Dünən Bakı Pedaqoji Kadrları İxtisasartırma və Yenidənhazırlama İnstitutunda Bayraq Gününə həsr edilmiş "Dövlət Bayrağımız milli qürurumuzdur" adlı konfrans keçirildi.
Konfransı giriş sözü ilə açan institutun rektoru, professor Asəf Zamanov bildirdi ki, noyabr ayı bayramlar ayıdır. O, ilk növbədə, qarşıdın gələn milli bayramımız olan Qurban bayramı, 9 noyabr Bayraq Günü və eyni zamanda, 12 noyabr Konstitusiya Günü münasibətilə tədbir iştirakçılarının timsalında Azərbaycan xalqını təbrik etdi.
A.Zamanov bildirdi ki, 1918-ci il mayın 28-də Azərbaycan öz müstəqilliyini elan etdi, bununla Şərqdə ilk demokratik dövlətin əsası qoyuldu. Bu uzun sürən bir mübarizənin məntiqi sonluğu idi.
Tezliklə Azərbaycan Xalq Cümhuriyyəti demokratik islahatlara başlayaraq, Azərbaycanın 3 rəngli bayrağı, gerbi, dövlət himni qəbul olundu. Lakin Azərbaycan Xalq Cümhuriyyəti cəmi 3 ay yaşadı. İkinci dəfə Azərbaycanın dövlət bayrağı Ümummilli Lider Heydər Əliyev tərəfindən Naxçıvanda Ali Sovetin sədri olarkən qaldırıldı. Düz 70 il sonra ikinci dəfə Azərbaycan bayrağı dalğalandı. Bu gün Azərbaycanın müstəqilliyinin 20 illiyi silsilə tədbirlər şəklində keçirilməklə qeyd olunur. Müstəqillik dövründə Azərbaycanın inkişaf dövründən söz açan A. Zamanov bildirdi ki, dövlətimiz iqtisadi-sosial cəhətdən böyük bir inkişaf dövrü keçib. Son 8 il ərzində Azərbaycanda 2141 məktəb binası tikilərək, istifadəyə verilib.
O bildirdi ki, sevindirici haldır ki, bu günlərdə oktyabrın 24-də Azərbaycan Birləşmiş Millətlər Təşkilatını Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Əldə olunan nailiyyətlər Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu düzgün, uzaqgörən siyasətin və onun layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinin məntiqi nəticəsidir.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar-Siyasət Komitəsini sədri Eldar İbrahimov bildirdi ki, ilk dəfə 1918-ci ildə mayın 28-də qaldırılan dövlət bayrağımız, ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvanda elmi sessiyada Ümummilli Lider Heydər Əliyev tərəfindən qaldırıldı. Bu bayraq 21 ildir ki, Azərbaycan üzərində dalğalanır. Bu bizi əbədi və dönməz müstəqilliyimizə aparan yol idi. Bu gün uca zirvədə 162 metr hündürlükdə dalğalanan bayrağımız yenilməzdir. Bizim qürur yerimiz olan dövlət atributlarından biri Azərbaycan bayrağıdır. Ulu Öndər Heydər Əliyevin qurduğu Azərbaycan dövləti bizim qürur mənbəyimizdir. Biz fəxr etməliyik ki, belə bir dövlətdə yaşayırıq. Bu gün inkişaf etmiş Azərbaycan Avropa standarlarını qəbul etməməlidir. Azərbaycan yüksək sürətlə inkişaf edərək, dünya dövlətlərini ötüb keçmişdir.
YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək, qeyd etdi ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Azərbaycan Respublikasının Dövlət Bayrağının üst zolağı mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, türkçülük ideyası ilə bağlıdır. Qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə, müasirləşməni, inkişaf istəyini ifadə edir. Yaşıl rəng isə islam sivilizasiyasına, islam dininə mənsubluğu ifadə edir. İkinci dəfə təkrarən, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan bayrağını Naxçıvanda qaldırıldığını bir daha xatırladın V.Rəhimzadə bildirdi ki, Azərbaycan bayrağı hər dəfə dünya dövlətlərində dalğalananda bayrağımız dövlətimizin qüdrətindən xəbər verir. Gerbimiz, bayrağımız, dövlət himnimiz hər bir azərbaycanlının qürur mənbəyidir. O Bayraq Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək, onlara uğurlar arzuladı.
ZÜMRÜD BAYRAMOVA