ATƏT-in xətti ilə Avstriyanın paytaxtı Vyana şəhərində müsəlmanlara qarşı ictimai məkanda dözümsüzlük və diskriminasiyanın neytrallaşdırılması məsələlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına istinadən, konfrans hazırda ATƏT-ə sədrlik edən Litva Respublikası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu tərəfindən birgə təşkil edilib.
Konfransın keçirilməsində əsas məqsəd milli və dini əlamətlərə görə dözümsüzlük və diskriminasiya hallarının aradan qaldırılmasına xidmət edən üsulların tədqiq edilməsi və sosial həmrəyliyin bərqərar olunmasına gətirib çıxaran əməli ölçülərin işlənib hazırlanmasından ibarət idi. Bununla bərabər, tədbir ictimaiyyətdə mövcud olan antimüsəlman hallarına diqqəti cəlb etmək, belə halların fərdi təhlükəsizliyə və sosial əlaqələrə təsirini araşdırmaq və müsbət təcrübəni yaymaq məqsədi də daşıyıb.
Konfransa ATƏT-in üzvü olan 56 ölkədən 150 nəfərə yaxın dövlət və hökumət rəsmisi, siyasətçilər, peşəkar jurnalistlər və vətəndaş cəmiyyətinin müxtəlif qurumlarının nümayəndələri qatılıb. Tədbirdə Azərbaycanın ATƏT yanındakı Daimi Nümayəndəliyinin katibi Aysel Yaqubova da iştirak edib. Litvanın qeyri-hökumət təşkilatları isə Litva Azərbaycanlıları Cəmiyyəti və Litva Tatarları İcmaları Birliyi ilə təmsil olunub.
Konfransı giriş sözü ilə açan Litva xarici işlər nazirinin müavini Evaldas İgnataviçyus vurğulayıb ki, dözümsüzlük və diskriminasiya halları ilə yalnız prosesdə iştirak edən tərəflərin hamısının ümumi səyləri hesabına mübarizə aparmaq olar. Təəssüflər olsun ki, müsəlmanlara qarşı həmlələrə məruz qalma hallarında həm siyasətçilər, həm də ki, kütləvi məlumat vasitələri siyasi idarə olunma ilə bağlı vəzifələrin öhdəsindən kifayət dərəcədə gələ bilmirlər.
ATƏT-in Baş katibi Lamberto Zannieris məruzəsində qeyd edib ki, hər hansı etnik qrupa qarşı milli, dini və yaxud digər zəmin əsasında nifrət etmək və ədavət bəsləmək, fanatizm hisslərini şövqləndirmək ATƏT icmalarının başlıca dəyərlərinə ziddir. O, müsəlmanlara qarşı dözümsüzlük və diskriminasiya beynəlxalq xarakter daşıyır və ona görə də bu hallara qarşı birgə əməkdaşlığa əsaslanan və həm region, həm də ki, beynəlxalq səviyyədə hazırlanan ümumi cavab vermək lazımdır, - deyə bildirib. Avstriyanın Avropa və Beynəlxalq Münasibətlər Nazirliyinin xarici əlaqələr üzrə Baş katibi Joannes Kyrle, ATƏT-in Baş katibinin İslam Konfranslarını təşkil etmək məsələləri üzrə xüsusi müşaviri Ömür Orhun, ATƏT-in Parlament Assambleyasının Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər üzrə Komitəsinin sədri Matteo Mecacci, müsəlmanlara qarşı dözümsüzlük və diskriminasiya ilə mübarizə məsələləri üzrə ATƏT sədrinin təmsilçisi Adil Axmetov konfransda məruzələrlə çıxış ediblər. Müzakirələrdə Litva Azərbaycanlıları Cəmiyyətinin sədri və Litva Milli İcmalar Şurasının rəhbəri Mahir Həmzəyev "Litvada islamofobiyanın kökləri, çağdaş durum və problemin həlli yolları" mövzusunda çıxış edib. Sonra məruzələr ətrafında müzakirələr aparılıb, fikir mübadiləsi və çıxışlar olub.
NƏZAKƏT