərdi. Torpaqlarımız təcavüzə məruz qaldıqdan sonra da, Ümummilli Liderimiz Heydər Əliyev qaçqınlara və məcburi köçkünlərə hədsiz həssaslıqla yanaşdı, qayğı göstərdi".
Söhbət etdiyimiz Zəngilan sakinləri də, birmənalı şəkildə, qeyd etdilər ki, zəngilanlılar qəlbən torpağa bağlı adamlardır. Dövlətə sədaqətdə də həmişə seçiliblər: "Möhtərəm Prezident İlham Əliyevin apardığı xarici və daxili siyasəti ürəkdən bəyənirik, gündəlik qayğısına görə minnətdarıq. İnanırıq ki, dövlət başçısının apardığı xarici və daxili siyasət məcburi köçkünləri arzuladıqları günə çatdıracaq, biz tezliklə ata-baba yurdumuza qayıdacağıq".
R.KAMALQIZI