PDF Oxu

Sosial

  • 20

Ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş mövqeyi möhkəmlənir

Ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş mövqeyi möhkəmlənir

"Azərbaycan etibarlı tərəfdaşdır. Bu cümlədə çox böyük məna vardır. ... Etibarlı tərəfdaş olmaq çox böyük məsuliyyətdir və böyük nailiyyətdir." Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyev Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul olunmasını şərtləndirən amilləri diqqətə çatdırdı. Dünya əhəmiyyətli enerji layihələrinin təşəbbüsçüsü olan Azərbaycan eyni zamanda onları gerçəkləşdirən ölkə kimi tanınır və nüfuz qazanır. Bu məsələ də hər zaman bəyan edilir ki, layihələrin, təşəbbüslərin davamlılığını təmin etmək üçün bölgədə mövcud olan münaqişələrin, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli vacibdir. Məsələ ilə bağlı güclü hüquqi baza mövcud olsa da, beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrin kağız üzərində qalması problemin həllinin uzanmasına səbəb olur.

Nazirlər Kabinetinin iclasında bir daha diqqəti Dağlıq Qarabağ probleminə yönəldən dövlət başçısı İlham Əliyev Azərbaycanın prinsipial mövqeyinin tarixi həqiqətlərə və beynəlxalq hüquq normalarına əsaslandığını önə çəkərək, ölkəmizin iqtisadi inkişafının, demoqrafik durumunun, hərbi potensialının məsələnin tezliklə öz ədalətli həllini tapacağına böyük əminilk yaratdığını bildirdi.

Bu gün işğalçı Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil. Ölkəmizin etibarlı tərəfdaş kimi qəbul edilməsini şərtləndirən əsas amillərdən biri iqtisadi inkişafıdır. Təkcə cari ilin 9 ayının sosial-iqtisadi göstəricilərinə diqqət yetirmək kifayətdir ki, Azərbaycanın iqtisadi inkişafı barədə aydın təsəvvür yaransın. İqtisadiyyatın şaxələndirilməsi, neft amilindən asılılığın azaldılması isiqamətində atılan addımların uğurlu nəticəsidir ki, qeyri-neft sektorunda artım 8,2 faiz təşkil edir. Dövlət büdcəmiz 20 milyard dollara yaxındır. Doqquz ayda valyuta ehtiyatlarımız 11 milyard dollar artıb. Ümumilikdə isə valyuta ehtiyatlarımız 40 milyard dollardan artıqdır. Neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipinin qorunmasına xidmət edən Dövlət Neft Fondunun vəsaitlərinin həcmi 30 milyard dollardan çoxdur. Cari ilin ötən dövründə 74 min yeni iş yeri açılıb ki, bunun da 50 mini daimi iş yerləridir. Hazarda işsizliyin səviyyəsi 5,5 faizdir. Yoxsulluq probleminin həlli istiqamətində atılan addımların uğurlu nəticəsidir ki, bu rəqəm 9 faizdən aşağıdır. Ünvaanlı sosial yardım proqramının icrası da əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlib. Hazırda bu proqram 113 min ailəni əhatə edir. Ölkəmizdə müxtəlif sahələrin inkişafına yönələn məqsədyönlü proqramların sayı 50-dən çoxdur.

Azərbaycan neft və qazla zəngin olan ölkədir. Ölkəmizin enerji daşıyıcılarının dünya bazarlarını çıxarılması üçün yeni yolların müəyyənləşdirilməsi istiqamətində göstərdiyi səylər əldə olunan uğurlu nəticələrdə özünü aydın şəkildə göstərir. Bu gün Azərbaycanın iştirakı olmadan regionda hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü Azərbaycanın artan nüfüzunun, siyasi çəkisinin təsdiqidir. Yeni yataqların aşkarlanması ölkəmizin neft-qaz ehtiyatlarının artmasına, qarşıya qoyulan məqsədlərə nail olmağa geniş imkanlar açır. Dövlət başçısı İlham Əliyev ötən ay "Abşeron" blokunda iri qaz yatağının kəşf edilməsini xüsusi önə çəkərək bildirdi ki, təqribən 300-350 milyard kubmetr səviyyəsində yeni qaz ehtiyatları yaradılmışdır. Ötən ilin sonunda isə Dövlət Neft Şirkəti tərəfindən "Ümid" yatağı kəşf edilmişdir. "Beləliklə, bizim təsdiq edilmiş qaz ehtiyatlarımız 2,6 trilyon kubmetr səviyyəsindədir. Bu, dünya miqyasında çox böyük rəqəmdir" söyləyən dövlət başçısı bildirmişdir ki, coğrafi vəziyyətimizi nəzərə alsaq, bu, nəinki bizim üçün, tərəfdaşlarımız üçün, Avropa üçün yeni imkanlar açır.

