Dünən Səbail rayon icra hakimiyyətində 2011-ci ilin 9 ayının sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işlərin yekununa dair toplantı keçirilmişdir.
Rayonun idarə, müəssisə, təşkilat, xidmət sahələri, təhsil, səhiyyə müəssisələri rəhbərlərinin, ağsaqqallar, veteranlar, gənclər və digər ictimai təşkilatların və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov 2011- ci ilin 9 ayı ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat vermiş, rayonda görülmüş işləri təhlil edərək həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışmışdır. Çıxışda qeyd olunmuşdur ki, 2011-ci ilin 9 ayı ərzində rayonda 15 milyard 809,2 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6 % çox sənaye məhsulu istehsal edilmiş, nəqliyyat sektorunda 464,8 milyon manatlıq və ya 36,4 % çox nəqliyyat xidmətləri, rabitə müəssisələri tərəfindən 578,5 milyon manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 1,4 % çox rabitə xidmətləri göstərilmişdir. Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 1 milyard 626,5 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 9,3 % çoxdur. İlin əvvəlindən əhaliyə 394,9 milyon manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir ki, bu da 5,5 % çoxdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə əmtəə dövriyyəsi 9,5 % , pullu xidmətlərin həcmi isə 3,9 % artmışdır.
2011-ci ilin yanvar-avqust ayları üzrə Səbail rayonunda çalışan işçilərin sayı 89097 nəfər, orta aylıq əmək haqqının məbləği isə 902,4 manat olmuşdur bu da keçən ilin müvafiq dövrünə nisbətən 6,9 % çoxdur.
A.Əsgərov qeyd etmişdir ki, 2011-ci ilin 9 ayı ərzində Səbail rayonu ərazisində 1242 yeni daimi iş yeri açılmışdır. Ümumiyyətlə, 2003-cü ilin noyabrından 2011-ci ilin oktyabr ayının 1-dək rayonda 34429 iş yeri açılmışdır ki, bunlardan 32162 iş yeri daimidir. Eləcə də, 2011-ci ilin əvvəlindən rayonda yerləşən bir sıra müxtəlif təyinatlı obyektlərin inşası, təmir-yenidənqurma işləri müvəffəqiyyətlə davam etdirilir: "Bu il ölkə rəhbərinin iştirakı ilə "Bakıelektrikşəbəkə" ASC-nin Mərkəzi Dispetçer Xidmətinin və yeni inşa olunmuş 6 yarımstansiyanın, Səbail rayon enerji təchizatı və satış idarəsinin yeni inzibati binasının, Qafur Məmədovun adını daşıyan parkın, 6 saylı tam orta məktəbin, "Hilton-Baku" otel kompleksinin açılışı olmuşdur. Hazırda rayonda bir sıra dövlət əhəmiyyətli iri obyektlərin tikintisi aparılır, bir sıra obyektlərdə təmir-bərpa işləri davam etdirilir. Belə ki, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, "Flame Tower" (Alov qüllələri) kompleksinin, "Four Seasons" və "Mariot" mehmanxanalarının, Badamdar qəsəbəsində MTN-in yeni hospitalının və Oksford Məktəbi üçün yeni tədris korpusunun, Z.Əliyeva küçəsində "İş Adamları Mərkəzinin", İncəsənət Muzeyi üçün yeni korpusun tikintisi aparılır. Neftçilər və Bülbül prospektlərində yeni yeraltı keçidlərin inşası başa çatmaq üzrədir, Parlamet prospektində yeni keçid, Azadlıq meydanında 2 mərtəbəli yeraltı, Fəvvarələr meydanında yerüstü qarajların tikintisinə, Funikulyorun və Azərbaycan Dövlət Filarmoniyasının əsaslı təmirinə, may ayından isə Səbail rayonunun simvolu olan Qız qalasının bərpa və konservasiyası işlərinə başlanmışdır".
Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar RİH tərəfindən tərtib olunmuş tədbirlər planına əsasən, rayonda çoxsaylı tədbir və toplantılar keçirilmiş, ölkə başçısının Sərəncamı ilə rayon ictimaiyyətinin nümayəndələrindən 2 nəfəri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşlar.
Toplantıda əldə olunmuş nailiyyətlərlə yanaşı, həm də həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları müzakirə olunmuşdur. Tədbirdə dövlət qulluqçularının peşə bayramı ilə əlaqədar təltif olunmuş Səbail rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşı Fəridə Əliyevaya "Dövlət qulluğunda fərqlənməyə görə" medalı təqdim olunmuşdur. Yığıncağın işində Milli Məclisin üzvü Fuad Muradov iştirak etmişdir.
R.RƏSULOV