PDF Oxu

Sosial

  • 19

ADNA-da Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının hesabat-seçki yığıncağı keçirildi

ADNA-da Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının hesabat-seçki yığıncağı keçirildi

Dünən Azərbaycan Dövlət Neft Akademiyasında Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının hesabat-seçki yığıncağı keçirildi. İlk olaraq, tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər və Azərbaycan himni səsləndirildi.

Tədbiri giriş sözü ilə təşkilatın sədri Tamella Naibova açaraq, YAP-ın Azərbaycanda aparıcı siyasi qüvvəyə malik olduğunu diqqətə çatdırıb, bu siyasi qüvvənin meydana gəlməsində zəhməti, əməyi olan insanların rolunu vurğuladı. O bildirdi ki, "Yeni müstəqil Azərbaycan uğrunda" şüarını özünə rəhbər seçən partiya meydana gəldi və Ümummilli Lider Heydər Əliyevin siyasi məfkurəsi, əzmi, fədakarlığı ilə dövlətin ən aparıcı iqtidar partiyasına çevrildi. Heydər Əliyevin səyi ilə formalaşan və inkişaf edən partiya müxtəlif təbəqələri ətrafında cəmləşdirərək, böyük bir ordunu səfərbər etdi. Tamella xanım bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirildiyini söylədi. Azərbaycanda YAP-a üzv olan insanların sayının günü-gündən artdığını bildirdi.

Hesabat məruzəsi ilə çıxış edən təşkilatın sədri Azərbaycan Dövlət Neft Akademiyasında 1700-dən çox əməkdaş və tələbənin YAP-ın üzvü olduğunu söylədi. Təkcə hesabat dövründə ADNA-da 500-dən çox əməkdaş və tələbə YAP-a üzv olunub. Tamella xanım bu üzvlərin bu gün də sayının artmasını məhz düzgün və inamlı addımın nəticəsi olduğunu söylədi.

Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədr müavini Elsevər Ağayev bu gün hakim partiya olan YAP-ın nailiyyətlərini diqqətə çəkib, bu illər ərzində əldə olunan uğurlara nəzər saldı. O, ADNA-nın ilk ərazi partiya təşkilatının gördüyü işləri qənaətbəxş hesab etdi.

Hesabat-seçki yığıncağında çıxış edən akademiyanın ictimai fənlər kafedrasının müdiri Yaşar Əhmədov, ADNA-nın ərazi ilk təşkilatının qadınlar şurasının sədri Məlahət Nəcəfova, gənclər şurasının sədri Zəfər Qurbanov və başqaları çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın gələcək inkişafı naminə gördüyü işlərdən, irimiqyaslı layihələrdən danışaraq, aparıcı qüvvəyə malik olan YAP-ın ölkənin həyatında bu cür rola malik olmasının məhz Onun fəaliyyəti ilə əlaqələndirdilər.

Çıxışlar sona yetdikdən sonra ADNA-nın ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağının qərarı oxundu və yekdilliklə qəbul olundu. Təşkilatın sədri yenidən yekdil olaraq Tamella Naibova seçildi.

Sonra YAP Nəsimi rayon təşkilatının VIII konfransına 30 nəfər üzv seçildi.

Tədbir çərçivəsində YAP-a yeni üzv olunmuş 25 nəfər tələbə və əməkdaşa üzvlük vəsiqələri təqdim edildi.


Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər