PDF Oxu

Sosial

  • 28

Əvəz Zeynallının reketçiliyinə son qoyuldu

Əvəz Zeynallının reketçiliyinə son qoyuldu

Ölkə ictimaiyyətinə məlum olduğu kimi, Azərbaycanda söz və məlumat azadlığı tam təmin olunub, KİV-lərin sərbəst fəaliyyəti üçün zəruri şərait yaradılıb, medianın iqtisadi müstəqilliyinin, maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial problemlərinin həlli üçün müvafiq tədbirlər həyata keçirilir. Təəssüf ki, bir sıra mətbuat orqanları, jurnalistlər yaradılmış imkanlardan sui-istifadə edir, insanların şərəf və ləyaqətini alçaldır, yalan böhtan xarakterli, təhqiramiz materiallar dərc edir, qanunları, jurnalistlərin etik davranış qaydalarını kobud şəkildə pozurlar. Bunlardan biri də "Xural" qəzetidir.


"Xural" "reket" mətbuat sektorunda şəksiz liderdir


Son illərdə "Xural" qəzeti müntəzəm olaraq yalan və böhtan xarakterli, təhqiramiz materiallar yayımlamaqla məşğuldur. Qəzetin baş redaktoru Əvəz Zeynallı və qəzetin bəzi əməkdaşları davamlı şəkildə ziyalıları, məmurları, iş adamlarını, incəsənət xadimlərini, millət vəkillərini, sıravi vətəndaşları şantaj edir.

Qəzetin səhifələrində daim qarayaxma, təhqir, şantaj dolu məqalələr dərc olunur. Bu yazıları oxuyanda arif adam anlayır ki, bunda hansısa maddi maraq, xüsusi məqsəd var. Bir çox hallarda hansısa tanınmış məmur, ha da biznesmen haqda şok məlumatların dərc olunacağı anons olunur, lakin aylar keçir bu məsələlər unudulur. Vəziyyət aydındır- lazımi məbləğdə rüşvət alınandan sonra susurlar.

Tanınmış insanları cəmiyyətin gözündən salmaq, onlar haqda dezinformasiyalar yaymaq, heç bir jurnalist araşdrıması aparmadan, faktlar toplamadan, ümumi sözlər və ehtimallarla hazırlanan yazılarda elə şeylər iddia olunur ki, sanki məqalənin qəhrəmanı vətən xainidir. Halbuki onu tanıyan, onunla birlikdə işləyən insanlar bunun yalan olduğunu dəqiq bilirlər.

"Xural" yeganə qəzetdir ki, onun qanunazidd fəaliyyəti ilə bağlı Mətbuat Şurasında 6 şikayət ərizəsinə baxılmışdır. 2011-ci il sentyabrında Şuranın İdarə Heyətinin iclasında müraciətlər müzakirə olunmuş və "Azərbaycan Jurnalistlərin Peşə Davranışı Qaydaları"nı mütəmadi pozduğuna, tənqid obyektlərinin fikirlərinin dərcinə önəm vermədiyinə, şəxsi həyatın toxunulmazlığı prinsipinə laqeyd yanaşdığına, səhifələrində insanların şərəf və ləyaqətini aşağıladığına görə "Xural"ın "qara siyahı" ya daxil edilməsi qərara alınmışdır.


Ə.Zeynallı məqalələrinin "qəhrəmanlarından" nə istəyir?

Son vaxtlar müxalifət mətbuatında ölkədə söz azadlığının olmaması və jurnalistlərin həbs olunması ilə bağlı qərəzli yazıların sayı artıb. Bu cür yazıların müəllifi öz cızmaqaralarında dövləti, hakimiyyəti və xalqı təhqir edir və yazının sonunda da şikayətlənirlər ki, jurnalistlərə azad fikir səsləndirməyə imkan verilmir, mətbuata təzyiqlər var-filan. Mövzuya keçməmiş elə bəri başdan deyim ki, bu yazıların özü də ölkədə mətbuat və söz azadlığının olduğunu göstərir.

Sadəcə, bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda mətbuat azadlığını bəziləri özbaşınalıq, şantaj, hədə-qorxu və böhtan üsullarından istifadə edib rüşvət almaq, xoşu gəlmədiyi şəxsin şərəf-ləyaqətini tapdalamaq və ya insanları təhqir etmək azadlığı kimi qavrayırlar. Azad söz və mətbuat azadlığı ölkəmizdə olmasaydı, "media-reket"lər hökumətin yaratdığı azad şəraitdən istifadə edib əziyyətsiz-filansız qəfildən varlanmaq həvəsinə düşməzdilər.

Belələri cinayət əməllərinə görə ifşa edilərək həbs ediləndə bütün dünyaya haray-həşir salırlar ki, vay qoymayın, məni jurnalist olduğuma görə həbs ediblər. Görün vəziyyət, yəni mətbuat azadlığı nə yerə gəlib çatıb ki, cibində jurnalist vəsiqəsi olan adam ağır cinayət edəndə də qəzetlər yazır ki, bəs filankəs jurnalist olduğuna görə buraxılmalıdır?

İri məbləğdə rüşvət aldığı yerdə yaxalanan jurnalistin həmkarları tərəfindən müdafiəsi isə lap təəccüblüdür. Deməli, həmin yazarlar da onun tayıdır və onun prinsipləri ilə işləyirlər. Ölkədəki mətbuat azadlığından sui-istifadə edən "Xural"ın baş redaktoru da qəfildən varlanmaq həvəsinə düşüb.


Mətbuat quldurlarının hüquqları hamıdan artıqdırmı?


Ümumiyyətlə, son illərdə bəzi qəzetlər ən sərt təhqir və böhtana keçiblər. Başqalarının hüquqlarını kobud surətdə pozan bu "jurnalist"lər özlərinə qarşı tədbir görüləndə, hay-həşir salırlar ki, qoymayın insan hüquqları pozulur.

Tədbir görülür, deyirlər söz azadlığı pozulur, görülməyəndə, qanunlar ayaqlanır. Təsadüfi deyil ki, vətəndaşların şərəf və ləyaqətini ləkələyən, nüfuzuna xələl gətirən, böhtan xarakterli, təhqir və əsassız ittihamlarla dolu məlumatların dərc olunmasına görə "Xural" qəzetinə qarşı məhkəmələrdə dəfələrlə iddialar qaldırılaraq qərarlar çıxarılıb və icraya yönəldilib.

"Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı ayrı-ayrı vətəndaşların şərəf və ləyaqətini alçaldan, nüfuzuna xələl gətirən məlumatlarla bağlı təkziblərin verilməsi və onlara dəymiş mənəvi ziyana görə kompensasiyaların ödənilməsi ilə bağlı çıxarılmış 3 məhkəmə qərarının icrasından imtina edib.

O, icra məmurları tərəfindən, mütəmadi olaraq, rəsmi xəbərdarlıqların edilməsinə, müvafiq izahların verilməsinə və digər icra tədbirlərinin həyata keçirilməsinə, hətta 2 dəfə inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq, məhkəmə qərarlarında nəzərdə tutulan tələblərin icrasından uzun müddət boyun qaçırıb.


Məhkəmə qanunun aliliyini və ədaləti təmin etdi


Məhkəmənin qanuni qüvvəyə minmiş qərarlarını qərəzli şəkildə icra etmədiyinə görə "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə cinayət işinə başlanılıb.

İstintaqla müəyyən edilib ki, Əvəz Zeynalov millət vəkili Gülər Əhmədovaya barəsində şəxsi və işgüzar nüfuzuna xələl gətirən məlumatların olduğunu, həmin materialların qəzet səhifələrində çap olunacağını bildirməklə hədə-qorxu gəlib və bu materialların qəzet səhifələrində çapının dayandırılması müqabilində 10 min manat rüşvət tələb edib.

Məsələ ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Əvəz Zeynallı barəsində CM-in 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi başlanılıb və o məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs olunub.

Bu qərar jurnalistlərin heç də üstün hüquqlara malik olmadığına, onların da qanunlara əməl etmək məcburiyyətində olduğuna bariz sübutdur. Əvəz Zeynallıya həmişə yazdığı "ölkədə qanunlar işləmir" tezisinin yalan olduğu sübut edildi. Məhkəmə qərarına və qəzetin saylarına baxıb dəqiq demək olar ki, "Xural" qəzeti "reket nəşr"lərin, Əvəz Zeynallı isə "reket jurnalist"lərin ən parlaq nümunəsidir.

Azərbaycan jurnalistikası belə hallara qarşı barışmaz olmalı, onun adına ləkə gətirən "Xural" kimi nəşrlərdən və Əvəz Zeynallı kimi yazarlardan təmizlənməlidir. Bunu etmədikcə, artıq belələrinin sayəsində korlanmış jurnalist imicinin cəmiyyətdə yenidən yüksəlməsini gözləməyə dəyməz.


Elnur Bayramov

Digər xəbərlər