Dünən spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasda ilk olaraq Milli Koordinator, Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini, general-leytenant Vilayət Eyvazov ötən dövrdə Azərbaycanda insan alveri ilə mübarizə sahəsində görülən işlər barədə məlumat verərək dedi ki, cari ilin 9 ayında Azərbaycanda keçirilmiş əməliyyat-profilaktik tədbirlərlə insan alveri ilə bağlı 70 fakt qeydə alınıb, 4 cinayətkar qrup zərərsizləşdirilib: "Keçirilmiş əməliyyat nəticəsində həmin cinayətləri törətmiş 17 nəfər saxlanılmış, insan alverinin qurbanı olan 27 nəfər müəyyən olunmuşdur. Bu növ qeyri-hüquqi əməllərə görə beynəlxalq axtarışa verilmiş şəxslərdən 3 nəfər İnterpol xətti ilə tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Hal-hazırda isə 17 nəfərin axtarışı davam etdirilir".
Nazir müavini onu da qeyd etdi ki, hesabat dövründə "Qaynar xətt" telefon xidmətinə insan alveri, əxlaqsızlıq yuvaları saxlama, xarici ölkələrdə işə düzəltmə, təhsil, əcnəbilərlə nikahdan ortaya çıxan problemlərlə bağlı 12 minə yaxın zəng daxil olub. Araşdırmalar göstərir ki, Azərbaycan müvafiq qurbanlar üçün əsasən mənbə ölkəsidir. İnsan alveri qurbanlarından 17 nəfəri Türkiyəyə, 5 nəfəri İrana, 2 nəfəri Birləşmiş Ərəb Əmirliklərinə, daha 2 nəfəri isə Rusiyaya aparılmışdır. Müəyyən edilmiş 27 qurbandan 3-ü təhsilsiz, 3-ü natamam orta, 21-i orta təhsillidir. İstismara qalan qurbanlardan 14-ü 25-35 yaş həddindədir. Bu müddət ərzində insan alverinin 18 qurbanı öz arzusu ilə təhlükəsiz sığınacağa yerləşdirilib.
Vilayət Eyvazov onu da bildirdi ki, insan alveri ilə yanaşı, valideyn himayəsindən məhrum olmuş və baxımsız qalan uşaqların müəyyən edilməsi və onların qeydiyyata alınması istiqamətində tədbirlər davam etdirilib. Cari ilin 9 ayında aşkar edilmiş bu qəbildən olan uşaqlardan üçü şəxsiyyət vəsiqəsi, 10-u doğum haqqında şəhadətnamə, habelə, insan alverinin qurbanı və potensial qurban olan 46 nəfər şəxsiyyəti təsdiq edən sənədlə təmin olunub. Azərbaycanda vətəndaşların məcburi əməyə cəlb edilməsi ilə bağlı bir sıra faktların da aşkarlandığını deyən Milli Koordinator onu da vurğuladı ki, beynəlxalq təşkilatlardan "DİA Holdinq" şirkətində, Dövlət Sərhəd Xidmətinin İdman Kompleksində, "Azərbaycan" istilik elektrik stansiyasında çalışan Çin, Türkiyə və Əfqanıstan vətəndaşlarının məcburi əməyə cəlb edilməsi ilə bağlı müraciətlər daxil olmuşdur. Müraciətlərin araşdırılması zamanı şikayətlərin əsasən əmək haqlarının gecikdirilməsi və ya tam ödənilməməsi, ilə bağlı olmuşdur. Qaldırılan məsələlər qanun çərçivəsində həllini tapmışdır.
Nazir müavini V.Eyvazov onu da bildirdi ki, hesabat dövründə Dövlət Əmək Müfəttişliyi, Dövlət Miqrasiya Xidməti, Azərbaycan Sahibkarlar Konfederasiyası və QHT-lərlə birgə ayrı-ayrı vaxtlarda müxtəlif tikinti şirkətlərində və daş karxanalarında məcburi əməyə məruz qalma hallarının müəyyən edilməsi üçün monitorinqlər aparılmış, tikinti təhlükəsizliyi və qeydiyyat qaydalarının, habelə, əmək qanunvericiliyinin tələblərinin pozulması halları aşkarlanaraq, aidiyyəti şəxslər barədə müvafiq tədbirlərin görülməsi təmin edilmişdir.
