PDF Oxu

Sosial

  • 24

Davamlı sosial-iqtisadi inkişaf

Davamlı sosial-iqtisadi inkişaf

ölkə Prezidenti cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Saatlı rayon icra hakimiyyəti başçısı yanında şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olundu. İclası giriş sözü ilə açan Saatlı rayon icra hakimiyyətinin başçısı Siracəddin Cabbarov rayonda görülən işlərdən və regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu həyata keçirilməsindən danışdı: "Ölkə Prezidenti İlham Əliyev regionlara etdiyi səfərlər çərçivəsində 3 dəfə rayonumuzda olmuş, görülən işlərlə maraqlanmış, əhali ilə görüşlər keçirərək qaldırılan hər bir məsələnin həlli ilə bağlı öz tapşırıqlarını verərək sərəncamlar imzalamışdır. Sözsüz ki, bütün bunlar rayon sakinlərinin böyük ruh yüksəkliyinə və əmək coşqunluğuna stimul vermiş, əmək kollektivlərini iqtisadiyyatda, sosial-mədəni həyatda daha mühüm nailiyyətlər qazanmağa ruhlandırmışdır. Bu ilin may ayının 5-də dövlət başçısı İlham Əliyev rayona növbəti dəfə səfər edərək Heydər Əliyev meydanında Ulu Öndərin abidəsini ziyarət etmiş, tikintisi başa çatmış Saatlı-Musalı-Məzrəli avtomobil yolunun, eyni zamanda, Saatlı Aqroservis filialının müasir baza kompleksinin açılışlarında iştirak etmiş, rayon sakinləri ilə görüşmüş, görülən işlərlə maraqlanaraq əhali tərəfindən qaldırılan hər bir məsələnin həlli ilə bağlı dərhal göstərişlər vermişdir. Bizim üçün daha sevindirici və əlamətdar haldır ki, cənab İlham Əliyev bölgəyə etdiyi səfərindən dərhal sonra, 11 və 12 may tarixlərində rayonumuzun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı 2 Sərəncam imzalamışdır. Bu sərəncamlara əsasən Saatlı rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə dair əlavə tədbirlərə uyğun olaraq Prezidentin Ehtiyat Fondundan 2 milyon manat, Saatlı rayonunda Olimpiya İdman Kompleksinin və Gənclər Mərkəzinin tikintisinə başlamaq məqsədi ilə Prezidentin Ehtiyat Fondundan ilkin olaraq 1 milyon manat vəsait ayrılmışdır".

Rayon rəhbərinin sözlərinə görə, 2009-2010-cu illər və cari ilin 6 ayı ərzində 1815 yeni iş yeri açılmışdır ki, bunun da 837-si daimi iş yerləridir. Rayonda bu il 21991,5 hektar sahədən 71315,0 ton məhsul yığılmış, 19530,5 hektar sahədən 64646,0 ton buğda məhsulu, 2461,0 hektar arpa əkini sahəsindən 6669,0 ton arpa məhsulu olmuşdur. Heyvandarlıq sahəsində də artım müşahidə olunmuşdur. 2011-ci ilin birinci yarısında 3399 ton ət, 17623 ton süd və 4563 min ədəd yumurta istehsal edilmişdir. Hazırda rayonda bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu mal-qara 65636 baş, o, cümlədən, ana inək və camışların sayı 30972 baş, qoyun və keçilərin baş sayı 93908 baş olmuşdur.

S.Cabbarov son illər rayonda irimiqyaslı işlərin görüldüyünü bildirərək söylədi ki, Kamallı kəndində 200 yerlik yeni məktəb binası istifadəyə verildi. Bundan əlavə, Novruzlu kəndi üçün salınmış yeni qəsəbədə müasir tələblərə cavab verən məktəb inşa edildi. 2013-cü il də daxil olmaqla qarşıdakı 3 ildə rayonda 7 yeni məktəb binasının tikintisi və 11 məktəbdə əsaslı təmir işlərinin aparılması Dövlət Proqramına daxil edilmişdir. Rayonun Genişkənd kəndində 180 yerlik ümumi orta məktəb binasının tikintisinə başlanılması nəzərdə tutulur.

Toplantıda əldə olunmuş nailiyyətlərlə yanaşı, həmçinin, həllini gözləyən digər problemlər və onların aradan qaldırılması yolları müzakirə olundu.


R.Hüseynova

Digər xəbərlər