PDF Oxu

Sosial

  • 20

Ölkəmizin iqtisadi qüdrəti artır

Ölkəmizin iqtisadi qüdrəti artır

ölkə Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan geniş iclasındakı nitqindən irəli gələn vəzifələr dünən Masallı rayon icra hakimiyyəti başçısı yanında şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olundu.

İclası giriş sözü ilə açan Masallı rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev əvvəlcə müşavirə iştirakçılarını Azərbaycanın BMT-nın Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə təbrik etmiş və bunu Azərbaycan diplomtiyasının böyük uğuru kimi dəyərləndirmişdir. Sonra cari ilin 9 ayında görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə etmişdir. İcra başçısı bildirmişdir ki, bu gün respublikamızın iqtisadi baxımdan dinamik inkişafı bütün sahələrin, o cümlədən də, qeyri-neft sektorunun inkişafı üçün geniş imkanlar açır. Cari ilin 9 ayında respublika üzrə ümumi daxili məhsul 0,5 faiz artmışdır. Bununla yanaşı qeyri neft sektorunda artım 8,2 faiz olmuşdur.

Q.Ağayev 2011-ci ilin 9 ayı ərzində sosial-iqtisadi inkişaf göstəricilərinə görə Masallı rayonu üçün uğurlu dövr olduğunu bildirib. Rayon rəhbərinin sözlərinə görə, rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 11,9 faiz artaraq 228 milyon manat olmuşdur.

Cari ildə 10 min 945 ha sahədən 31 min 326 ton taxıl toplandığını söyləyən Q.Ağayev rayonda maldarlığın inkişafı nəticəsində yüksək göstəricilər əldə olunduğunu vurğulayıb. Rayonda Dövlət Proqramı əsasında Təhsil Nazirliyi tərəfindən rayonun Yolağac və Hüseynhacılı kəndlərinin hər birində 180 şagird yerlik əsas məktəb binalarının tikintisinin aparıldığını deyən rayon rəhbəri Uşaq Gənclər Şahmat məktəbinin əsaslı təmirinin başa çatdırılaraq istifadəyə verildiyini söyləyib: "Hazırda rayonda daha 6 məktəb binasının tikintisinə, Gəyəçöl kənd uşaq bağçasının isə əsaslı təmirinə başlanılmışdır".

26796 nəfər əmək pensiyaçısının uçotda dayandığını deyən Q.Ağayev onu da bildirdi ki, onlardan 16819 nəfəri yaşa görə, 8358 nəfəri əlilliyə görə və 1619 nəfəri ailə başçısını itirdiyinə görə əmək pensiyası alanlardır. Eyni zamanda, cari ilin 9 ayı ərzində rayon ərazisində 1234 yeni iş yeri yaradılmışdır ki, bunun da 683-ü daimi iş yerləridir. Bundan əlavə, 2011-ci ildə Masallı şəhərinin şəhərdaxili yollarına 3,6 km, kəndarası və qəsəbədaxili yollara isə 2,7 km asfalt örtük döşənmişdir.

Cari ilin ölkə Prezidenti tərəfindən "Turizm ili" elan edildiyini deyən rayon rəhbəri rayonda turizm üçün əlverişli şəraitin olduğunu vurğulayıb: "Rayonda 31 turizm obyekti vardır ki, onlardan 26-nın lisenziyası vardır. Bu ilin oktyabr ayında Masallı rayonunun mərkəzində yerləşən Bayraq Meydanında müstəqilliyimizin 20 ili və "Turizm ili" çərçivəsində turizm sərgisi keçirilmişdir".

Müşavirədə rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini İsa Nuriyev, Masallı rayon icra hakimiyyəti başçısının Masallı şəhər ərazisi üzrə nümayəndəsi Laçın Sadıqzadə, Masallı elektrik şəbəkəsinin baş mühəndisi Miramin Mürsəlov ilin 9 ayında görülmüş işlərdən, qazanılmış nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışmışlar. Sonda görülən işlər və qarşıda duran vəzifələrlə əlaqədar müvafiq qərarlar qəbul edilmişdir.


R.Hüseynova

Digər xəbərlər