Daha sonra İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun illik hesabatı ilə bağlı müzakirələr aparıldı. Millət vəkili Fazil Mustafanın sözlərinə görə, son dövrlərdə ölkəmizdə insan alverinə qarşı mübarizə istiqamətində xeyli iş görülübdür: "Bu mübarizə elə bir sahədədir ki, burada bütün qurumlar iştirak etməlidir". Məcburi əməyə cəlb edilməklə bağlı da bütün məsələlərə toxunan deputat qeyd etmişdir ki, Azərbaycana Çin, Əfqanıstan və digər ölkələrdən ucuz işçi qüvvəsi gətirilməsi məsələsini də araşdırmaq lazımdır. Ölkədə kifayət qədər işçi qüvvəsi olduğu halda, başqa ölkədən ucuz işçi gətirilməsi doğru deyil.
Deputat Zahid Oruc mübarizə tədbirlərini gücləndirmək üçün əmək miqrasiyasını tənzimləyən qurumların məsuliyyətinin artırılmasını bildirdi və vurğuladı ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilməlidir. Övladlığa götürmə ilə bağlı məsələyə də xüsusi nəzarətin artırılmasını vacib sayan deputat insan alveri ilə bağlı bəzi faktlara da toxundu: "Turizm şirkətlərinin xətti ilə insan ticarəti faktları mövcuddur. Uşaq dilənçiliyi də mövcud problemlər arasında yer alır. Buna qarşı tədbirlər gücləndirilməlidir. İnsan orqanları transplantasiyası faktı da diqqətçəkən məqamlardan biridir."
Deputat Rəfael Cəbrayılov Çindən ölkəmizə gələn qadınların küçə ticarəti ilə məşğul olmasının beynəlxalq hesabatlarda yer almasından narahatlığını ifadə edərək, bu məsələnin araşdırılmasını təklif etdi.
Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova isə bildirdi ki, insan alverinin qurbanı olan şəxslərlə bağlı bir çox sənəd qəbul edilmişdir: "Azərbaycan insan alveri ilə mübarizədə ön sıralarda dayanır".
Siyavuş Novruzov: "Qərəzli insanlar da var ki, hansı ki, Azərbaycan haqqında qeyri-obyektiv fikirlər səsləndirirlər və həmin fikirlərin içində "siyasi məhbus" məsələləri də yer alır ki, bu da onların öz xislətidir"
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov insan alverinin bir ölkənin daxili məsələsi olmadığını bildirdi: "Verilən hesabatın təhlilindən görünür ki, Azərbaycanda kifayət qədər bu sahənin qarşısının alınması ilə bağlı işlər gedir və bundan sonra da bu işlər davam etdiriləcəkdir. Qeyd edim ki, bu, elə bir prosesdir ki, bu, tək bir ölkənin daxili məsələsi deyil. Bununla bağlı istər beynəlxalq təşkilatlar, istər ayrı-ayrı dövlətlər, istərsə də ayrı-ayrı insanlar müxtəlif yerlərdə yaşayan və mübarizəni hər bir dövlət öz çərçivəsində apararaq, bunun qarşısını ala bilər. Yəni narkotikaya qarşı mübarizədə, silah alverinə qarşı mübarizədə və digər antiterror hallarına qarşı mübarizədə olduğu kimi, insan alverinə qarşı mübarizə də cəm şəkilində olmalı və hər bir dövlət bununla bağlı apardığı mübarizəni konkret şəkildə göstərməlidir. Bununla belə, heç bir dövlətin başqa bir ölkə haqqında hesabat hazırlamaq hüququ yoxdur. Biz ilbəil onların hesabatlarına baxırıq və hər şey eynidir, heç nə dəyişməyib. Biz hansısa dövlətə nəyisə nümayiş etdirmək üçün tədbirlər həyata keçirmirik, öz vətəndaşlarımızı müdafiə edirik. Bu mübarizədə həm daxili işlər orqanları, həm Təhsil Nazirliyi, qeyri-hökumət təşkilatları, hesab edirəm ki, bura mətbuatı da qoşmaq lazımdır ki, insanların maarifləndirilməsi üçün mətbuatda düzgün informasiyalar verilsin. Qərəzli insanlar da var ki, hansı ki, Azərbaycan haqqında qeyri-obyektiv fikirlər səsləndirirlər və həmin fikirlərin içində "siyasi məhbus" məsələləri də yer alır ki, bu da onların öz xislətidir".
