PDF Oxu

Sosial

  • 18

Türkdilli Ölkələrin və Toplumların II Media Forumu

Türkdilli Ölkələrin və Toplumların II Media Forumu

Bakıda keçirilən Türkdilli Ölkələrin və Toplumların II Media Forumu çox ciddi hadisələrin və qərarların qəbul olunması ilə yadda qaldı. Tədbirə gələn qonaqlar Azərbaycan mətbuatının fəaliyyətindən razılıqlarını ifadə ediblər. Birmənalı mövqe isə ondan ibarət olub ki, Azərbaycan mətbuatının iş təcrübəsindən öyrənməli çox amil var.


Sevinc Seyidova,

"Həftə İçi" qəzetinin baş redaktoru:


- Türkdilli Ölkələrin və Toplumların Media Forumu ikinci dəfə idi ki, keçirilirdi. Bildiyiniz kimi, birinci dəfə bu forum Türkiyədə keçirilmişdi. İkinci dəfə isə bu forumun keçirilməsi Azərbaycanda qərara alınmışdır. Türkdilli Ölkələrin və Toplumların II Media Forumunun ölkəmizdə keçirilməsi biz mətbuat nümayəndələrinə çox yaxşı təsir bağışladı. Media işçiləri olaraq, dünyada baş verən bütün hadisələri izləyirik. Yəni, baş verən hadisələri izlədiyimiz kimi, mətbu orqanımızda da geniş şəkildə işıqlandırmağa çalışırıq. Forumun keçirilməsinin əsas məqsədi ondan ibarət idi ki, media nümayəndələri olaraq, məhz türkdilli ölkələrin və toplumların problemlərinə öz problemimiz kimi baxaq.

Türkdilli Ölkələrin və Toplumların II Media Forumuna ayrı-ayrı ölkələrdən gələn media nümayəndələrinin Azərbaycan mətbuatına olan münasibətləri müsbət idi. Bir sözlə, bu tədbirin keçirilməsi ilə əlaqədar olaraq, türkdilli ölkələrdən, respublikamıza gələn media nümayəndələri Azərbaycan mətbuatının iş fəaliyyətindən tam şəkildə razı qaldılar. Forum zamanı mətbuatla bağlı, bir çox məsələlər müzakirə olundu və müvafiq qərarlar qəbul olundu.


Aydın Quliyev,

"Bakı Xəbər" qəzetinin baş redaktoru:


- Türkdilli Ölkələrin və Toplumların II Media Forumunun Azərbaycanda keçirilməsi çox əlamətdar bir hadisədir. Demək olar ki, türkdilli ölkələrin ayrı-ayrı mətbuat modellərinin təhlili xarakteristikasının verilməsi çox önəmlidir. Türkdilli ölkələrdən olan mətbuat modellərinin əsasında, vahid bir mətbuat modelinin yaradılması sözügedən ölkələrdə KİV-lərin fəaliyyətinin koordinasiya olunması istiqamətində qərarların və ortaq layihələrin həyata keçirilməsi barədə fikirlərin səslənməsi çox önəmli idi. Bir sözlə, bu ölkələrdə, medianın əlaqələndirilməsi və onu əlaqələndirən qurumların yaradılması ilə bağlı fikirlər əhəmiyyət kəsb edir. Düşünürəm ki, Azərbaycanda keçirilən Türkdilli Ölkələrin və Toplumların II Media Forumunda iştirak edən türkdilli ölkələrin media nümayəndələri, ilk dəfə olaraq, bir türk yazarı kimi hansı strategiyanın vacib olduğunun şahidi oldular. Düşünürəm ki, həmin media nümayəndələri bundan sonrakı iş fəaliyyətlərində şahidi olduqları məsələləri öz yazılarında hiss etdirəcəklər. Türkdilli ölkələrin Bakı Forumu, gələcəkdə türkdilli ölkələrin vahid media modelinin və KİV ənənələrinin yaranmasında öz rolunu oynayacaq.

Türkdilli Ölkələrin və Toplumların II Media Forumunda çıxış edən hər bir ölkənin təmsilçisi, əsasən, özünün təmsil etdiyi ölkədəki medianın vəziyyətindən və inkişafından söhbət açdı. Düşünürəm ki, ölkəmizə gələn media nümayəndələrinin belə söhbət açmaları doğru bir yanaşmadır. Çünki nəzərə alsaq ki, hələ indiyə qədər türkdilli ölkələrin media nümayəndələrinin belə geniş tərkibdə toplantısı keçirilməmişdir. Demək olar ki, bu toplantıda hər bir təmsilçinin, məhz ölkəsində fəaliyyət göstərən medianın vəziyyəti barədə tədbirdə iştirak edən media nümayəndələrini tanış etməsi müsbət hal idi. Yəqin ki, növbəti mərhələlərdə türkdilli ölkələri bir-birinə mətbuat modellərinin təhlilinə daha çox fikir verəcəklər. Əlbəttə ki, Türkdilli Ölkələrin və Toplumların II Media Forumuna gələn ayrı-ayrı ölkələrin media nümayəndələri Azərbaycanda son bir neçə ildə formalaşmaqda olan mətbuat modelinin bir sıra maraqlı cəhətlərinə toxundular. Demək olar ki, Azərbaycan mətbuatının iş fəaliyyəti və təcrübəsi bir sıra iştirakçıların ciddi marağına səbəb oldu.


GÜLYANƏ AĞAKƏRİMOVA

Digər xəbərlər