Uğurlu neft-qaz layihələri Azərbaycanın iqtisadi və maliyyə imkanlarının artmasına stimul verir. Bu tərəqqi isə öz növbəsində digər, xüsusilə hərbi sənayenin inkişafına da öz müsbət təsirini göstərir. Ölkəmizin hərbi büdcəsi 3 milyard dollardan artıqdır. Ordunun maddi- texniki bazası günbəgün möhkəmlənir. Dövlət başçısı İlham Əliyev Ermənistanla Azərbaycanda keçirilən hərbi paradın müqayisəli təhlilini aparmaqla hazırda işğalçı dövlətin Silahlı Qüvvələrində vəziyyətin nə qədər açınacaqlı olduğunu diqqətə çatdırdı. İqtisadiyyatı iflic vəziyyətində olan bir dövlətin güclü ordudan danışması təbii ki, gülüncdür.

Ölkəmizin bu uğurları, eyni zamanda real faktlara əsaslanan təbliğatı, diplomatik mübarizədə qələbəsi beynəlxalq birliyin ölkəmizə artan diqqət və marağında da özünü qabarıq şəkildə göstərir.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Məlum olduğu kimi, Azərbaycan Sloveniya və Macarıstan ilə birgə Avropa ölkələrindən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə bir yer üzrə öz namizədliyini irəli sürmüşdü.

Ötən həftə keçirilən seçkilərin birinci günü Macarıstan ilk turda az sayda səs toplayaraq mübarizəni davam etdirə bilmədi. 9 raund səsvermədən sonra bu yer uğrunda Azərbaycan və Sloveniya mübarizə apardı. Son raundda Azərbaycan daha yüksək səs qazanaraq Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi.

Prezident İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə bəyanatında bu hadisəni xalqımızın, dövlətimizin qələbəsi, həyata keçirilən siyasətin təntənəsi kimi dəyərləndirərək, bir daha bildirdi ki, 155 ölkənin Azərbaycana dəstəyi artan mövqeyinin, siyasi çəkisinin təsdiqidir. 20 illik müstəqillik tarixində Azərbaycan biri-birindən əhəmiyyətli uğurlara imza atıb. Daxili siyasətin davamı kimi qəbul olunan xarici siyasətdə əldə olunan uğurlar göz qabağındadır. Ulu öndər Heydər Əliyev müstəqillik yollarında ilk addımlarını atan hər bir dövlətin özünü beynəlxalq aləmdə təsdiqləməsində xarici siyasətin düzgün qurulmasını vacib amil kimi önə çəkirdi. Azərbaycan ötən bu dövrdə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqda çox mühüm uğurlar əldə edib. Dövlətimizin bayrağının dünyanın nüfuzlu təşkilatlarının qarşısında dalğalanması qürurverici hadisədir. Azərbaycan bu qurumlarda təmsil olunmaqla həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün tribuna əldə edir.

Dövlət başçısı İlham Əliyev bəyanatında Azərbaycana artan diqqət və inamı şərtləndirən amillərdən biri kimi həyata keçirilən müstəqil siyasəti önə çəkir: "Bizim xarici siyastimizin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan müstəqil siyasət aparır. Bu siyasət Azərbaycan xalqının maraqlarını təmin edir. Bu siyasət əməkdaşlığı genişləndirmək, artırmaq üçün aparılan siyasətdir."

Ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinə təsirsiz olmayacaq.

