Dünən Nəsimi rayon icra hakimiyyətində ölkə Prezidenti cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Nəsimi rayon icra hakimiyyəti başçısı yanında şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olundu.
İclası giriş sözü ilə açan Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev ilk öncə müşavirə iştirakçılarını Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə təbrik etdi və bunu Azərbaycan diplomatiyasının böyük uğuru kimi dəyərləndirdi. Sonra cari ilin 9 ayında görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə etdi. N.Məhəməliyev respublikamızın iqtisadi baxımdan dinamik inkişafının bütün sahələrə, o cümlədən də, qeyri-neft sektorunun inkişafı üçün geniş imkanlar açdığını söylədi. Cari ilin 9 ayında respublika üzrə ümumi daxili məhsulun 0,5 faiz artdığını deyən rayon rəhbəri cari ilin yanvar-sentyabr aylarında ölkə üzrə qeyri-neft sektorunda 9,2 faiz, kənd təsərrüfatı sahəsində 7,6 faiz artım olduğunu bildirdi: "Bu da Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin təmin edilməsi üçün dövlət başçısı tərəfindən yürüdülən iqtisadi siyasətin məntiqi nəticəsidir. Bu, həm də onu göstərir ki, Azərbaycan iqtisadiyyatının neftdən asılılığı azalır, ölkədə tarazlı iqtisadi inkişafa nail olunur".
N.Məhəməliyev cari ilin 9 ayı ərzində rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrində də müəyyən uğurların əldə edildiyini bildirdi: "Ə.Qarayev adına Uşaq Xəstəxanasının əsaslı təmirdən sonra fəaliyyətini tam bərpa etməklə yanaşı, xəstəxananın həyətində, Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Korpusunda, "Nizami" kinoteatrında əsaslı təmir işləri aparılır. Rayonda 7 məktəb və 2 körpələr evi-uşaq bağçasında qısa müddətdə əsaslı təmir işlərinə başlanmış, yeni dərs ili ərəfəsində istifadəyə verilmişdir. Əsaslı təmir edilən daha 2 bağça yaxın günlərdə istifadəyə veriləcəkdir. 151 saylı məktəbdə 160 yerlik, 35 saylı məktəbdə isə 250 yerlik əlavə korpusların tikintisi davam etdirilir".
Rayonda abadlıq və yenidənqurma işlərinin aparıldığını vurğulayan N.Məhəməliyev bildirdi ki, cari ilin 9 ayı ərzində Nəsimi rayon icra hakimiyyəti tərəfindən Moskva prospekti, Asif Məhərrəmov, Cavadxan, Şıxliyar Abdullayev, Plotnikov, Eldar Tağızadə, Səməd Vurğun, Cəlil Məmmədquluzadə, H.Seyidzadə küçələrində və 7-ci Sverdlov döngəsində, ümumilikdə, 12.200 kv.m asfalt örtüyü vurulmuş, R.Behbudov küçəsinə 1500 kv.m tamet döşənmiş, ARDNŞ tərəfindən Ş.Bədəlbəyli küçəsi 106, Nizami küçəsi 118 və Azadlıq prospekti 18 saylı binaların 1300 kv.m fasadı və 12 eyvan təmir edilibdir: "Həmçinin, ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə "Zabitlər" parkının, "Bakıelektrikşəbəkə" ASC-nin inzibati binasının və 28 May küçəsi ilə Bül-Bül prospektinin kəsişməsində yerləşən yeraltı keçidinin açılışları olmuşdur. Rayon ərazisində Dağ Yəhudiləri İcması üçün sinaqoqun tikintisi başa çatmış, Hacı Əjdərbəy Məscidinin (Göy məscid) yeni korpusunun inşasına başlamaq üçün hazırlıq işləri tamamlanmış, 2 mərtəbəli yeraltı avtomobil dayanacağı tikilir. 20 Yanvar küçəsi 21B saylı binanın həyətində müasir tələblərə cavab verən yeni stadion yaradılır. Nəsimi rayon icra hakimiyyətinin Bakıxanov küçəsi, 243-cü məhəllədə yerləşən inzibati binasının tikintisi davam etdirilir".
Yığıncaqda Nəsimi rayon icra hakimiyyətinin başçısının müavini Anar Tağıyev, MKTB-nin rəisi Laçın Mustafayev, rayon enerji təchizatı və satışı idarəsinin rəisi Arif Məmmədov, rayon qaz istismar sahəsinin rəisi Eldəniz Həsənli, Nəsimi rayon su kanal sahəsinin rəisi Eyvaz Budaqov, 1 saylı istilik sistemlərinin istismarı sahəsinin rəisi Qadir Əliyev və başqaları çıxış edərək, rayonun 9 aylıq fəaliyyətini yüksək dəyərləndirdilər.
Həmçinin, iclasda əldə olunan nailiyyətlərlə yanaşı, həm də həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri barədə də məlumat verildi, vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olundu.
RƏFİQƏ KAMALQIZI