PDF Oxu

Sosial

  • 26

Uğurlu işlər firavan həyatın təminatıdır

Uğurlu işlər firavan həyatın təminatıdır

Dünən Daşkəsən rayonunun sənaye, təhsil, səhiyyə müəssisələri, təsərrüfat xidmətləri, dini icmaların rəhbərlərinin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə rayonun icra hakimiyyəti başçısı yanında 2011-2012-ci illər payız-qış mövsümünə hazırlığın vəziyyəti barədə şuranın geniş tərkibli iclası keçirilib. İclası giriş sözü ilə açan Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev ilk öncə ölkəmizin BMT TŞ-yə qeyri-daimi üzv seçilməsi münasibəti ilə hər kəsi ürəkdən təbrik edib. O, bu hadisəni Azərbaycan diplomatiyasının qələbəsi kimi dəyərləndirib: "Təbii ki, bu uğurlu diplomatik qələbə Prezident İlham Əliyevin apardığı qətiyyətli beynəlxalq siyasətin məntiqi nəticəsidir. Ölkəmizin inkişafı Azərbaycan xalqını bundan da böyük qələbələrə doğru aparacaq".

Sonra ölkə Prezidenti İlham Əliyevin verdiyi sərəncamları əsasında qəbul edilmiş Regionların Sosial-İqtisadi İnkişafına dair Dövlət Proqramının əhəmiyyəti barədə çıxış edən Ə.Abıyev vurğulayıb ki, digər bölgələrdə olduğu kimi, Dövlət Proqramı Daşkəsən rayonunda da uğurla həyata keçirilməkdədir: "Rayonun bütün müvafiq idarə və müəssisələrində aparılan ardıcıl, davamlı işlər, bilavasitə, rayon əhalisinin güzəranının daha da yaxşılaşdırılmasına xidmət etməkdədir. Çünki görülən hər bir iş, həm də Daşkəsən rayonunun inkişafına, tərəqqisinə xidmət edir".

Ə.Abıyev görülmüş və görüləcək əhəmiyyətli işlər barədə məlumat verərək bildirib ki, təkcə 2011-ci ilin keçən dövrü ərzində Daşkəsən rayon paylayıcı elektrik şəbəkəsi, qaz istismar sahəsi, telekommunikasiya qovşağı, 22 saylı yol istismar idarəsi, təhsil, mədəniyyət və turizm şöbələri, rayon mərkəzi xəstəxanası, Daşkəsən şəhər su-kanal idarəsi, kommunal müəssisələr kombinatı, birləşmiş qazanxanalar və istilik şəbəkəsi sahəsi payız-qış mövsümünə hazırlıqla əlaqədar bir sıra vacib işlər görmüşlər.

Ə.Abıyev rayonun qaz istismar sahəsində də əhəmiyyətli işlərin görüldüyünü xatırladıb. Belə ki, rayon qaz istismar sahəsində payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planında nəzərdə tutulmuş 6 bənddən 5 bəndi yerinə yetirilmiş, 1 bənddə nəzərdə tutulmuş işlər isə davam etdirilir: "Tədbirlər planında may ayında nəzərdə tutulmuş tədbir 100 faiz yerinə yetirilmişdir. Yəni 5 ədəd təzyiq tənzimləyicisi əsaslı təmir olunaraq mövsümə uyğun tənzimlənmiş və profilaktik xidmət göstərilmişdir".

Ə.Abıyev bildirdi ki, mənzillərin daxilində olan 900 qaz sayğaclarından 650 ədədi pilləkən qəfəsinə çıxarılmışdır.

İclasda, xüsusilə, vurğulanıb ki, "Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində Daşkəsən şəhərində mövcud olan istiliklə təmin edilməsi mümkün olan 104 yaşayış binası haqqında bütün məlumatlar baş idarəyə təqdim edilmişdir. 2012-ci ildə 2 yeni qazanxana binasının tikintisi və şəhərdə 2 ərazidə yerləşən bir sıra yaşayış binalarında istilik sisteminin qurulması planlaşdırılmışdır. Həmçinin, yol-istismar sahəsində də mütəmadi işlər aparılmışdır Yol texnikaları və nəqliyyat vasitələri təmir edilərək saz vəziyyətə gətirilmişdir.

2011-2012-ci tədris ilində Daşkəsən rayon təhsil şöbəsində payız-qış mövsümünə hazırlıqla bağlı bir sıra işlərin görüldüyünü deyən Ə.Abıyev onu da bildirib ki, 2011-ci ildə yerli büdcə hesabına kənd məktəblərində cari təmir işləri aparılmışdır.

Sonda Daşkəsən rayon icra hakimiyyətinin başçısı Ə.Abıyev bir daha vurğulamışdır ki, bugünkü inkişaf mərhələsi Prezident İlham Əliyevin apardığı mütərəqqi siyasətin nəticəsidir.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər