PDF Oxu

Sosial

  • 19

ABŞ-ın Azərbaycanla bağlı növbəti qərəzli hesabatı

ABŞ-ın Azərbaycanla bağlı növbəti qərəzli hesabatı


Azərbaycanın sosial-iqtisadi inkişafı, tərəqqiyə nail olması, əhalinin yaşayış durumunun yaxşılaşması ilə yanaşı, onların hüquq və azadlıqlarının ən yüksək təminatına da imkanlar yaradır. Birmənalı şəkildə, demək olar ki, Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən demokratik proseslər Avropanın əksər ölkələrinə nümunə sayıla bilər. Çox təəssüf ki, bəzi beynəlxalq qurumlar Azərbaycanın əldə etdiyi uğuruları qəbul etmək istəməyərək məqsədli şəkildə ölkəmiz haqqında dünyada mənfi rəy yaradılmasına cəhdlər göstərir. Təəssüf və təəccüb yaradan hal ondan ibarətdir ki, həmin beynəlxalq təşkilatlara sapı özümüzdən olan baltalar, xüsusilə də, xaricdən maliyyələşən QHT-lər də yardımçı olmağa çalışırlar. Məhz həmin QHT-in təqdim etdikləri dezinformasiya xarakterli məlumat əsasında ABŞ Dövlət Departamenti guya Azərbaycanda insan alveri ilı bağlı problemin olması ilə əlaqədar hesabat açıqlayıb. Söhbət etdiyimiz millət vəkilləri, hər zaman olduğu kimi, bu dəfə də ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı qərəzli mövqe nümayiş etdirdiyini bildiriblər.


Eldar İbrahimov, millət vəkili:

- ABŞ Dövlət Departamentinin sonuncu hesabatının Azərbaycanla bağlı hissəsində ölkəmizə qarşı növbəti uydurma məlumatlar qeyd olunub. Hesabatda qərəzli şəkildi ölkəmiz insan alverinə məruz qalan dövlətlər sırasında ittiham edilir. Amma məlumatın konkret hansı mənbədən götürüldüyü açıqlanmır. Sadəcə, qeyd olunur ki, Azərbaycanda bu sahədə çox ciddi problemlər mövcuddur. Eyni zamanda, həm də tranzit bir ölkə kimi Azərbaycanın bu məsələdə iştirakı da qeyd olunub. Müasir dünyanın ən böyük problemlərindən biri olan insan alverinin Azərbaycanda da olması haqda yayılan məlumatlar tamamilə əsassızdır. ABŞ Dövlət Departamentinin bu məsələ ilə bağlı həyəcanlı şəkildə təqdim etdiyi hesabatın dezinformasiya olduğu açıq şəkildə görünür. ABŞ Dövlət Departamenti bu cür hesabatları hazırlayarkən rəsmi məlumatlara deyil, xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının məqsədli şəkildə təqdim etdikləri məlumatlara istinad edirlər. Bəllidir ki, "sapı özümüzdən olan baltalar" daim xarici maraqlı qüvvələrin çaldıqları havanı oynayıblar. Çünki həmin qüvvələrdən maliyyə yardımları alırlar. Bu halda onlar üçün Azərbaycanın milli və dövlətçilik maraqları arxa plana keçir. Azərbaycanda insan alveri ilə bağlı problemin olması ilə uydurulmuş məlumatın ABŞ Dövlət Departamentinə çatdırılmasını da həmin QHT-lər həyata keçiriblər.

Məlahət İbrahimqızı, millət vəkili;


- ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı belə bir qərəzli şəkildə hesabat yayması çox təəssüf və təəccüb yaradacaq bir məqamdır. Təbii ki, Dövlət Departamenti nədənsə, son zamanlar Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı qərəzli mövqedən çıxış edir. Bu hesabat da həmin qərəzli mövqeyin tərkib hissəsidir. Bir Azərbaycan vətəndaşı olaraq, ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanla bağlı qeyd olunan fikirlərdən tamamilə narazıyam. Çünki belə hallar qətiyyən Azərbaycanda yoxdur. Əgər çox az sayda varsa da, onun qarşısı dərhal hüquq-mühafizə orqanları tərəfindən çox ciddi şəkildə alınır. Ötən gün Milli Məclisdə "insan alverinə qarşı mübarizə"nin hesabatını da dinlədik. ABŞ Dövlət Departamentinin bildirdiyi insan alveri bu gün Azərbaycanda, demək olar ki, yox səviyyəsindədir. Departamentin hesabatı bir daha Amerikanın Azərbaycana qarşı qərəzli mövqe sərgiləməsini açıq-aydın nümayişi hesab oluna bilər. Birmənalı olaraq, bildirmək istəyirəm ki, ABŞ Dövlət Departamentinin Azərbaycan haqqında yaydığı hesabat qətiyyən reallığı əks etdirmir. Azərbaycan dövlətinin regionda artan rolu, nüfuzu müəyyən beynəlxalq təşkilatları Azərbaycan dövləti haqqında səhv, yanlış fikirlər yaymağa məcbur edir. Məlum hesabatda Azərbaycanla bağlı ciddi təhriflərə yol verilib. Bütün ölkələrə diqqətlə baxdıqda, əslində, hər yerdə xırda da olsa, nöqsanlar tapmaq mümkündür. Azərbaycan dövləti sürətlə, dinamik şəkildə inkişaf edir, insanların yaşayışı, sosial rifahı daim günü-gündən yaxşılaşır. Dövlətimiz insan hüquqlarının qorunması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri ardıcıl surətdə yerinə yetirir. Hansısa bir dövlətin ölkəmizdəki reallıqları tamamilə təhrif edən hesabat hazırlaması yalnız istehza doğurur.


AYLANA RZAYEVA

Digər xəbərlər