Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, ölkəmizin növbəti diplomatik qələbə əldə etməsi beynəlxalq aləmdə də əsas mövzulardan birinə çevrilmişdir. Belə ki, dünya ictimaiyyətinin bu hadisə ilə bağlı münasibətləri nüfuzlu mətbuat səhifələrində, qurum və təşkilatlarda dəyərləndirilməkdədir. İstər dünya mətbuatı, istərsə də tanınmış politoloqlar, siyasi təhlilçilər, ekspertlər bu hadisəyə eyni prizmadan yanaşaraq, bir sıra mühüm məqamlara toxunmuş, Azərbaycanın bu qələbə sevincinə şərik olduqlarını bəyan etmişlər.
Rusiya mətbuatı: "Azərbaycan qlobal problemlərin həllində mühüm rol oynayır"
Rusiyanın nüfuzlu "Nedelya" qəzetinin yazdığına görə, bu qərar Azərbaycanın regionun aparıcı ölkəsi kimi tanındığını əks etdirir, çünki BMT TŞ-nın müvəqqəti üzvlər siyahısının artırılması ayrıca regionların nümayəndəlikləri bazasında rotasiya əsasında həyata keçirilir: "Və Azərbaycanın belə bir imkan əldə etməsi, Bakının beynəlxalq münasibətlərdə artan rolu, Azərbaycanın təkcə regional problemlərin həllində deyil, həmçinin, BMT-nin məşğul olduğu qlobal problemlərin nizamlanmasında mühüm rol oynadığını əks etdirir".
"Komsomolski Pravda" yazır ki, Rusiya ümumiyyətlə rəsmi Bakı ilə hər hansı formada öz münasibətlərini korlamaq istəməzdi. Məhz bu baxımdan da Azərbaycanın BMT TŞ-də qeyri-daimi üzv seçilməsi istiqamətində Rusiya onu ürəkdən dəstəkləyib: "İstənilən halda, Rusiya enerji ehtiyatları, Cənubi Qafqazda və ümumilikdə, keçmiş SSRİ məkanında nüfuz uğrunda sərt mübarizənin getdiyi bir şəraitdə Bakı ilə münasibətləri pisləşdirməkdə maraqlı deyil. Rusiya, o cümlədən, Azərbaycanda da öz mövqeyini möhkəmləndirmək istərdi, ümumiyyətlə, Bakı ilə münasibətlərini hansısa formada korlamaq istəməz".
Böyük Britaniyanın LİNKS təşkilatı: ""Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi bu dövlətin vacib beynəlxalq oyunçu olduğunu sübut edir"
Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzv seçilməsinə həm Britaniya mətbuatı, həm də bu ölkənin nüfuzlu siyasi analitikləri də münasibətlərini açıqlayıblar. Belə ki, Böyük Britaniyanın nüfuzlu LİNKS təşkilatının icraçı direktoru Dennis Sammut Britaniya mətbuatına mötəbər hadisə ilə bağlı müsahibə verərkən vurğulayıb ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi bu dövlətin vacib beynəlxalq oyunçu olduğunu sübut edib: "Bu hadisə Azərbaycanın çox uğurlu xarici siyasətinin nəticəsidir".
D.Sammut qeyd edib ki, səsvermədə Azərbaycan İslam Əməkdaşlığı Təşkilatı, Ərəb Liqası, Qoşulmama Hərəkatı və MDB ölkələrinin əksəriyyəti tərəfindən fəal dəstəklənib.
Türkiyə KİV-i: "Bölgədə və dünyada nüfuzlu ölkəyə çevrilmiş Azərbaycanın dünyanın taleyüklü məsələləri üzrə qərarlar verən BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi Türkiyə üçün də əlamətdar hadisədir"
Digər ölkələrlə yanaşı, qardaş Türkiyənin kütləvi informasiya vasitələrində də Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin sessiyasında Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi xəbəri geniş yer almaqla, bir sıra qəzet və informasiya agentliklərinin manşetlərinə çıxarılıb. Qardaş ölkənin rəsmi Anadolu agentliyi və TRT kanalı Azərbaycanın dövlət bayrağı fonunda ölkəmizin bu mötəbər təşkilata üzv seçilməsi xəbərini yayıblar. Xəbərdə qeyd olunur ki, Şərqi Avropa qrupu üzrə səsvermədə Azərbaycanın açıq-aşkar favorit olduğunu görən Sloveniya on yeddinci tur ərəfəsində namizədliyini geri götürüb. Beləliklə, təşkilatın 193 üzvündən 155-nin səsini toplayan Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.