Qeyd edək ki, Təhlükəsizik Şurası 15 üzvdən ibarətdir. Bunlardan 5-i, yəni ABŞ, Çin, Rusiya, Böyük Britaniya və Fransa daimi üzvlərdir və veto hüququna malikdirlər. Digər 10 üzv isə 2 il müddətinə seçilir. Yeni seçilən ölkələr 2012-ci ilin yanvarın 1-dən səlahiyətlərinin icrasına başlayacaq.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi dünya dövlətlərinin, təşkilatlarının təmsilçiləri tərəfindən də beynəlxalq aləmdə əsil söz sahibi olduğunun təsdiqi kimi qiymətləndirilir. Bu gün ölkəmizin inkişaf modelinin digər ölkələrə nümunə göstərilməsi bir daha belə bir həqiqəti təsdiqləyir ki, düzgün müəyyənləşdirilən siyasət ölkəni daim inkişafa aparar. 2009-cu ildən dünyanı bürüyən iqtisadi və maliyyə böhranından Azərbaycanın uğurla çıxması bu faktı bir daha təsdiqlədi. İqtisadi tərəqqi, müstəqillik siyasi müstəqillik üçün əsasdır. Vaxtilə çoxlarına əfsanə kimi görünən layihələr bu gün reallığa çevrilməklə ölkəmizin uzunmüddətli iqtisadi inkişafına zəmin yaratdı. Yeni-yeni layihələrin təşəbbüsçüsü olan Azərbaycan eyni zamanda onları gerçəkləşdirən ölkə kimi nüfuz qazanır. İnvestisiya cəlbediciliyini yüksək səviyyədə qoruyan Azərbaycan həm də bu və ya digər ölkələrdə uğurlu investisiya layihələri həyata keçirir. "PETKİM" kimi nəhəng müəssisə artıq Azərbaycan Dövlət Neft Şirkətinin mülkiyyətidir. Bu müəssisəyə və Kulevi terminalına qoyulan sərmayələr öz səmərəsini verir. Gürcüstanda, Ukraynada və digər ölkələrdə yanacaqdoldurma stansiyalarının tikintisini, qaz təsərrüfatında idarəçilik prinsiplərini Azərbaycan Dövlət Neft Şirkəti icra edir. Bütün bunlar imkanlarımızı genişləndirir. Dövlət başçısı İlham Əliyev bildirir ki, ARDNŞ-in beynəlxalq şirkətə çevrilməsi məhz bu yoldan keçir. Bu günlərdə "Petkim" şirkətinin "Star" neft emalı zavodunun təməlqoyma mərasiminin keçirilməsi də mühüm hadisədir. İqtisadi uğurlarımız bir-birini əvəzləməkdədir.

Bu gün yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bugünkü reallıqlarımız- iqtisadi tərəqqi, güclü ordu, beynəlxalq dəstək, ən əsası xalq-iqtidar birliyi bu prbolemin də tezliklə öz ədalətli həllini tapacağına əminlik yaradır.

Azərbaycan dövləti bütün beynəlxalq təşkilatlarda problemin müzakirəsinə səyə göstərir. BMT-də mütəmadi olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin müzakirəyə çıxarılması da Azərbaycan dövlətinin uğurlu xarici siyasətinin və səylərinin nəticəsidir. Rəsmi Bakı hər zaman bildirir ki, münaqişənin həllində vasitəçilik missiyasını ATƏT-in Minsk qrupu yerinə yetirsə də, bütün beynəlxalq təşkilatların potensialından səmərəli istifadə etmək niyyətindədir. Xatırlatmaq istərdik ki, Azərbaycan dövləti Faktaraşdırıcı Missiyanın yaradılması ilə bağlı BMT-yə müraciət etmişdir. Rəsmi Bakının bu addımını ATƏT-in Minsk qrupunun vasitəçiliyindən imtina kimi dəyərləndirən həmsədrlər Faktaraşdırıcı Missiyanın qurum tərəfindən yaradılmasının vacibliyini bildirdilər. Bu missiya 2005-ci ildə ATƏT tərəfindən yaradıldı.

BMT Baş Assambleyasının hər il keçirilən sessiyasında Dağlıq Qarabağ problemi əsas müzakirə mövzusu olur. Bu günlərdə BMT Baş Assambleyasının 66-cı sessiyasında da bu məsələ gündəlikdə oldu.

Bu gün Dağlıq Qarabağla bağlı bir sıra beynəlxalq təşkilatların qərar və qətnamələri var. Avropa Şurası, ATƏT, İKT, Avropa Parlmenti qəbul etdikləri qətnamələrdə Ermənistanın işğalçılıq siyasətini pisləyir, tarixi saxtalaşdırmamağa çağırır. BMT Təhlükəsizlik Şurasının müxtəlif vaxtlarda qəbul etdiyi 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olduğu, erməni işğalçılarının bu torpaqlardan qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapıb. Qətnamələrin qəbulundan 18 ildən artıq vaxt keçir. Nə üçün işğalçı Ermənistan bu sənədlərə məhəl qoymur, onların yerinə yetirilməsi barədə düşünmür? Rəsmi Bakını narahat edən, sərt bəyanatlarla çıxış etməyə məcbur edən də məhz Ermənistana dünyanın göstərdiyi dəstək, bir sözlə, ikili siyasətdir.