Müzakirələrdən sonra hesabat səsə qoyularaq qəbul edildi.
Sonra iclasda "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı. Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov bildirdi ki, qanun layihəsi 4 fəsil və 27 maddədən ibarətdir. Sənədin hazırlanmasında AMEA-nın strukturları və alimlər iştirak etmişlər. Layihədə mədəni bitkilərin genetik ehtiyatlarının vahid Mərkəzi Məlumat Bazasının, Milli Proqramın, Milli Genbankın və işçi qrupların yaradılması, onların hüquq və vəzifələri, məlumatların mühafizəsi, istifadəsi, mədəni bitkilərin genetik ehtiyatları kolleksiyaları sahiblərinin dövlət uçotu və qeydiyyatı və s. əksini tapır.
Eldar İbrahimov onu da qeyd etdi ki, qanun layihəsinə Azərbaycana məxsus mədəni bitki brendlərinin mühafizəsi də daxil edilibdir. Sənəddə qeyd olunur ki, Azərbaycana məxsus mədəni bitki brendləri Azərbaycan xalqının milli sərvətidir və qanunla qorunur. Bitki brendlərinin və onların areallarının siyahısı müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunaraq təsdiq edilir. Azərbaycana məxsus ənənəvi mədəni bitki brendlərinin yayıldığı areallarda başqa növ bitki nümunələrinin əkilməsi qadağan olunur. Məxsusi ənənəvi mədəni bitki brendlərinin becərilməsinə və onların genetik ehtiyatlarının mühafizəsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət nəzarəti həyata keçirilir və qaydaların pozulmasına görə qanunvericilikdə məsuliyyət müəyyənləşdirilir.
Deputatlardan Aytən Mustafayeva, Tahir Rzayev, Leyla Abdullayeva və Fərəc Quliyev ehtiyatlarla bağlı fəaliyyətin daha yaxşı idarə olunması, bu sahədə boşluqların aradan qaldırılması, milli və beynəlxalq əlaqələndirmənin yaxşılaşdırılması, elmi-tədqiqat işlərinin səviyyəsinin və maddi-texniki bazasının əhəmiyyətli dərəcədə yüksəldilməsi, bitki genetik ehtiyatların daha etibarlı mühafizəsi baxımından belə bir qanunun qəbulunu vacib saydılar.
Qanun layihəsi birinci oxunuşda qəbul edildi.
İclasda son olaraq "Sosial xidmət haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirə edildi. Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli dedi ki, bu qanun layihəsində qarşıya qoyulan məqsəd çətin həyat şəraitində yaşayan şəxslərə sosial xidmət göstərilməsi sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən etmək və bu sahədə yaranan münasibətləri tənzimləməkdir. Layihə 6 fəsil, 30 maddədən ibarətdir.
Deputatlardan Elmira Axundova, Azay Quliyev, Rafael Cəbrayılov, Cavanşir Feyziyev və başqaları qeyd etdilər ki, bu qanunun qəbulu insanların sosial problemlərinin aradan qaldırılması və ictimai həyatda digər insanlarla bərabər iştirak imkanlarının yaradılması istiqamətində mühüm rol oynayacaq.
Qanun layihəsi ikinci oxunuşda qəbul edildi.
RƏFİQƏ KAMALQIZI