"İhlas" xəbər agentliyi, "Doğan" xəbər agentliyi, "TQRT-Haber", "TNT", "NTV" və digər televiziyalarla birgə, "Akşam", "Samanyolu Haber", ingilis dilində nəşr edilən "Turkish Journal News" siyasi dərgisi və digər nüfuzlu mətbuat orqanları Azərbaycanın diplomatik qələbəsinə öz səhifələrində və internet saytlarında geniş yer ayırıblar: "Bölgədə və dünyada nüfuzlu ölkəyə çevrilmiş Azərbaycanın dünyanın taleyüklü məsələləri üzrə qərarlar verən BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi Türkiyə üçün də əlamətdar hadisədir".
ABŞ Dövlət Departamenti: "ABŞ Azərbaycanla yaxından işləyəcəyinə ümid edir
Xatırlatmaq yerinə düşərdi ki, ölkəmiz üçün diplomatik zəfər kimi dəyərləndirilən bu uğur ABŞ Dövlət Departamenti tərəfindən də alqışlanıb. Belə ki, Dövlət Departamentinin mətbuat xidmətinin rəsmisi bəyanatla çıxış edərək Azərbaycanın BMT Təhlükəsizlik Şurası seçkilərindəki qələbəsi ilə bağlı Amerikanın mövqeyini ifadə edib: "Biz, Azərbaycanı 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ilə bağlı təbrik edirik. Birləşmiş Ştatlar BMT nizamnaməsində əks edilən prinsiplərin dəstəklənməsi, şuranın səmərəliliyi və təsirliliyinə töhfə verilməsi və onun beynəlxlaq sülh və sabitliyin qorunmasında rolunun artması üçün Azərbaycanla yaxından işləyəcəyinə ümid edir".
Gürcüstan mətbuatı: "Gürcüstan dövləti və xalqı qonşu
Azərbaycanın bu qələbəsini müştərək sevinc hissi ilə bölüşür"
Qeyd edək ki, ölkəmizin bu uğuru Gürcüstanın teleradio verilişlərində də geniş yer almışdır. Ümumiyyətlə, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması qonşu Gürcüstanda geniş işıqlandırılmaqdadır. Ölkənin "İmedi", "Rustavi 2", "Kanal 1" kimi televiziyaları və yazılı mətbuatı diplomatik uğurumuzu birgə sevinc hissi ilə bölüşür. Məlumatlarda vurğulanır ki, müstəqil Azərbaycanın həyatında əlamətdar və tarixi hadisə baş vermiş, üzv ölkələrin əksəriyyəti səsvermədə Azərbaycanın bu mötəbər təşkilata qeyri-daimi üzv qəbul olunmasını dəstəkləmişdir: "Gürcüstan dövləti və xalqı qonşu Azərbaycanın bu qələbəsini müştərək sevinc hissi ilə bölüşür".
Erməni mətbuatı "həyəcan təbili" çalır: "Yaxın iki ildə biz
Ermənistana ciddi meydan
oxuma hallarının şahidi olacağıq"
Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu ölkə kimi qəbul edilməsi, BMT TŞ-dəki diplomatiya zəfəri mənfur qonşumuz olan işğalçı Ermənistanı ciddi narahat etməyə başlayıb. Belə ki, Ermənistan mətbuatının yazdığına görə, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimiüzv seçilməsi erməni diplomatiyası üçün möhkəm başağrısı olacaq: "Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi erməni diplomatiyası üçün möhkəm başağrısı olacaq. Yaxın iki ildə biz Ermənistana ciddi meydan oxuma hallarının şahidi olacağıq".
RÖVŞƏN NURƏDDİNOĞLU