Bu günədək işğalçılıq siyasətinə, beynəlxalq hüquq norma və prinsiplərinə məhəl qoymadığına görə heç bir təzyiqə məruz qalmadığının nəticəsidir ki, Ermənistan rəhbərliyi dünyanın ən nüfuzlu təşkilatlarının tribunalarından utanmadan Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu bildirməklə yanaşı, torpaqlarımızın işğalında bilavasitə iştirakçı olduqlarını böyük sevinc hissi ilə qeyd edirlər. BMT Baş Assambleyasının 66-cı sessiyasında da Ermənistan prezidenti Dağlıq Qarabağın müstəqil qurum olduğunu bəyan edərək, bu yalanının həqiqət olduğunu sübut etmək üçün əsassız fikirlər səsləndirdi. Lakin sessiyanın gedişi zamanı bu reallığı dərk etmək məcburiyyətində olduğunu müəyyənləşdirdi. Faktlara əsaslanmayan təbliğat heç zaman inandırıcı görünə və qəbul oluna bilməz. Tarix faktlara əsaslanır. Tarixi inkar etməklə nəyəsə nail olmaq mümkünsüzdür. Müstəqilliyi formal xarakter daşıyan, forpost olduğunu hər addımında təsdiqləyən işğalçı dövlət Azərbaycanla müqayisə olunmaz səviyyədə olduğunu aydın dərk edir.

Ermənistanın formal müstəqilliyinin 20 illiyi münasibətilə keçirdiyi hərbi parad bir çox məqamlara aydınlıq gətirdi. Hərbi paradda Rusiya bayrağının dalğalanması, Rusiya Silahlı Qüvvələrinin Ermənistanda olan hərbi hissələrindən dəstələrin iştirak etməsi Ermənistanın müstəqil dövlət olmadığını bir daha ortaya qoydu. Eyni zamanda paradda din xadimlərinin iştirakı Ermənistanda demoqrafik durumun çox ağır olduğunu açıqladı. Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, artıq işğalçı dövlətdə din xadimləri də həqiqi hərbi xidmətə cəlb edilirlər. Baxmayaraq ki, Ermənistan rəsmiləri öz sərsəm bəyanatlarında münaqişənin həllində hərb variantı seçilərsə, Azərbaycan Ordusunun məğlubiyyətə uğrayacağını bildirirlər. Bu fikirlərin təsəlli xarakterli olduğu "yeniliklərlə zəngin olan" hərbi paraddan aydın göründü. Azərbaycan Ordusunun gücü, qüdrəti beynəlxalq səviyyədə təqdir olunur. Dövlət müstəqilliyimizin qarantı olan ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, peşəkarlığın, döyüş qabiliyyətinin artırılması dövlətimizin siyasətində əsas məsələlərdəndir. Ulu öndər Heydər Əliyevin "Sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordun olmalıdır" fikri dövlətimizin siyasətində öndə dayanır.

Dövlət başçısı İlham Əliyev BMT Təhlükəsizlik Şurasına üzv olmaq üçün Ermənistanın da ilkin mərhələdə namizədliyini irəli sürdüyünü, sonrakı mərhələdə Azərbaycanla diplomatik sahədə rəqabət aparmaq imkanında olmadığını dərk edib namizədliyini geri götürdüynü önə çəkərək bu inamı ifadə etdi ki, işğalçı dövlət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də eyni yanaşmanı göstərəcəkdir. "Nəhayət, anlayacaqlar ki, Azərbaycanla heç bir sahədə onlar rəqabət apara bilmirlər və bilməyəcəklər. Nə qədər tez bunu anlasalar, onlar üçün bir o qədər yaxşı olacaqdır. Çünki onların BMT Təhlükəsizlik Şurasına seçkilərdə siyasi və diplomatik iflası, uğursuzluğu istisna edilmir ki, təkcə diplomatik meydanla məhdudlaşmayacaqdır. Azərbaycan güclü dövlətdir və güclü dövlətlərlə qonşular adətən dost olmaq istəyirlər."

Dövlət başçısı İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi üçün qurum üzvlərinin göstərdiyi dəstəyi ölkəmizin hərtərəfli inkişafının, beynəlxalq münasibətlərin təzahürü kimi qeyd edir. Bu gün Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Xarici siyasətində qarşılıqlı əməkdaşlıq əlaqələrinə xüsusi önəm verən ölkəmiz heç bir dövlətin daxili işinə müdaxilə etmir və bu müdaxiləni qəbuledilməz hesab edir. Dövlət başçısı İlham Əliyevin "Siyasi gücündən, yaxud da ki, böyüklüyündən, ərazilərindən asılı olmayaraq, bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qura bilmişik" fikri də münasibətlərdə qarşılıqlı maraqlar və hörmət prinsipinin əsas götürüldüyünün təsdiqidir.

Müstəqli Azərbaycan bu gün biri-birindən əhəmiyyətli uğurları ilə dünyanın diqqətindədir.


"İki sahil"in Analitik Qrupu

Digər xəbərlər