Dünən Lənkəran rayon icra hakimiyyətində 2011-ci ilin 9 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafi sahəsində görülmüş işlərə və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin 9 ayının yekunlarına həsr olunmuş iclas keçirilib.
İclası giriş sözü ilə açan Lənkəran rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimov cari ilin 9 ayı ərzində rayonda görülmüş işlərdən danışıb. O bildirdi ki, 2011-ci ilin 9 ayı ərzində ölkəmizin sosial-iqtisadi inkişafı uğurla davam etmiş, nəzərdə tutulmuş bütün proqram və layihələrin vaxtında icrası bu gün də təmin edilməkdədir: "Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə iqtisadi sahədə həyata keçirilən iqtisadi islahatlar nəticəsində ölkədə makro-iqtisadi vəziyyət sabit olmuş, ümumdaxili məhsul 0,5%, qeyri-neft sektoru 8,2%, kənd təsərrüfatı istehsalı 7,6 % artmış, böyük tikinti layihələri icra olunmuş, çoxlu sayda istehsal və sosial obyektlər istifadəyə verilmişdir. Ötən dövrdə respublikada işsizliyin səviyyəsi azalaraq, 5,5 % endirilmişdir. Ölkədə həyata keçirilən islahatlar rayonun sosial-iqtisadi inkişafına da müsbət təsir göstərmişdir".
Daha sonra iclasda məruzələr ətrafında çıxışlar dinlənilib. Qeyd olunub ki, 2011-ci il oktyabrın 1-nə Lənkəran rayonunun əhalisi 212031 nəfər olmuş və 9 ayda 20107 nəfər və yaxud 10 % artmışdır. Əhalinin 40 faizi şəhərdə, 60 faizi kəndlərdə yaşayır, 49,9 % kişi, 50,1 % qadınlardır. Cari ilin 9 ayında 1077 yeni iş yeri açılmışdır ki, onlardan da 760-ı daimidir. 2011-ci ilin 9 ayında rayon üzrə ümumi məhsul buraxılışı 14,1% artmış və 182,9 milyon manat təşkil etmişdir.
Sənayedə 16,2 milyon manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 2,3 dəfə çox məhsul istehsal olunmuşdur. Sənayenin qeyri-dövlət sektorunda istehsalının həcmi 2,8 dəfə artaraq, xüsusi çəkisi 79,2 %-ə çatmışdır. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi 33 milyon manat olmuşdur. Oktyabrın 1-i vəziyyətinə 1572 hektar sahədən 3129 ton taxil yığılmışdır. Mövsüm ərzində 7112 ton kartof, 123049 ton tərəvəz istehsal olunmuş və 114,4 ton yaşıl çay yarpağı toplanmışdır.
Nəqliyyatda özəl bölmənin inkişafı hesabına sərnişindaşıma 9,7 %, yükdaşımalar 5,5 % artmışdır. Rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara 1268,1 min manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 % cox rabitə xidməti göstərmişdir. Rayonda əsas telefon aparatlarının sayı 132 ədəd artaraq 31911 ədədə çatmışdır.
Bu ilin 9 ayında rayon Məşğulluq Mərkəzinə işlə təmin olunmaqdan ötrü 763 nəfər müraciət etmiş və onlar iş axtaran kimi qeydiyyata götürülmüşdür. 35 nəfərə işsiz statusu, 611 nəfərə isə işlə təmin olunmaq üçün göndəriş verilmişdir ki, onların da 439 nəfəri qadınlardır.
DSMF-nin Lənkəran şəhər şöbəsi 2011-ci ilin 9 ayında məcburi dövlət sığorta haqlarının yığımı üzrə proqnoza 101,8 faiz əməl etmişdir. Lənkəran şəhəri 2011-ci ildə Folklor Mərkəzi elan olunmuşdur. Bununla əlaqədar rayonda beynəlxalq və respublika səviyyəli elmi-praktik konfrans, dəyirmi masa, konsert, müsabiqə, festivallar, sərgi və digər tədbirlər keçirilmiş və ilin sonunadək bu işlər davam etdiriləcəkdir.
Çıxışlarda Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi üçün bütün imkanlardan səmərəli istifadə olunacağı barədə fikirlər dinlənilib. Sonda T.İbrahimov idarə və müəsissə rəhbərlərinə öz tapşırıq və tövsiyələrini verdi.
R.RƏSULOV